Moskvada yanacaq qıtlığı rublun dəyərinə təzyiq göstərir

Moskvanın bəzi ərazilərində və ətraf bölgələrdə yanacaq satışına yenidən məhdudiyyətlər qoyulub. Neft emalı zavodlarında yaranan fasilələr və artan idxal rubl üzərində təzyiqi artırır, bu da Rusiya iqtisadiyyatına əlavə yük yaradır.

Yanacaq çatışmazlığı may ayında başlayıb və iyul ayınadək Rusiyanın əksər regionlarına yayılıb. Moskvadakı yanacaqdoldurma məntəqələrində isə iyun ayında tətbiq olunan məhdudiyyətlər qismən yüngülləşdirilmişdi.

Ukrayna Rusiyanın enerji gəlirlərini azaltmaq və hərbi potensialını zəiflətmək məqsədilə neft emalı zavodlarına zərbələr endirir.

Rusiya hakimiyyəti daxili bazarda yanacaq ehtiyatlarını artırmaq üçün benzin və dizel ixracını qadağan edib. Hökumət həmçinin yanacağın keyfiyyət tələblərini yumşaldıb və neft məhsulları idxalına başlayıb.

Avqustun 19-da bir neçə yanacaqdoldurma məntəqəsində uzun növbələr yaranıb. Bəzi məntəqələr bağlanıb, bəziləri isə yalnız dizel satıb.

Rusiyanın neft şirkəti “Gazprom Neft” Moskvadakı avtomatlaşdırılmış yanacaqdoldurma məntəqələrində hər müştəriyə 40 litrdən çox yanacaq satılmadığını bildirib. Digər məntəqələrdə isə bir avtomobil üçün benzin satışı 60 litrlə məhdudlaşdırılıb.

“Rosneft” şirkəti  ölkə üzrə öz məntəqələrində hər avtomobilə 30 litrədək benzin satıldığını açıqlayıb. “Tatneft” şirkəti isə limiti 50 litr müəyyən edib.

 “Lukoil” şirkəti də  Moskvada və ətraf regionda məhdudiyyətlərin tətbiq olunduğunu təsdiqləyib. Şirkət buna yüksək tələbatı və neft emalı zavodlarında planlaşdırılmamış təmir işlərini səbəb göstərib.

Yanacaq tapmaq getdikcə çətinləşir

Sürücülər bir neçə yanacaqdoldurma məntəqəsinə getsələr də, benzin tapa bilmədiklərini deyiblər.

Moskva sakini bildirib: “Artıq beş yanacaqdoldurma məntəqəsinə getmişik, amma yanacaq yoxdur. Keçən həftə var idi, indi isə yenə tapılmır.”

Sakin növbədə təxminən 20 dəqiqə gözlədiyini deyib. Onun sözlərinə görə, ilk cəhdində yanacağın qalmadığını bildiriblər. Daha sonra yenidən məntəqəyə qayıdanda benzinin satışa çıxdığını görüb.

Taksi sürücüsü Marat yanacaq tapmağın çox çətin olduğunu bildirib. O deyib ki, sürücülər yanacaq üçün Moskvanın müxtəlif ərazilərinə getməli, sonra isə növbədə iki-üç saat gözləməli olurlar.

Yanacaq qıtlığı səbəbindən avtomobillər “Gazpromneft” yanacaqdoldurma məntəqəsində növbəyə dayanıb. Moskva, Rusiya, 14 avqust 2026-cı il.
Reuters/Anastasia Barashkova
Rubl üzərində təzyiq

Təzyiq valyuta bazarında da hiss olunur. Rubl may ayından bəri dollar qarşısında təxminən 20 faiz dəyər itirib. Həftənin əvvəlində banklararası bazarda dollar qarşısında 85,44 səviyyəsinə düşən rubl 2025-ci ilin sentyabr ayından bəri ən zəif göstəricisini qeyd edib. London Fond Birjası Qrupunun (LSEG) məlumatına görə, saat 14:27-də bir dollar 84,95 rubl olub.

“Bank Saint Petersburg” bankının analitikləri yanacaq idxalı ilə bağlı xarici valyuta alışlarının rubl üzərində təzyiq yaratdığını bildiriblər. Rusiyanın maliyyə və investisiya şirkəti “Finam”ın analitikləri isə neft şirkətlərinin pilotsuz uçuş aparatlarının zərər vurduğu obyektlərin təmiri üçün avadanlıq almaq məqsədilə xarici valyutaya ehtiyac duyduğunu qeyd ediblər.

Rusiyanın ixracı ikinci rübdə 126 milyard dollara çatıb. Lakin bu, rublu dəstəkləməyə kifayət etməyib. Mərkəzi Bankın məlumatına görə, ən böyük ixracatçıların xarici valyuta satışları iyul ayında 2,22 milyard dollara düşüb. Bu, 2022-ci ildən bəri ən aşağı göstəricidir. Rusiyanın idxalı isə iyun ayında illik müqayisədə 26 faiz artıb.

Gömrük məlumatlarına görə, ikinci rübdə avtomobil idxalı 21 faiz yüksəlib. Yanvar-may aylarında əsasən Çindən gətirilən yeni şarj edilə bilən hibrid avtomobillərin satışı da illik müqayisədə 125 faiz artıb. Yanacaq qıtlığı bəzi alıcıları elektrik avtomobillərinə yönəldib.

“Sberbank”ın analitikləri rublun 2026-cı ilin sonunadək dollar qarşısında 88,20-yə qədər zəifləyəcəyini gözləyirlər. Onların proqnozuna görə, 2027-ci ilin sonunda bir dollar 97 rubla yaxın ola bilər. “Finam” isə rublun 18-20 sentyabr ayında keçiriləcək parlament seçkiləri ərəfəsində sabitləşə biləcəyini bildirib.

Teqlər