Çində saxlanılan ABŞ vətəndaşı casusluqda ittiham olunur

Çində saxlanılan ABŞ vətəndaşı casusluqda ittiham olunur
Reuters

Təxminən iki ildir Çində həbsdə olan Çin əsilli amerikalı seysmoloq casusluqda ittiham edilib.

Rəsmi Vaşinqton onu “əsassız saxlanılmış şəxs” kimi tanıyır. Bu barədə onun ailəsi, amerikalı deputatlar və girovların hüquqlarının müdafiəsi ilə məşğul olan təşkilatlar məlumat yayıb.

ABŞ-nin Boston şəhərində yaşayan 54 yaşlı amerikalı Yulin Çen 2024-cü ilin noyabrında ailəsinə baş çəkib. O, Çinin iki universitetində mühazirələr oxuduqdan sonra Pekin hava limanında saxlanılıb.

ABŞ Dövlət Departamenti martda onu “əsassız saxlanılmış şəxs” adlandırıb. Bununla da Çenin azadlığa buraxılması hazırkı administrasiyanın prioritetinə çevrilib.

Çenin həyat yoldaşı Yufan Ronqa bildirilib ki, Tramp may ayında Pekində Çin lideri Si Cinpinlə görüşü zamanı bu məsələni qaldırıb.

Çin hakimiyyəti Çeni casusluqda ittiham edir. Lakin ailəsi onun fəaliyyətinin açıq mənbələrdə mövcud olan məlumatların tədqiqinə yönəldiyini bildirir. Həmin məlumatlar Şimali Koreyanın nüvə sınaqlarının aşkarlanması ilə bağlı olub. Rəsmi ittiham 2025-ci ilin mayında irəli sürülsə də, Çen hələ məhkəmə qarşısına çıxarılmayıb.

Ronq bildirib ki, müstəntiqlər həyat yoldaşını tədqiqatları ilə bağlı yüz dəfədən çox dindiriblər. O, Çenin qapalı məhkəmə prosesində təqsirli bilinməsindən narahat olduğunu deyib. Ronq həmçinin saxlanma müddətində həyat yoldaşının səhhətinin pisləşdiyini, xeyli çəki itirdiyini və lazımi tibbi yardım almadığını söyləyib.

Bu məhkəmə işi rəsmi Vaşinqtonla Pekin arasındakı gərginliyi daha da artırır. Məsələnin Si Cinpinin sentyabrda ABŞ-yə planlaşdırılan səfəri ərəfəsində də gündəmdə qalacağı gözlənilir.

Teqlər