Qaz uğrunda qlobal rəqabət: Moskva sammitində nələr gündəmdədir?

Qaz uğrunda qlobal rəqabət: Moskva sammitində nələr gündəmdədir?
Rusiya Prezidenti Vladimir Putin Qaz İxrac Edən Ölkələr Forumunda (GECF) çıxış edir. Moskva, Rusiya, 27 oktyabr 2026-cı il.
Reuters

Rusiya Prezidenti Vladimir Putin Moskvada keçirilən Qaz İxrac Edən Ölkələr Forumunun (GECF) VIII sammitinə ev sahibliyi edir. Kremlin məlumatına görə, sammitdə liderlər təbii qazın qlobal enerji təhlükəsizliyindəki rolunu müzakirə edəcək və yekun bəyannamə qəbul edəcəklər.

İran Prezidenti Məsud Pezeşkian da forumda iştirak edir. Tədbir çərçivəsində onun Rusiya Prezidenti Vladimir Putinlə görüşü nəzərdə tutulub. Müşahidəçi statusuna malik Azərbaycanın da forumda çıxış edəcəyi gözlənilir.

Qaz İxrac Edən Ölkələr Forumu nədir?

Qaz İxrac Edən Ölkələr Forumu dünyanın aparıcı təbii qaz istehsalçısı olan ölkələri birləşdirir. Forum 2001-ci ildə İranın paytaxtı Tehranda yaradılıb.

2008-ci ildə Moskvada təşkilatın nizamnaməsi imzalanıb və GECF beynəlxalq təşkilat kimi rəsmiləşdirilib. Təşkilatın mənzil-qərargahı Qətərin paytaxtı Dohada yerləşir. Daimi katiblik 2009-cu ildə fəaliyyətə başlayıb.

Qaz İxrac Edən Ölkələr Forumunun nazirlər toplantısı. Moskva, Rusiya, 26 oktyabr 2026-cı il.
Azertac

Tamhüquqlu üzvlər Əlcəzair, Boliviya, Misir, Ekvatorial Qvineya, İran, Liviya, Nigeriya, Qətər, Rusiya, Trinidad və Tobaqo, Birləşmiş Ərəb Əmirlikləri və Venesueladır.

Anqola, Azərbaycan, İraq, Malayziya, Mavritaniya, Mozambik, Peru və Seneqal isə təşkilatda müşahidəçi statusuna malikdir.

Müharibə Rusiyanın qaz ixracını necə dəyişib?

Avropa Komissiyasının məlumatına görə, Avropa İttifaqının (Aİ) Rusiyadan qaz idxalı 2021-ci ildəki 152 milyard kubmetrdən 2025-ci ildə 36 milyard kubmetrə düşüb.

Rusiyadan Avropaya qaz nəqlinin həyata keçirildiyi əsas marşrutların əksəriyyəti artıq fəaliyyət göstərmir. 2022-ci ildə “Şimal axını” qaz kəmərlərində partlayışlar baş verib. “Yamal–Avropa” kəməri ilə qaz nəqli isə Rusiya ilə Polşa arasındakı mübahisə səbəbindən dayanıb.

2025-ci il yanvarın 1-də tranzit müqaviləsinin müddəti başa çatdıqdan sonra Rusiya qazının Ukrayna üzərindən Avropaya nəqli dayandırılıb.

“Reuters”in hesablamalarına görə, 2025-ci ildə Rusiyanın boru kəmərləri vasitəsilə Avropaya qaz ixracı 44 faiz azalaraq 1970-ci illərin ortalarından bəri ən aşağı səviyyəyə düşüb.

Hazırda “Türk axını” Rusiyadan Avropaya təbii qaz nəqlinin davam etdiyi yeganə birbaşa boru kəməri marşrutudur. 2025-ci ildə isə Norveç Avropa İttifaqının ən böyük qaz təchizatçısı olub.

İran qlobal qaz bazarında hansı rolu oynayır?

İran təbii qaz ehtiyatlarının həcminə görə dünyada Rusiyadan sonra ikinci yerdədir. Lakin ABŞ sanksiyaları ölkənin qaz ixracını genişləndirməsini ləngidib.

Fevralda başlayan ABŞ–İran müharibəsi də qlobal qaz bazarında ciddi dəyişikliklərə səbəb olub.

İranın hücumları Fars körfəzindəki qaz infrastrukturuna ziyan vurub. Martda Qətərin Ras Laffan sənaye kompleksinə endirilən zərbə iki mayeləşdirilmiş təbii qaz (LNG) istehsal xəttini ciddi şəkildə zədələyib.

“QatarEnergy” şirkətinin məlumatına görə, nəticədə ölkənin LNG ixrac gücünün təxminən 17 faizi sıradan çıxıb.

Məlumatlara görə, Hörmüz boğazından gəmi keçidinin məhdudlaşdırılması Qətərin mayeləşdirilmiş təbii qaz (LNG) ixracının kəskin azalmasına səbəb olub. Normal şəraitdə dünyada ixrac olunan LNG-nin təxminən beşdə biri bu boğazdan daşınır.

Aprelin 8-də ABŞ və İran arasında atəşkəs barədə razılıq əldə olunub. Bu xəbərdən sonra Avropada təbii qazın qiyməti 18 faiz ucuzlaşıb. Lakin Hörmüz boğazından gəmi keçidində problemlər hələ də davam edir.

İranın Qətərin enerji infrastrukturuna hücumlarından sonra yaranan gərginliyə baxmayaraq, hər iki ölkə GECF-də təmsil olunur.

Azərbaycan qaz bazarı ilə bağlı nə deyir?

Forumda müşahidəçi statusuna malik Azərbaycanı energetika naziri Pərviz Şahbazov təmsil edir.

Energetika naziri Pərviz Şahbazov oktyabrın 26-da keçirilən nazirlər toplantısında qlobal qaz bazarındakı çətinliklərdən, təbii qazın enerji təhlükəsizliyindəki rolundan, investisiya ehtiyaclarından və Azərbaycanın qaz siyasətindən danışıb.

Azərbaycanın energetika naziri Pərviz Şahbazov. Fotonun çəkildiyi tarix və məkan məlum deyil.
Azertac

“Gələcəkdə etibarlı qaz təchizatını təmin etmək üçün investisiya qərarları indidən qəbul edilməlidir”, – deyə Şahbazov bildirib.

Nazirin sözlərinə görə, geosiyasi gərginlik, qazın nəql marşrutlarında təhlükəsizlik riskləri və enerji siyasətindəki dəyişikliklər bazarda qeyri-müəyyənliyi artırır.

Şahbazov Azərbaycan qazının Avropa bazarlarına çatdırılmasını təmin edən Cənub Qaz Dəhlizini uğurlu əməkdaşlıq nümunəsi kimi göstərib.

Daha ətraflı: 

Teqlər