canlı Müctəba Xamenei atasının ölümünün qisasını alacağını bildirib

Müctəba Xamenei atasının ölümünün qisasını alacağını bildirib
Reuters

İranın ali rəhbəri Müctəba Xamenei atasının öldürülməsinin qisasını alacağını bildirib. ABŞ Prezidenti Donald Tramp isə bu həftə hərbi qarşıdurmanın genişlənməsinə baxmayaraq, rəsmi Tehran və Vaşinqtonun danışıqları davam etdirmək barədə razılığa gəldiyini deyib.

⦿ 18:09 | YENİLƏNİB

Omana səfər edən Əraqçı Hörmüzdə təhlükəsiz gəmiçiliyi müzakirə edəcək

 

İranın xarici işlər naziri Abbas Əraqçı Omana səfər edib. Səfərin məqsədi Hörmüz boğazından keçən gəmilərin təhlükəsiz hərəkətinin təmin olunması ilə bağlı danışıqlar aparmaqdır.

ABŞ İrandan boğazdakı gəmiçilik yollarının açıq və ödənişsiz saxlanmasını, həmçinin kommersiya gəmilərinə hücumların dayandırılmasını tələb edir.

Danışıqlar keçən ay əldə olunan aralıq razılaşmadan sonra keçirilir. Məqsəd beşinci ayına daxil olan, minlərlə insanın ölümünə və qlobal enerji bazarlarında ciddi pozuntulara səbəb olan münaqişədə gərginliyi azaltmaqdır.

⦿ 15:25 GMT | SON DƏQİQƏ XƏBƏRİ 
İranın ali rəhbəri: Qisas mütləq alınmalıdır
Reuters

İranın ali rəhbəri Müctəba Xamenei fevralın sonunda ABŞ və İsrailin zərbələri nəticəsində öldürülən atası, mərhum ali rəhbər Əli Xameneinin qisasını alacağını bildirib.

Xamenei qisasın İran xalqının tələbi olduğunu və bunun “mütləq həyata keçirilməli” olduğunu vurğulayıb.

O əlavə edib ki, İran “şəhid rəhbərin və bu iki müharibədə həlak olan bütün şəxslərin qanının qisasını cinayətkar və rüsvay olmuş günahkarlardan almağı” öhdəsinə götürüb. 

⦿ 13:12 | YENİLƏNİB

Səudiyyə Ərəbistanı və ABŞ rəsmiləri regional məsələləri müzakirə ediblər

Source

Səudiyyə Ərəbistanının xarici işlər naziri şahzadə Faysal bin Fərhan və ABŞ dövlət katibi Marko Rubio telefon danışığı zamanı regiondakı son prosesləri müzakirə ediblər. Bu barədə Krallığın Xarici İşlər Nazirliyi məlumat yayıb.

Nazirliyin “X” sosial şəbəkəsində yaydığı açıqlamada bildirilib ki, tərəflər regionda təhlükəsizlik və sabitliyin təmin olunması üçün koordinasiyanın və birgə məsləhətləşmələrin davam etdirilməsinin vacibliyini vurğulayıblar.

Danışıqların məzmunu ilə bağlı əlavə məlumat verilməyib.

⦿ 12:50 | YENİLƏNİB

ABŞ İranla razılaşmanı zənginləşdirilmiş uranın təhvil verilməsi ilə şərtləndirir

ABC News

İranla mümkün razılaşmanın əldə olunması üçün rəsmi Tehran ABŞ zərbələri nəticəsində dağıntılar altında qalan zənginləşdirilmiş uranı təhvil verməlidir. Bu barədə ABŞ rəsmisi ABC News telekanalına bildirib.

“Ya nüvə materialının qalıqlarını bizə təhvil verəcəklər, ya da onun həmişəlik yerin altında qalmasını təmin etmək üçün az xərc tələb edən hərbi variantlarımız var”, – rəsmi qeyd edib.

⦿ 11:34 | YENİLƏNİB

İran rəsmisi: BƏƏ məsuliyyətə cəlb olunmalıdır

Kazem Qəribabadi / “X”

İran xarici işlər nazirinin müavini Kazem Qəribabadi bildirib ki, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) “İrana qarşı hərbi təcavüzə dəstək verməkdə” oynadığı rola görə cavab verməlidir.

O, “X” sosial şəbəkəsindəki paylaşımında bildiirb ki, rəsmi Vaşinqtonun BƏƏ-yə qarşı tətbiq olunan ixrac nəzarəti məhdudiyyətlərini yumşaltması Əmirliklərin münaqişədəki rolunu təsdiqləyir.

“Bu, Vaşinqtonun rəsmi etirafı və Əbu-Dabinin rolunu ifşa edən sənəddir. Bu, birbaşa beynəlxalq məsuliyyət və hüquqi nəticələr doğurur. BƏƏ məsuliyyətə cəlb olunmalıdır”, – Qəribabadi yazıb. 

⦿ 10:19 | YENİLƏNİB

Tehran vilayətinin şərqində partlayış səsi eşidilib

İran dövlət mediası yerli rəsmiyə istinadən bildirib ki, Tehran vilayətinin şərqində eşidilən partlayış səsi müharibədən qalan sursatın nəzarətli şəkildə məhv edilməsi ilə bağlı olub.

Bildirilir ki, əməliyyat vətəndaşlar üçün heç bir təhlükə yaratmayıb və hər hansı insident qeydə alınmayıb.

⦿ 09:56 | YENİLƏNİB

İran rəsmisi silahlı qüvvələrin sayıqlığını vurğulayıb

 

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Baqai bildirib ki, ölkənin silahlı qüvvələri ölkə sərhədlərində, sahilyanı ərazilərdə və strateji obyektlərdə düşmən fəaliyyətini diqqətlə izləyir.

