Rusiyanın Kiyevə raket zərbəsi nəticəsində 10 mülki şəxs yaralanıb

Rusiyanın Kiyevə raket zərbəsi nəticəsində 10 mülki şəxs yaralanıb
Reuters

Rusiya şənbə günü səhər saatlarında Ukraynanın paytaxtına çoxsaylı ballistik raketlər atıb. Rəsmilərin məlumatına görə, hücum nəticəsində azı on nəfər yaralanıb. 

Zərbə rəsmi Kiyevin Rusiyanın hücumlarına qarşı mübarizə üçün yeni tədarükləri gözlədiyi və hava hücumundan müdafiə sursatı çatışmazlığı ilə üzləşdiyi bir vaxtda baş verib.

“Reuters”ə danışan şahid hava həyəcanı elan edilməzdən əvvəl səhər saatlarında şəhərdə ardıcıl güclü partlayış səsləri eşidildiyini bildirib.
Ukrayna Hərbi Hava Qüvvələrinin məlumatına görə, Rusiya altı ballistik raket, altı qanadlı raket və 121 pilotsuz uçuş aparatı ilə hücum edib. Onlardan azı iki qanadlı raket və 111 PUA vurulub.

Ukrayna raketləri zərərsizləşdirməkdə çətinlik çəkir
“Patriot” hava hücumundan müdafiə sistemləri üçün sursat ehtiyatı kritik həddə azalan Ukrayna son bir ay ərzində səsdən bir neçə dəfə sürətli hərəkət edən ballistik raketləri böyük ölçüdə zərərsizləşdirə bilməyib.

Rusiya son həftələrdə paytaxta hücumlarını intensivləşdirib. Bu ayın əvvəlindən Kiyev və ətraf bölgələrə endirilən zərbələr nəticəsində 60-dan çox insan həlak olub. 

Reuters

Şəhər Hərbi Administrasiyasının “Telegram”da yaydığı məlumata görə, şənbə günü baş verən hücum nəticəsində rayonlardan birində qeyri-yaşayış binasına ziyan dəyib. Digər rayondan tüstü qalxıb, ofis binasında isə yanğın başlayıb.

Kiyev meri Vitali Kliçko transformator yarımstansiyasında da yanğın baş verdiyini bildirib. Bəzi yaşayış binalarının pəncərələri zərbənin təsirindən sınıb.
Ukrayna Hərbi Hava Qüvvələrinin məlumatına görə, ölkə üzrə ümumilikdə 11 məntəqə zərbəyə məruz qalıb.

Teqlər