Tacikistan qışa hazırlıq məqsədilə elektrik enerjisi ixracını azaldır

Tacikistan qışa hazırlıq məqsədilə elektrik enerjisi ixracını azaldır
Reuters

Tacikistan ötən il yaşanan mövsümi enerji çatışmazlığından sonra daxili elektrik təchizatını yaxşılaşdırmaq məqsədilə qış ərəfəsində elektrik enerjisi ixracını azaldacaq və su ehtiyatlarını artıracaq.

Energetika və su ehtiyatları naziri Daler Juma bildirib ki, ölkədə elektrik enerjisi çatışmazlığı davam etsə də, əhali əvvəlki istilik mövsümü ilə müqayisədə daha sabit elektrik təchizatı ilə təmin olunmalıdır.

Onun sözlərinə görə, hökumət soyuq aylarda tələbatın pik həddə çatmasından əvvəl elektrik enerjisi sistemini gücləndirmək üçün bir sıra tədbirlər görür.

Hazırlıq tədbirləri Tacikistanın su qıtlığı ilə üzləşdiyi dövrə təsadüf edir. Jumanın sözlərinə görə, mütəxəssislər su səviyyəsinin aşağı olmasını iqlim dəyişikliyi ilə əlaqələndirirlər. Buna görə də hökumət payız-qış mövsümündə hidroenerji istehsalını dəstəkləmək məqsədilə anbarlarda su ehtiyatını artırmağı və enerji ixracını azaltmağı planlaşdırır.

Rəsmilər, həmçinin əhali və müəssisələri günəş panelləri quraşdırmağa çağırırlar. Tövsiyə olunur ki, xüsusilə tələbatın ən yüksək olduğu saatlarda elektrik enerjisindən daha səmərəli istifadə olunsun. 

Daler Juma deyib ki, ötən qış tətbiq olunan tədbirlərdən istifadə edilməklə maksimum yüklənmə dövrlərində elektrik enerjisi istehlakına müvəqqəti məhdudiyyətlər yenidən tətbiq oluna bilər.

O, əlavə edib ki, ölkənin elektrik şəbəkəsində təmir-bərpa işləri yekunlaşdırılıb. Həmçinin qarşıdakı istilik mövsümü üçün texniki hazırlığın görüldüyü diqqətə çatdırılıb. Hökumət bu tədbirlərin ən soyuq aylarda enerji sisteminə düşən yükü azaltmağa kömək edəcəyinə ümid edir.

Mövsümi elektrik enerjisi çatışmazlığı Tacikistanda uzun illərdir davam edən problem olaraq qalır. Hökumət adətən oktyabr ayından aprelədək elektrik enerjisinin verilməsinə məhdudiyyətlər tətbiq edir ki, bundan da ilk növbədə kənd əraziləri əziyyət çəkir.

Çatışmazlığa hidroenerji istehsalı üçün su ehtiyatlarının azalması və ölkə daxilində tələbatın davamlı artması səbəb olur.

Hazırkı tədbirlər ölkənin qarşıdakı qış mövsümünü daha az itki ilə keçirməsinə yönəlib. Buna baxmayaraq, rəsmilər problemin uzunmüddətli həllinin enerji istehsalı gücünün artırılmasından asılı olduğunu bildirirlər.

Ümumi görüntüdə Tacikistanın paytaxtı Düşənbənin şərqində, Vaxş çayı üzərində yerləşən Roqun Su Elektrik Stansiyasının ilk turbininin işə salınması ərəfəsində tikinti sahəsi görünür, 14 noyabr 2018-ci il. Reuters/Nozim Kalandarov
Reuters

Hökumətin strategiyasının mərkəzində Tacikistanın gələcək enerji müstəqilliyinin əsas dayağı hesab etdiyi Roqun Su Elektrik Stansiyası dayanır.

Ölkə rəhbərliyi dəfələrlə bildirib ki, üçüncü hidroaqreqatın istismara veriləcəyi 2027-ci ilədək mövsümi elektrik məhdudiyyətlərinə son qoyulmalıdır.

Vaxş çayı üzərində Roqun layihəsinin tikintisinə 1987-ci ildə başlanılıb. Amma Sovet İttifaqının dağılması və Tacikistanda vətəndaş müharibəsinin başlamasından sonra 1990-cı illərdə işlər dayandırılıb.

2000-ci illərin əvvəllərində layihənin yenidən canlandırılması üçün bir neçə cəhd göstərilsə də, işlər dəfələrlə ləngiyib. Buna səbəb maliyyə çatışmazlığı olub. Tikinti 2016-cı ildə rəsmi olaraq bərpa edilib.

Layihənin tamamlanmasının təxminən 6,3 milyard dollara başa gələcəyi hesablanır. Altı hidroaqreqatın hamısı istismara verildikdən sonra Roqun Su Elektrik Stansiyasının quraşdırılmış gücünün 3,6 giqavat olacağı gözlənilir. Bununla da o, Mərkəzi Asiyanın ən böyük su elektrik stansiyasına çevrilə bilər. 

Stansiyanın 335 metr hündürlüyündəki bəndinin dünyada ən hündür daş-dolğu bəndi olacağı da proqnozlaşdırılır. 

Layihə elektrik enerjisi istehsalı ilə yanaşı, su ehtiyatlarının tənzimlənməsi, daşqın riskinin azaldılması və quraqlığın təsirlərinin yumşaldılması məqsədi daşıyır.


Hökumət bildirir ki, stansiya gələcəkdə mövsümi elektrik enerjisi məhdudiyyətlərini aradan qaldırmalı, qış aylarında daxili tələbatı ödəməli və Tacikistanın regional elektrik enerjisi ixracatçısı kimi mövqeyini gücləndirməlidir.

Teqlər