​260 nəfərin ölümü ilə nəticələnən “Air India” təyyarə qəzasının araşdırılması yekunlaşır

​260 nəfərin ölümü ilə nəticələnən “Air India” təyyarə qəzasının araşdırılması yekunlaşır
Reuters

Hindistanda ötən il 260 nəfərin ölümü ilə nəticələnən “Air India” təyyarə qəzasının araşdırılması yekun mərhələyə daxil olub. Müstəntiqlər pilot köməkçisinin səs yazıcısının stenoqramını hazırlayıb, eləcə də şəxsin ölümündən əvvəlki psixoloji vəziyyətinin araşdırmasını aparıblar.

 

Bu barədə Hindistanın Təyyarə Qəzalarının Araşdırılması Bürosunun məhkəməyə təqdim etdiyi sənəddə məlumat verilib. Sənəd 12 iyun 2025-ci ildə baş vermiş və ölkə tarixinin ən ölümcül aviasiya fəlakətlərindən biri sayılan qəzanın araşdırılmasındakı irəliləyişlə bağlı indiyədək açıqlanan ən ətraflı məlumatları əks etdirir.

“Boeing 787” təyyarəsi Əhmədabad şəhərindən havaya qalxdıqdan qısa müddət sonra qəzaya uğrayıb. Təyyarədə olan bir sərnişin istisna olmaqla, bütün şəxslər, eləcə də yerdə olan bir neçə nəfər həlak olub.

Psixoloji təhlil başa çatıb

Məhkəmə sənədində psixoloji təhlilin kimə tətbiq edildiyi və onun nəticələri açıqlanmayıb.

Müstəntiqlər mayın sonlarında tapılan mühərrik monitorinq qurğusundan əldə edilən məlumatları hələ də gözləyirlər. Qəza ilə əlaqəli təşkilati amillərin qiymətləndirilməsi də davam etdirilir.

Genişmiqyaslı araşdırma aparılır

Araşdırma çərçivəsində “Air India”nın “Boeing 787” təyyarəsinin pilotları, daha əvvəl qəza heyəti ilə uçmuş kabin əməkdaşları, təyyarəni uçuşa hazırlayan mühəndislər, hava hərəkəti dispetçerləri, meteorologiya əməkdaşları və insan qaynaqları üzrə mütəxəssislər dindirilib.

Hindistanın Təyyarə Qəzalarının Araşdırılması Bürosu, həmçinin bildirib ki, araşdırmanın ilkin mərhələsində müstəntiqlər uçuş heyəti üzvlərinin ailələrinin evlərinə baş çəkiblər.

Kapitanın atası araşdırma ilə bağlı məhkəməyə müraciət edib

Məhkəmə sənədi kapitan Puşkar Rac Sabharvalın atasının araşdırma ilə bağlı iddia qaldırmasından sonra təqdim edilib.

O bildirib ki, müstəntiqlər ötən il onun evinə gələrək oğlunun təyyarə havaya qalxdıqdan qısa müddət sonra mühərriklərə yanacaq axınını qəsdən kəsdiyini irəli sürüblər.

Hindistanın Təyyarə Qəzalarının Araşdırılması Bürosu pilotları günahlandıran geniş media spekulyasiyalarının araşdırmaya mənfi təsir göstərdiyini də bildirib.

Qurumun məlumatına görə, bu xəbərlər bəzi şahidlərin məlumat vermək, sualları cavablandırmaqdan çəkinməsinə səbəb olub.

Yekun hesabatın bu ilin sonlarında açıqlanması gözlənilir

Hindistanın Təyyarə Qəzalarının Araşdırılması Bürosu araşdırma üzrə qalan işlərin təxminən altı həftə ərzində tamamlanacağını gözləyir. Bununla belə, qurum müddətin bir sıra xarici amillərdən asılı olduğunu bildirib.

Yekun hesabat layihəsinin oktyabra qədər hazırlanması gözlənilir. Daha sonra sənəd araşdırmada iştirak edən ölkələrin müvafiq qurumlarına, o cümlədən ABŞ Milli Nəqliyyat Təhlükəsizliyi Şurasına təqdim ediləcək. Bundan sonra hesabat yekunlaşdırılaraq dərc olunacaq.

Bürodan bildirilib ki, araşdırma artıq təhlil mərhələsinə keçib. Qruplar yekun nəticəyə gəlməzdən əvvəl əməliyyat, texniki, insan amilləri və təşkilati məsələləri araşdırırlar.

Qəzanın səbəbi ilə bağlı suallar qalır

“Reuters” ötən il ABŞ rəsmilərinin ilkin qiymətləndirməsinə istinadən xəbər verib ki, pilot kabinəsindəki səs yazıları kapitanın təyyarənin mühərriklərinə yanacaq axınını kəsdiyi versiyasını dəstəkləyir.

Lakin həmin vaxt Hindistanın Təyyarə Qəzalarının Araşdırılması Bürosu tələsik nəticələr çıxarılmamasının tərəfdarı olub.

“Qəti nəticəyə gəlmək üçün hələ tezdir”,- deyə qurumdan bildirilib.

Əsas texniki təhlillər hələ tamamlanmadığı üçün müstəntiqlər baş verənlərin səbəbini və oxşar faciənin təkrarlanmasının qarşısını almaq məqsədilə hər hansı təhlükəsizlik dəyişikliklərinə ehtiyac olub-olmadığını yekun hesabatın müəyyən edəcəyini bildirirlər.

Teqlər