"AnewZ" səhər xülasəsi - 14 iyul 2026

"AnewZ" səhər xülasəsi - 14 iyul 2026
Anewz

Günə "AnewZ" səhər xülasəsi ilə daha məlumatlı başlayın. İyulun 14-də baş verən ən mühüm hadisələri və bilməli olduğunuz son yenilikləri təqdim edirik.

ABŞ: "İrana qarşı son zərbə dalğasını başa çatdırdıq"

ABŞ ordusu İran ərazisində bir sıra hərbi hədəflərə növbəti zərbələr endirdiyini bildirib. Ardıcıl üçüncü gecə davam edən əməliyyatlar regionda münaqişənin kəskinləşməsi fonunda baş verir. İran Hörmüz boğazını bağlamağa çalışdığını və ABŞ-nin strateji su yoluna müdaxiləsini rədd etdiyini açıqlayıb. Münaqişə qlobal bazarlarda qeyri-müəyyənliyi artırıb və neftin bahalaşmasına səbəb olub.

Şuşa Qlobal Media Forumunun ikinci günündə medianın gələcəyin formalaşmasındakı rolu müzakirə olunur

Şuşa Qlobal Media Forumunun ikinci günü Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyevin açılış nitqi ilə başladı. Dünyanın müxtəlif ölkələrindən media rəhbərləri jurnalistikanın gələcəyini müzakirə etmək üçün bir araya gəliblər. Günün proqramına medianın sülh quruculuğundakı rolu, dezinformasiya ilə mübarizə, süni intellekt, media diplomatiyası və rəqəmsal dövrdə etik çağırışlarla bağlı müzakirələr daxildir.

ICE əməkdaşı əməliyyat zamanı daha bir adam öldürüb, etirazlar başlayıb

ABŞ İmmiqrasiya və Gömrük Mühafizəsi Xidmətinin (ICE) əməkdaşı Men ştatının Bidford şəhərində keçirilən immiqrasiya nəzarəti əməliyyatı zamanı sürücünü güllələyərək öldürüb. Rəsmi məlumata görə, kişi avtomobili ilə hadisə yerindən qaçmağa cəhd edib. Lakin insidentin əsas təfərrüatları ilə bağlı ziddiyyətli məlumatlar mövcuddur. Etirazlara səbəb olan hadisə ICE əməkdaşlarının güc tətbiqi ilə bağlı müzakirələri yenidən gündəmə gətirib. Atəş açılmasının əsaslı olub-olmadığını müəyyənləşdirmək üçün araşdırmalar davam edir.

“Bavi” tayfununun yaratdığı güclü daşqınlar 260 mindən çox insanı evsiz qoyub

Çində tuğyan edən bu ilin ən güclü fırtınası, “Bavi” tayfunu Liaonin əyalətində 260 mindən çox insanı evindən didərgin salıb. Güclü yağışlar genişmiqyaslı daşqınlara və nəqliyyatın hərəkətində fasilələrə səbəb olub. Məktəblərdə dərslər dayandırılıb. Tayfun böyük həcmdə tropik rütubət daşıyır və Koreya yarımadasına doğru  irəliləyir. İntensiv yağıntıların davam edəcəyi barədə xəbərdarlıq edilib.

ABŞ Ebola səbəbindən KDR-dəkı vətəndaşlarının ölkəyə qayıtmasını məhdudlaşdırıb

Tramp administrasiyası Konqo Demokratik Respublikasında (KDR) Ebola epidemiyasının kəskinləşməsi fonunda bu ölkədəki ABŞ vətəndaşlarının kommersiya reysləri ilə birbaşa ABŞ-yə uçmasına müvəqqəti qadağa qoyub. Məhdudiyyətlərə əsasən, həmin şəxslər ABŞ-yə qayıtmazdan əvvəl üçüncü ölkədə 21 gün qalmalıdırlar. Səhiyyə rəsmiləri isə virusun sürətlə yayılmasını yaxından izləyirlər.

Teqlər