BVF: Azərbaycan iqtisadiyyatı 2027-ci ildə 2,3 faiz böyüyəcək

BVF: Azərbaycan iqtisadiyyatı 2027-ci ildə 2,3 faiz böyüyəcək
Beynəlxalq Valyuta Fondunun (BVF) baş qərargahında qurumun loqosu. Vaşinqton, ABŞ, 24 noyabr 2024-cü il.
Reuters

Beynəlxalq Valyuta Fondunun (BVF) proqnozlarına görə, Azərbaycan iqtisadiyyatı 2026-cı ildə 1,7 faiz, 2027-ci ildə isə 2,3 faiz böyüyəcək. Qafqaz və Mərkəzi Asiyada ümumi artım tempinin zəifləməsi fonunda Azərbaycanda iqtisadi artımın tədricən sürətlənəcəyi gözlənilir.

BVF-nin 2026-cı ilin oktyabrında açıqladığı “Regional iqtisadi perspektivlər” hesabatına əsasən, Qafqaz və Mərkəzi Asiyada iqtisadi artım 2025-ci ildəki 6,2 faizdən bu il 5,2 faizə, 2027-ci ildə isə 5 faizə enəcək.

Azərbaycanda isə 2025-ci ildə qeydə alınan 1,4 faizlik artımdan sonra yüksəlişin tədricən sürətlənəcəyi proqnozlaşdırılır. Bununla belə, fond ölkə üzrə 2026-cı il artım proqnozunu aprel ayı ilə müqayisədə bir qədər aşağı salıb. Buna neft sektorundakı təchizat məhdudiyyətləri və iqtisadiyyata daha az stimul verən fiskal siyasət səbəb kimi göstərilir.

Anewz
Regionda neft idxalçıları daha sürətlə böyüyür

BVF Qafqaz və Mərkəzi Asiyada iqtisadi artımın nisbətən güclü qalacağını gözləyir. Lakin neft idxal edən və ixrac edən ölkələr üzrə proqnozlar əhəmiyyətli dərəcədə fərqlənir.

Regionun neft idxalçısı olan ölkələrində iqtisadi artımın 2026-cı ildə 7,6 faiz, 2027-ci ildə isə 6,4 faiz təşkil edəcəyi gözlənilir. Neft ixracatçılarında isə artımın bu il 3,7 faizdən gələn il 4,1 faizə yüksələcəyi proqnozlaşdırılır.

Fond Gürcüstan, Qırğızıstan, Tacikistan və Özbəkistanın iqtisadi perspektivlərinin yaxşılaşmasını nəzərə alaraq neft idxalçıları üzrə 2026-cı il artım proqnozunu aprel ayı ilə müqayisədə 1,5 faiz bəndi artırıb. İnvestisiyaların, pul köçürmələrinin və kapital axınlarının bu ölkələrə regional münaqişələrin mənfi təsirlərini kompensasiya etməkdə kömək edəcəyi gözlənilir.

Neft ixracatçıları arasında Qazaxıstan iqtisadiyyatının bu il 4,4 faiz, Türkmənistanın 2,4 faiz, Azərbaycanın isə 1,7 faiz böyüyəcəyi proqnozlaşdırılır. Neft sektorundakı təchizat çətinlikləri səbəbindən hər üç ölkə üzrə artım proqnozu aşağı salınıb. Azərbaycanda əlavə amil kimi fiskal siyasətin sərtləşməsi göstərilir.

Yüksək neft gəlirləri Azərbaycanın xarici iqtisadi mövqeyini gücləndirir

BVF yüksək neft gəlirləri hesabına Azərbaycanın xarici iqtisadi mövqeyinin 2026-cı ildə aprel proqnozunda nəzərdə tutulduğundan daha çox yaxşılaşacağını gözləyir.

Fondun hesablamalarına görə, xam neftin orta qiyməti 2026-cı ildə bir barel üçün təxminən 96 dollar olacaq. Apreldə bu göstərici 82,20 dollar səviyyəsində proqnozlaşdırılmışdı. 2027-ci il üzrə qiymət proqnozu isə 76 dollardan təxminən 87 dollara yüksəldilib.

Yüksək enerji qiymətləri Azərbaycanın ixrac gəlirlərini və xarici balansını gücləndirə bilər. Bununla belə, neft sektorundakı təchizat məhdudiyyətləri real ümumi daxili məhsulun (ÜDM) artımını ləngidir.

BVF Azərbaycanın bu il və növbəti illərdə büdcə dayanıqlığını gücləndirməyə yönəlmiş fiskal konsolidasiya siyasətini davam etdirəcəyini gözləyir. Fondun proqnozuna görə, ölkədə iqtisadi artım 2031-ci ildə 2,5 faizə çatacaq.

Anewz
Körfəz ölkələrində iqtisadi kiçilmə gözlənilir

Qafqaz və Mərkəzi Asiya üzrə proqnozlar Yaxın Şərqdəki münaqişədən birbaşa təsirlənən Körfəz ölkələrinin iqtisadi perspektivlərindən fərqlənir.

BVF Körfəz Əməkdaşlıq Şurasına (KƏŞ) üzv ölkələrin ümumi iqtisadiyyatının 2025-ci ildəki 4,5 faizlik artımdan sonra 2026-cı ildə 4,8 faiz kiçiləcəyini proqnozlaşdırır.

Küveyt iqtisadiyyatının 16,7 faiz, Qətərin 15,6 faiz, Bəhreynin isə 11,3 faiz kiçiləcəyi gözlənilir. Səudiyyə Ərəbistanı və BƏƏ üzrə azalma proqnozları müvafiq olaraq 3,3 faiz və 3,9 faizdir. Oman iqtisadiyyatının isə 4,1 faiz böyüyəcəyi ehtimal olunur.

Fond bu geriləməni karbohidrogen hasilatı və ixracındakı fasilələr, ticarət və logistika fəaliyyətinin zəifləməsi, eləcə də biznes inamının azalması ilə əlaqələndirir.

Bərpa münaqişənin səngiməsindən asılıdır

BVF Yaxın Şərq, Şimali Afrika, Əfqanıstan və Pakistanı əhatə edən regionda iqtisadiyyatın 2026-cı ildə 1,3 faiz kiçiləcəyini, 2027-ci ildə isə 6,6 faiz böyüyəcəyini proqnozlaşdırır. Bu bərpa enerji hasilatı və ticarətinin tədricən normallaşmasından asılıdır.

Fondun baza ssenarisinə görə, fasilələr 2027-ci ilin birinci rübünədək davam edəcək, bundan sonra Hörmüz boğazından daşımalar tədricən bərpa olunacaq.

Lakin BVF xəbərdarlıq edir ki, hərbi əməliyyatların yenidən şiddətlənməsi və ya enerji nəqli marşrutlarının bağlanması iqtisadi itkilərin davam etməsinə və enerji qiymətlərinin daha da yüksəlməsinə səbəb ola bilər.

Gözlənilən bərpaya baxmayaraq, münaqişədən birbaşa təsirlənən ölkələrdə 2026–2030-cu illər üzrə məcmu istehsal həcminin münaqişədən əvvəlki proqnozlardan aşağı qalacağı bildirilir.

Teqlər