canlı ABŞ İran limanlarının blokadasını bərpa edib

ABŞ İran limanlarının blokadasını bərpa edib
Reuters

ABŞ İranın bütün limanlarına qarşı dəniz blokadasını yenidən tətbiq edib. Bu barədə ABŞ Prezidenti Donald Tramp məlumat verib. O xəbərdarlıq edib ki, rəsmi Tehran danışıqlara qayıtmasa, gələn həftə ölkənin elektrik stansiyaları və körpüləri hədəfə alına bilər.

⦿ 17:11 | YENİLƏNİB

Əraqçi sabiq Qətər əmirinin dəfn mərasimi üçün Dohaya gedib

Reuters

İranın xarici işlər naziri Abbas Əraqçi sabiq Qətər əmiri Şeyx Həməd bin Xəlifə Əl Taninin dəfn mərasimində iştirak etmək üçün Dohaya səfər edib. Bu barədə ISNA agentliyi məlumat yayıb.

Səfər Tehranın Qətərə hücumundan bir neçə gün sonraya təsadüf edir. İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) bazar günü Yaxın Şərqdəki ən böyük ABŞ hərbi bazası olan Əl-Udeydə ballistik raketlər buraxdığını açıqlayıb.

⦿ 16:57 | YENİLƏNİB
ABŞ İrana qarşı son zərbə dalğasını başa çatdırıb

“Reuters”in məlumatına görə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İranın Böyük Tunb adasındakı sahil müdafiə sistemlərinə, qanadlı raket anbarlarına və buraxılış məntəqələrinə zərbələrin başa çatdığını bildirib.

Doxsan dəqiqə davam edən əməliyyat İranın Hörmüz boğazında ticarət gəmilərinə hücum imkanlarını zəiflətmək məqsədi daşıyıb.

⦿ 16:40 | YENİLƏNİB
İran mediası: Zərbələrdən sonra BƏƏ-nin Fuceyra limanı bağlanıb

“Tehran Times” qəzeti bildirib ki, İranın iki supertankerə endirdiyi zərbələrdən sonra Birləşmiş Ərəb Əmirliklərinin Fuceyra limanı fəaliyyətini dayandırıb.

⦿ 14:20 | YENİLƏNİB

ABŞ Mərkəzi Komandanlığı İrana qarşı yeni zərbə dalğasına başlayıb

“Reuters”in məlumatına görə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) Bakı vaxtı ilə saat 14:00-da İrana qarşı yeni zərbələrə başladığını bildirib.

CENTCOM-un açıqlamasında qeyd olunub ki, əməliyyatın məqsədi İran qüvvələrinin Hörmüz boğazında ticarət gəmilərinə hücum imkanlarını zəiflətməkdir.

 

⦿ 12:50 | YENİLƏNİB

Bəhreyn İranın bir neçə hava hücumunun qarşısını aldığını bildirib

Reuters

Bəhreyn iyulun 15-də İranın ölkəyə qarşı bir neçə hava hücumu həyata keçirdiyini bildirib. Rəsmi açıqlamaya görə, hava hücumundan müdafiə sistemləri hücumların qarşısını alaraq hədəfləri zərərsizləşdirib.

⦿ 12:00 | YENİLƏNİB

ABŞ-nin İran hərbi bazasına zərbələri nəticəsində azı yeddi hərbçi ölüb

Reuters

ABŞ-nin gecə saatlarında İranın Bəmpur şəhərində yerləşən hərbi bazaya endirdiyi zərbələr nəticəsində azı yeddi hərbçi ölüb.

Bu barədə iyulun 15-də İran ordusuna istindən “Tasnim” xəbər agentliyi məlumat yayıb.

Ordunun məlumatına görə, zərbələrin məqsədi mümkün qədər çox itkiyə səbəb olmaq olub. İranın cənub-şərqindəki İranşəhr şəhəri yaxınlığında yerləşən bazanın qonaq evinə, mühafizə postlarına və yaşayış obyektlərinə ümumilikdə 13 raket düşüb.

Açıqlamada bir neçə hərbçinin də yaralandığı bildirilib. İran ordusu hücuma “qəti cavab” veriləcəyini bəyan edib.

⦿ 11:00 | YENİLƏNİB

İran yanğın törətməkdə təqsirli bilinən şəxsi edam edib

Source

İran iyulun 15-də yanvar ayında yanğın törətməkdə və polis bölməsinə hücum etməkdə təqsirli bilinən şəxsi edam edib. Məhəmməd Əmini Dehaqani İranın mərkəzində yerləşən Dehaqan şəhərində baş verən iğtişaşlar zamanı yerli hökumət binasına od vurmaqda təqsirli bilinib.

Bu barədə məhkəmə sisteminə yaxın “Mizan” xəbər agentliyi məlumat yayıb.

Məlumata görə, Ali Məhkəmə onun barəsində çıxarılan ölüm hökmünü qüvvədə saxlayıb.

⦿ 10:30 | YENİLƏNİB

Pezeşkian: İran ərazisinin hər qarışını müdafiə edəcək

Reuters

İran Prezidenti Məsud Pezeşkian ölkəsinin ərazisinin hər qarışını  müdafiə edəcəyini bildirib. O, ABŞ Prezidenti Donald Trampın iranlılarla bağlı açıqlamalarını hörmətsizlik kimi qiymətləndirib.

