AnewZ Səhər xülasəsi: 9 iyul 2026

AnewZ Səhər xülasəsi: 9 iyul 2026
Rreuters

Məlumatlı olmaq üçün gününüzə "AnewZ Səhər Xülasəsi" ilə başlayın. 9 iyul üçün bilməli olduğunuz əsas xəbərləri təqdim edirik.  

Hörmüz boğazında gərginlik artır: ABŞ İrana yeni zərbələr endirib

ABŞ ordusu İrana qarşı əlavə raket zərbələri endirib. Rəsmi Vaşinqton bildirib ki, əməliyyat yük gəmilərinə hücumlardan sonra Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyini təmin etmək məqsədi daşıyır. İran buna cavab olaraq ABŞ hərbi bazalarının yerləşdiyi Küveyt və Bəhreynə raketlər və pilotsuz uçuş aparatları ilə zərbələr endirib. Qarşılıqlı zərbələr tərəflər arasındakı son anlaşma memorandumunun müharibəyə son qoyacaq uzunmüddətli razılaşmaya çevrilməsini sual altına qoyub. Gərginliyin artmasından sonra neft bahalaşıb. Rəsmi Vaşinqton və Tehran strateji əhəmiyyətli Hörmüz boğazına nəzarət etməklə bağlı qarşılıqlı təhdidlər səsləndirirlər.

Tramp Suriyanı ABŞ-nin terrorizmi dəstəkləyən dövlətlər siyahısından çıxarmağı planlaşdırır

ABŞ Prezidenti Donald Tramp suriyalı həmkarı Əhməd əl-Şəraaya bildirib ki, Vaşinqton Suriyanı terrorizmi dəstəkləyən dövlətlər siyahısından çıxarmağı planlaşdırır. Konqressin qərarı 45 gün ərzində nəzərdən keçirməsi tələb olunur. Bu, Suriyanın beynəlxalq maliyyə və dəstək alması ilə bağlı qadağaları yumşalda bilər. Suriya rəsmiləri qərarı müsbət qarşılayıblar. Bildirilir ki, ölkənin iqtisadi bərpasına və qlobal iqtisadiyyata yenidən inteqrasiyasına töhfə veriləcək. Tramp administrasiyası və Körfəz ölkələrinin Suriyanın illərlə davam edən münaqişədən sonra beynəlxalq təcridinin azaldılması istiqamətində addımlar atır. Sözügedən açıqlama məhz bu vaxta təsadüf edir.

NATO liderləri öhdəliklərdən konkret addımlara keçir

NATO-nun Baş katibi Mark Rutte bildirib ki, Ankarada keçirilən sammit alyans üçün dönüş nöqtəsi olub. Onun sözlərinə görə, üzv ölkələr kollektiv müdafiəni gücləndirmək üçün öhdəliklərdən konkret addımlara keçirlər. Liderlər hərbi imkanların artırılması və müdafiə istehsalının genişləndirilməsi barədə razılığa gəliblər. Onlar həmçinin 2035-ci ilədək müdafiə və təhlükəsizlik xərclərinin ümumi daxili məhsulun 5 faizinə çatdırılmasını razılaşdırıblar. Ukraynadakı müharibə gündəmdəki əsas məsələlərdən biri olaraq qalıb. NATO Kiyevə davamlı dəstəyini bir daha təsdiqləyib və əlavə hərbi yardım məsələlərini də müzakirə edib. Sammitdə həmçinin müdafiə sənayesinin gücləndirilməsi və təhlükəsizlik sahəsində gələcək çağırışlara hazırlıq diqqət mərkəzində olub.

Venesuelada zəlzələlər nəticəsində ölənlərin sayı 3 811-ə çatıb

İyunun 24-də Venesuelada baş verən iki zəlzələ nəticəsində ölənlərin sayı 3 811-ə çatıb. Rəsmi məlumatına görə, 16 700-dən çox insan yaralanıb, 18 000-dək nəfər evsiz qalıb. Prezident səlahiyyətlərini müvəqqəti icra edən Delsi Rodriqes sanksiyaların yumşaldılmasına çağırıb. O bildirib ki, ölkənin xarici banklarda dondurulmuş aktivləri bərpa işlərinin maliyyələşdirilməsinə kömək edə bilər. ABŞ, Avropa İttifaqı və digər ölkələr illərdir siyasi və təhlükəsizlik sahələrində problemlər səbəbindən Venesuelaya qarşı sanksiyalar tətbiq edir. Rodriqes həmçinin vurğulayıb ki, bərpa işlərinə dəstək məqsədilə İngiltərə Bankında saxlanılan Venesuelaya məxsus qızılın geri qaytarılması vacibdir.

Konqo Demokratik Respublikasında Ebola yoluxmaları 1 700-ü keçib

Rəsmi məlumata görə, Konqo Demokratik Respublikasında təsdiqlənmiş Ebola yoluxmalarının sayı 1 759-a çatıb, 600 nəfərin ölümü qeydə alınıb. Virusun Bundibugyo ştammının səbəb olduğu epidemiya yayılmaqda davam edir. Səhiyyə rəsmiləri müalicə mərkəzlərinə təzyiqin artdığı və səhiyyə resurslarının məhdud olduğu barədə xəbərdarlıq edirlər. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və beynəlxalq tərəfdaşlar epidemioloji müşahidə, təmasda olmuş şəxslərin izlənməsi və ictimai maarifləndirmə kampaniyaları da daxil olmaqla mübarizə tədbirlərinə dəstək göstərirlər. Potensial müalicə üsulları üzrə klinik sınaqlar davam edir. Hazırda bu ştamma qarşı təsdiqlənmiş vaksin və ya xüsusi müalicə vasitəsi yoxdur.   

Teqlər