İspaniyanın cənubunda ölümcül meşə yanğınının söndürülməsinə başlanılıb

İspaniyanın cənubunda ölümcül meşə yanğınının söndürülməsinə başlanılıb
Reuters

İspaniyanın cənub-şərqində son illərdə ən çox insan tələfatına səbəb olan meşə yanğınlarından birinin tam söndürülməsinə start verilib.

Yanğınsöndürənlər alovun yayılmasının qarşısını almaq üçün müdafiə xarakterli tədbirlərdən alovun aktiv şəkildə söndürülməsi mərhələsinə keçiblər.

Rəsmilərin “mürəkkəb” kimi qiymətləndirdiyi alovun daha sıx məskunlaşmış sahilyanı ərazilərə yayılmasının qarşısı alınıb. Lakin dağlıq ərazilərdəki mürəkkəb relyef səbəbindən yanğın yayılmaqda davam edir.

İndiyədək yanğın nəticəsində azı 12 nəfər həlak olub, 1 400-dən çox insan təxliyə edilib. Rəsmilər qurbanların əksəriyyətinin Böyük Britaniya və Belçika vətəndaşları, onlardan birinin isə İspaniya vətəndaşı olduğunu ehtimal edirlər. Qurbanların şəxsiyyətinin müəyyənləşdirilməsi üçün DNT nümunələri paytaxt Madridə göndərilib.

Rəsmi məlumata görə, yanğın nəticəsində səkkiz nəfər yaralanıb. Onlardan dördünün vəziyyəti ağırdır. Yeddi nəfər isə itkin düşüb. Təsdiqlənməmiş məlumata əsasən, itkin düşənlərin sayı xeyli yüksəkdir. 

İndiyədək təxminən 6 600 hektar ərazi yanıb. Yanğınla mübarizəyə 500-dən çox yanğınsöndürən, fövqəladə hallar əməkdaşı və hərbi bölmə cəlb olunub.

İspaniyadakı yanğın bu yay Cənubi Avropada baş verən bir neçə böyük yanğından biridir. Uzunmüddətli isti və quraq hava şəraiti Aralıq dənizi regionunda meşə yanğınları riskini artırıb.

Teqlər