Əfqanıstan hakimiyyəti xarici investisiyaların cəlb edilməsinə və əməkdaşlığın genişləndirilməsinə çalışır

Əfqanıstan hakimiyyəti xarici investisiyaların cəlb edilməsinə və əməkdaşlığın genişləndirilməsinə çalışır
X Platform

Əfqanıstan hakimiyyəti Kabil və Heratda Özbəkistan, Rusiya, Qazaxıstan, İran, eləcə də beynəlxalq yardım təşkilatları ilə əməkdaşlığı genişləndirməyə çalışır.

Bu tərəfdaşlıq investisiya, ticarət və ətraf mühitin mühafizəsi sahələrini əhatə edir.
Əfqanıstanın mədən və neft naziri Hidayətullah Bədri iyulun 12-də Özbəkistanın Kabildəki səfiri Oybek Usmanovla görüşüb. Tərəflər Əfqanıstanın mineral ehtiyatlarına investisiya imkanlarını və iqtisadi əməkdaşlığın genişləndirilməsi perspektivlərini müzakirə ediblər.

Nazirliyin məlumatına görə özbək investorlar bu məsələyə ciddi maraq göstərirlər. Görüşdə həmçinin “Toti Maydan” layihəsinin icrası ilə bağlı mövcud çətinliklər və narahatlıq doğuran məsələlər də müzakirə olunub. 
Nazirlik bildirib ki, Hidayətullah Bədri xarici investorlara dəstəyini bir daha ifadə edib.

O, özbək investorların Əfqanıstanın mədən sektoruna göstərdiyi marağı yüksək qiymətləndirərək, ölkəyə xarici sərmayənin cəlb edilməsi və investisiya layihələrinin həyata keçirilməsi istiqamətində nazirliyin hərtərəfli əməkdaşlığa hazır olduğunu vurğulayıb.

Rusiya ilə biznes əlaqələri

Əfqanıstan Ticarət və İnvestisiya Palatasının rəhbərliyi Rusiya və Qazaxıstandan olan nümayəndə heyəti ilə görüş keçirib. Palatadan bildirilib ki, Əfqanıstanda mədənçilik, kənd təsərrüfatı, emal və sənaye sahələrində geniş investisiya imkanları mövcuddur.

Nümayəndə heyəti Əfqanıstanın investisiya potensialına böyük maraq göstərib. Qeyd olunub ki, 100-dən çox rusiyalı sahibkar tərəfdaşlıq imkanlarını araşdırmaq məqsədilə ölkəyə səfər etməkdə maraqlıdır.

İslamqala sərhəd-keçid məntəqəsi vasitəsilə ticarət

Herat vilayətinin qubernatoru Nur Əhməd İslamcar və İranın Rəzəvi Xorasan vilayətinin qubernatoru Qulam Hüseyn Müzəffəri Doğarun–İslamqala sərhəd-keçid məntəqəsi vasitəsilə yükdaşımalarının asanlaşdırılması məsələsini müzakirə ediblər.

Herat qubernatorunun administrasiyasının məlumatına görə İslamcar İranda əfqanıstanlı yük maşını sürücüləri üçün şəraitin yaxşılaşdırılmasının və nəqliyyat sahəsində mövcud maneələrin aradan qaldırılmasının vacibliyini vurğulayıb.

Ətraf mühit sahəsində əməkdaşlıq

Ətraf Mühitin Mühafizəsi üzrə Milli Agentlik “Solidarites International” təşkilatından gələcək layihələrini agentliklə əlaqələndirməsini, həmçinin fəaliyyətində ucqar və iqlim dəyişikliyinin təsirlərinə daha həssas olan ərazilərə xüsusi diqqət ayırmasını xahiş edib.

Teqlər