Nigeriyanın “Dangote” neft emalı zavodu 47 milyard dollar dəyərləndirilir

Nigeriyanın “Dangote” neft emalı zavodu 47 milyard dollar dəyərləndirilir
“Dangote Group”un prezidenti və baş icraçı direktoru Aliko Danqote “Dangote” neft emalı zavodunun ilkin kütləvi təklifinin (IPO) ilk günündə. Nigeriya, 14 sentyabr 2026-cı il.
Reuters

Nigeriyalı milyarder Aliko Danqotenin neft emalı zavodunun səhmləri ilk dəfə ictimaiyyətə təklif olunur. “Reuters”in hesablamalarına görə, IPO zavodun dəyərini təxminən 47 milyard dollar müəyyən edir.

İlkin kütləvi təklif (IPO) çərçivəsində “Dangote Petroleum Refinery & Petrochemicals” şirkətinin 4,1 milyard yeni səhmi satışa çıxarılıb. Hər səhmin qiyməti 525 nayra, yəni təxminən 0,40 ABŞ dolları müəyyən edilib. Oktyabrın 13-dək davam edəcək satışdan təxminən 1,6 milyard dollar vəsaitin cəlb olunması gözlənilir.

Fərdi investorlar maliyyə texnologiyaları tətbiqləri və rəqəmsal investisiya platformaları vasitəsilə minimum 10 səhm ala bilərlər. Bunun ümumi dəyəri təxminən 4 dollardır. Satışdan sonra şirkətin səhmlərinin 87 faizi Aliko Danqotenin mülkiyyətində qalacaq.

Mübahisəli qiymətləndirmə

“Reuters”in hesablamalarına görə, IPO zavodu təxminən 47 milyard dollar dəyərləndirir. Bu rəqəm müəssisənin 20 milyard dollarlıq tikinti xərcindən iki dəfədən çoxdur.

Laqos şəhərinin kənarında yerləşən zavod 2024-cü ildə istehsala başlayıb. Bundan sonra Nigeriya emal olunmuş neft məhsullarının xalis ixracatçısına çevrilib. Zavod hazırda ölkədə benzin və dizel yanacağı tələbatının böyük hissəsini, aviasiya yanacağına tələbatı isə tam təmin edir.

Danqote üç il ərzində zavodun gündəlik emal gücünü təxminən iki dəfə artıraraq 1,4 milyon barelə çatdırmağı planlaşdırır. Genişlənmənin qismən IPO-dan əldə olunan vəsait və borclanma hesabına maliyyələşdirilməsi nəzərdə tutulur.

Səhmlərin noyabrda Nigeriya Birjasında ticarətə çıxarılması gözlənilir.

Teqlər