İyulun 14-də çıxış edən Pezeşkian İranın rəqiblərinin düşmən mövqeli bəyanatlarının məqsədinə çatmadığını deyib. IRNA-nın məlumatına görə, Pezeşkian İranın cavabının sözlə deyil, əməli addımlarla veriləcəyini bildirib.

⦿ 09:20 GMT | YENİLƏNİB

İranın yüksək vəzifəli diplomatı Böyük Britaniya XİN-ə çağırılıb

Reuters

Böyük Britaniya İranın Londondakı yüksək vəzifəli diplomatını Xarici İşlər Nazirliyinə çağırıb. Rəsmi London SEPAH-ın “Qüds” qüvvələrini mart–may aylarında Avropada hücumlar törətmək üçün proksi qrupları idarə etməkdə ittiham edib.

Böyük Britaniya bu yaxınlarda SEPAH-ı və onunla əlaqəli qrupu təhlükəsizliyə təhdid kimi qiymətləndirib. İran isə ittihamları rədd edərək qərarı qanunsuz adlandırıb və proksi qruplardan istifadə etmədiyini bildirib.

⦿ 08:30 | YENİLƏNİB

İran dövlət mediası: ABŞ-nin endirdiyi zərbə buğda anbarına tuş gəlib

Reuters

İyulun 15-də səhər saatlarında ABŞ-nin endirdiyi zərbə Hoveyzeh şəhərindəki buğda saxlama silosuna dəyib. Bu barədə İranın dövlət yayımçısı məlumat yayıb.

⦿ 07:40 | YENİLƏNİB

ABŞ blokadasından əvvəl İrana aid gəmilər Hörmüzdən keçib

Reuters

ABŞ iyulun 15-dən etibarən İran limanlarına dəniz blokadası tətbiq edib. Məhdudiyyətlər qüvvəyə minməzdən əvvəl, iyulun 14-də İranla əlaqəli gəmilərin Hörmüz boğazından keçidi artıb.

ABŞ ilə İran arasındakı münaqişənin gərginləşməsi və ticarət gəmilərinə son hücumlar səbəbindən boğazdan keçən gəmilərin sayı kəskin azalıb. Bu vəziyyət qlobal neft tədarükü ilə bağlı narahatlıqları artırır. Həmçinin gəmiçilik şirkətlərini ehtiyatlı davranmağa vadar edir.

⦿ 06:50 | YENİLƏNİB

SEPAH: ABŞ Beşinci Donanmasının obyektlərinə zərbələr endirilib

Reuters

SEPAH iyulun 14-də Bəhreyndə ABŞ Beşinci Donanmasına məxsus komanda-idarəetmə, logistika, yanacaq və hərbi texnika obyektlərinə zərbələr endirdiyi bildirib.

Qurum bunun ABŞ-nin Hind okeanındakı fəaliyyətinə, Hörmüz boğazına nəzarət etmək və dəniz nəqliyyatı yollarına məhdudiyyət qoymaq cəhdlərinə cavab olduğunu açıqlayıb.

SEPAH xəbərdarlıq edib ki, rəsmi Vaşinqton dəniz marşrutlarına nəzarət etməklə regionun neft və qaz ixracını məhdudlaşdırmağa çalışarsa, cavab tədbirləri görüləcək. Qurum bildirib ki, bu halda ABŞ və onun müttəfiqlərinin maraqlarına xidmət edən digər ixrac marşrutları da bağlana bilər.  SEPAH regionun enerji resursların ixracının “ya hamı üçün, ya da heç kim üçün” olacağını bildirib.

⦿ 06:26 | YENİLƏNİB

Dəniz blokadasının bərpası Körfəzdə gərginliyin artdığı bir vaxtda baş verir

Reuters

ABŞ ordusu Hörmüz boğazında İrana qarşı yeni zərbələr endirib. Məqsəd kommersiya gəmilərinə hücumlar üçün istifadə olunan İranın hücum imkanlarını azaltmaqdır.

Buna cavab olaraq, rəsmi Tehran strateji su yolunu yenidən bağladığını iddia edib. Bundan əlavə, Yaxın Şərqdəki ABŞ mövqelərinə, eləcə də İordaniya, Bəhreyn və Küveyt daxil olmaqla Körfəz ölkələrinə PUA və raket hücumları həyata keçirib.

Döyüşlərin yenidən başlaması regionda sabitlik, qlobal enerji təchizatı və kommersiya gəmiçiliyinin təhlükəsizliyi ilə bağlı narahatlıqları artırıb.

Münaqişənin dünyanın ən mühüm enerji tranzit marşrutlarından birini təhdid etməsi fonunda neft kəskin bahalaşıb. Gərginliyin artması humanitar və hüquqi narahatlıqlara da səbəb olub. Belə ki, mülki obyektlərə zərbə endirilməsi beynəlxalq hüquqa zidd ola biləcəyi üçün Trampın açıqlamaları narahatlıq yaradıb.

Teqlər