Böyük Britaniya “Dizelqeyt” iddialarını rədd edib

Böyük Britaniya “Dizelqeyt” iddialarını rədd edib
Reuters/Peter Nicholls

Beş aparıcı avtomobil istehsalçısı dizel avtomobillərində qanunsuz "aldadıcı qurğular"ın quraşdırılması iddiaları üzrə Böyük Britaniya Ali Məhkəməsində 1,6 milyon nəfərin qaldırdığı davanın ilk mərhələsində qələbə qazanıb.

Məhkəmə “Mercedes”, “Ford”, “Peugeot-Citroën”, “Renault” və “Nissan” şirkətlərinə qarşı irəli sürülən iddiaların əksəriyyətini rədd edib. Qərarda bildirilib ki, araşdırılan avtomobillərin çoxunda tətbiq edilən emissiyalara nəzarət strategiyaları Böyük Britaniya qaydalarına əsasən qanunsuz “testdən yayınma qurğuları” hesab edilmir.

Məhkəmə işi 20 nümunə avtomobil üzərində aparılan araşdırmaya əsaslanıb. İddiaçılar istehsalçıların rəsmi sınaqlar zamanı emissiyaları azaltmaq, adi sürüş şəraitində isə daha yüksək emissiyalara imkan vermək üçün proqram təminatından istifadə etdiyini bildiriblər.

Məhkəmə müəyyən edib ki, hər hansı qurğunun qadağan olunmuş “testdən yayınma qurğusu” hesab edilməsi üçün emissiyalara nəzarət sisteminin sınaq zamanı qəsdən fərqli işləməsi sübuta yetirilməlidir

Reuters

İddiaçıları təmsil edən vəkillər çıxarılan qərardan apellyasiya şikayəti vermək imkanını nəzərdən keçirdiklərini bildiriblər. Onların sözlərinə görə, məhkəmə qanuna Avropanın digər ölkələrində tətbiq edilən yanaşmadan xeyli daha məhdud şərh verib.

Bununla belə, məhkəmə qərarında bəzi istisnalar da müəyyən edilib. Məhkəmə bəzi “Mercedes” avtomobillərində istifadə olunan və 2015-ci ildə proqram təminatının yenilənməsi ilə aradan qaldırılan qurğunun qaydaları pozduğunu bildirib.

Həmçinin “Peugeot-Citroën”in bəzi Avro-5 standartlarına mailk dizel modellərində tətbiq edilən “yanacağın mərhələlərlə püskürdürülməsi” emissiya strategiyasının da qanunvericiliyə zidd olduğu qənaətinə gəlinib.

“Mercedes-Benz” şirkətinin nümayəndəsi qərarı müsbət qarşılayaraq məhkəmənin “böyük ölçüdə şirkətin xeyrinə” qərar verdiyini bildirib. Bununla belə, avtomobil istehsalçısı əleyhinə çıxarılan qərarın bir hissəsi ilə razılaşmadığını və mümkün apellyasiya şikayəti də daxil olmaqla, hüquqi variantları nəzərdən keçirdiyini açıqlayıb.

“Stellantis”ə məxsus “Peugeot” və “Citroën” brendləri isə onlara qarşı irəli sürülən iddialardan yalnız birinin təmin edildiyini və apellyasiya şikayəti vermək üçün icazə istəmək imkanını nəzərdən keçirdiklərini bildiriblər.

“Stellantis” bütün avtomobillərinin qüvvədə olan emissiya qaydalarına uyğun olduğu barədə qəti mövqeyini qoruyur”, - deyə istehsalçının bəyanatında deyilir. Məhkəmənin müəyyən etdiyi pozuntuların hüquqi nəticələrini və mümkün kompensasiya məbləğini müəyyənləşdirmək üçün növbəti məhkəmə prosesi oktyabra təyin edilib.

Bu iş İngiltərə və Uels məhkəmələri tarixində ən böyük qrup iddiasıdır.

Xatırladaq ki, məhkəmə prosesi Almaniyanın “Volkswagen” şirkətinin emissiya sınaqlarını saxtalaşdırdığını etiraf etdiyi və daha sonra Böyük Britaniyadakı avtomobil sahiblərinin iddiaları üzrə razılaşmaya gəldiyi genişmiqyaslı “Dizelqeyt” qalmaqalından sonra başlayıb.

Teqlər