UNESCO: 113 ölkə borc ödənişlərinə təhsildən daha çox vəsait ödəyir

UNESCO: 113 ölkə borc ödənişlərinə təhsildən daha çox vəsait ödəyir
Reuters

UNESCO xəbərdarlıq edib ki, hazırda 100-dən çox ölkə təhsilə ayırdığı vəsaitdən daha çoxunu borcların ödənilməsinə sərf edir. 

Təşkilat hökumətləri və beynəlxalq kreditorları borcun təhsilə yönəldilməsi mexanizmlərindən daha geniş istifadə etməyə çağırıb.
BMT-nin ixtisaslaşmış qurumunun məlumatına görə, ümumilikdə təxminən 6,1 milyard insanın yaşadığı 113 ölkə əhalinin təhsilinə deyil, borcların qaytarılmasına daha çox vəsait ayırır.
Aşağıgəlirli ölkələrdə borc ödənişləri təhsil xərclərini təxminən dörd dəfə üstələyir. Borc yükü ən yüksək olan 18 ölkədə isə bu göstərici təhsil büdcəsindən azı beş dəfə çoxdur.
UNESCO bildirib ki, borcun təhsilə yönəldilməsi mexanizmləri ölkələrə borcları yenidən maliyyələşdirməyə və ya azaltmağa kömək edə bilər. Bunun hesabına əldə olunan qənaət məktəblərin tikintisinə, müəllim hazırlığına və şagirdlərə dəstək proqramlarına yönəldilə bilər.
Təşkilat nümunə kimi 2023-cü ildə Fransa ilə imzalanmış və Kot-d’İvuarda 30-dan çox məktəbin tikintisini maliyyələşdirməyə kömək etmiş sazişi, eləcə də on il ərzində 50 təhsil layihəsinin maliyyələşdirildiyi İspaniya–Peru proqramını göstərib.
Qurum, həmçinin təhsilə beynəlxalq dəstəyin azaldığı barədə xəbərdarlıq edib. UNESCO-nun Qlobal Təhsilin Monitorinqi Hesabatına görə, 2027-ci illə qədər təhsilə ayrılan qlobal yardım 30 faizədək azala bilər.
Qurum əlavə edib ki, aşağı və aşağı-orta gəlirli ölkələr artıq təhsilin maliyyələşdirilməsində illik təxminən 97 milyard dollarlıq çatışmazlıqla üzləşirlər.
UNESCO-nun Baş direktoru Xalid əl-Ənani bildirib ki, təhsil ölkələrin həyata keçirə biləcəyi ən mühüm investisiyalardan biri olaraq qalır. O, innovativ maliyyələşdirmə alətlərinin genişləndirilməsi üçün daha güclü siyasi dəstəyə çağırıb.

Teqlər