Baqai “X” sosial şəbəkəsində paylaşım edərək hərbçilərin sayıqlığını tərifləyib. O bildiirb ki,  onların fəaliyyəti İranın təhlükəsizliyini və sabitliyini qorumağa xidmət edir.

Onun sözlərinə görə, silahlı qüvvələr öz fəaliyyəti ilə “əziz İranın təhlükəsizliyini və əmin-amanlığını qoruyur”.


⦿ 08:25 | YENİLƏNİB

Səudiyyə Ərəbistanının vəliəhdi və ABŞ prezidenti İran danışıqlarını müzakirə ediblər

Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salman ABŞ Prezidenti Donald Trampla telefon danışığı aparıb. Səudiyyə Ərəbistanının rəsmi xəbər agentliyi SPA-nın məlumatına görə, tərəflər rəsmi Vaşinqton və Tehran arasında aparılan danışıqlar da daxil olmaqla regional prosesləri müzakirə ediblər.

SPA bildirib ki, telefon danışığında “Səudiyyə Ərəbistanı Krallığı ilə Amerika Birləşmiş Ştatları arasındakı əməkdaşlıq münasibətləri və onların müxtəlif sahələrdə inkişaf etdirilməsi yolları” nəzərdən keçirilib.

Məlumata görə, tərəflər, həmçinin bir sıra regional və beynəlxalq məsələləri müzakirə edərək fikir mübadiləsi aparıblar.

⦿ 07:42 | YENİLƏNİB

Tramp: İran ABŞ prezidentinə qarşı sui-qəsdə cəhd edərsə, raketlərimiz zərbəyə hazırdır

ABŞ Prezidenti Donald Tramp bildirib ki, İran hakimiyyəti ABŞ prezidentinə qarşı sui-qəsd törədərsə və ya buna cəhd göstərərsə, İrana zərbələr endirməyə hazır olmaq barədə orduya göstəriş verib.

“İran hökuməti dünyanın müxtəlif yerlərində səsləndirdiyi, ABŞ-nin fəaliyyətdə olan prezidentinə — yəni bu halda mənə — qarşı sui-qəsd törətmək və ya buna cəhd göstərmək hədəsini həyata keçirərsə, İran İslam Respublikasına yönəldilmiş 1 000 raket tam döyüş hazırlığındadır. Onların ardınca dərhal minlərlə əlavə raket buraxılacaq”, — Tramp “Truth Social” platformasındakı paylaşımında bildirib.

⦿ 07:15 | YENİLƏNİB

ABŞ İranla bağlı yeni sanksiyalar tətbiq edib

Sanksiyalar Dubayda yaşayan iranlı bankir və iş adamı Əli Ənsarini əhatə edib. O, daha əvvəl İran İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) və digər qurumlara dəstək verdiyinə görə Böyük Britaniyanın sanksiyalarına məruz qalıb.

ABŞ Maliyyə Nazirliyinin məlumatına görə, Ənsari dövlət vəsaitləri hesabına əldə olunan sərvəti xaricdə daşınmaz əmlak və kommersiya aktivlərindən ibarət geniş portfelə yönəldib. Bununla da o, özünün, İranın hakim elita nümayəndələrinin və SEPAH-ın varlanmasına şərait yaradıb.

ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC), həmçinin İranda fəaliyyət göstərən üç valyuta mübadiləsi şirkətinə və qanunsuz fəaliyyəti ört-basdır etmək məqsədilə xaricdə yaradılan örtük şirkətlərinə qarşı sanksiyalar tətbiq edib.

Bildirilir ki, həmin qurumlar sanksiyaya məruz qalmış İran banklarının adından hər il milyardlarla dollar köçürüb. İran hökumətinin qanunsuz fəaliyyətini gizlətmək üçün isə çoxsaylı formal şirkətlərdən istifadə olunub.

⦿ 06:45 | YENİLƏNİB

Pakistan ABŞ ilə ticarət danışıqlarında irəliləyiş əldə olunub

 

Pakistan və ABŞ qarşılıqlı ticarət sazişinin hazırlanması istiqamətində irəliləyiş əldə ediblər. Bu barədə Pakistyan Xarici İşlər Nazirliyi məlumat yayıb. Bu, Vaşınqtonda iki gün davam edən danışıqların nəticəsində mümkün olub.

İslamabad nümayəndə heyətinə rəhbərlik edən Pakistanın ticarət katibi Cavad Pol danışıqları “müsbət” qiymətləndirib və əldə olunan “mühüm irəliləyişi" yüksək dəyərləndirib.

⦿ 06:13 | YENİLƏNİB

ABŞ İrandan Hörmüz boğazındakı hücumları dayandırmağı tələb edir

 

ABŞ rəsmiləri son günlər iki ölkə arasında aparılan danışıqların məhsuldar olduğunu bildiriblər. Onlar bu açıqlamanı az sayda jurnalistin iştirakı ilə keçirilən telefon brifinqində veriblər.

“Biz iranlılardan Hörmüz boğazındakı bütün keçidlərin açıq olduğunu və artıq gəmilərə atəş açmadıqlarını təsdiqləyən açıq bəyanat yaymağı tələb edirik. Ya bu bəyanatı verəcəklər, ya da nəticə onlar üçün yaxşı olmayacaq”, — ABŞ rəsmilərindən biri bildirib.

Yüksək vəzifəli ABŞ rəsmisinin sözlərinə görə, İran Vaşinqtona Hörmüz boğazında gəmilərə qarşı son hücumların “sistemin nəzarətdən çıxmış bir hissəsi” tərəfindən həyata keçirildiyini bildirib.

Teqlər