Ərdoğan NATO liderlərinə üzərində adları həkk olunmuş tapança hədiyyə edib

Ərdoğan NATO liderlərinə üzərində adları həkk olunmuş tapança hədiyyə edib
Reuters

NATO liderlərinin hər birinə Türkiyə Prezidenti tərəfindən üzərində adları həkk olunmuş tapança hədiyyə edilib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada keçirilən sammitdə NATO liderlərinin hər birinə üzərində adları həkk olunmuş revolver tipli tapança hədiyyə edib.

Böyük Britaniyanın Baş naziri Kir Starmer də bu hədiyyəni alan iştirakçılardan biri olub.

Vəzifəsini tərk etməkdə olan Britaniya baş naziri revolverini Türkiyədə saxlayıb. Silahın Böyük Britaniyaya aparılmazdan əvvəl döyüş sursatı ilə atəş açmasının mümkün olmaması üçün yararsız hala gətiriləcəyi gözlənilir.

Ərdoğan odlu silahın Türkiyədən qanuni şəkildə çıxarıla bilməsi üçün ixrac nəzarəti tələblərini ləğv edib. Lakin işlək odlu silahın Böyük Britaniyaya idxalı hələ də qanunsuz sayılır.

Belçika Baş Nazirinin Ofisi ölkənin baş naziri Bart De Veverə hədiyyə edilən revolverin fotosunu sosial şəbəkədə paylaşıb.

Fotoda qutuda yerləşdirilmiş silah, altı güllə və üzərində Türkiyə bayrağı olan kart görünür.

Litva Prezidentinin Ofisi də ölkə Prezidenti Gitanas Nausedaya verilən revolverin fotolarını yayıb.

Hədiyyə ilə birlikdə təqdim olunan kartda belə yazılıb: “Türkiyə Respublikası Prezidentindən ehtiramla.”

Kanada hökuməti bildirib ki, ölkənin baş naziri Mark Karninin aldığı tapança yararsız hala gətirilməsi üçün Kanada Kral Atlı Polisinə təhvil verilib.

Kanadanın milli ictimai yayımçısı CBC adı açıqlanmayan yüksək vəzifəli rəsmiyə istinadən bildirib ki, Karninin aldığı hədiyyə Kanadada muzeyə verilə bilər.                 

Teqlər