Fransa parlamenti ölümə tibbi yardım haqqında tarixi qanun layihəsini təsdiqləyib

Fransa parlamenti ölümə tibbi yardım haqqında tarixi qanun layihəsini təsdiqləyib
Reuters

Fransa bəzi ölümcül xəstələrin ciddi şərtlər daxilində həyatlarına son qoymasına imkan verən qanun layihəsini təsdiqləyib. Bununla da ölkə ölümə tibbi yardımın leqallaşdırılmasına bir addım da yaxınlaşıb.

 

Milli Assambleya sənədi 241-ə qarşı 291 səslə qəbul edib. Qanun layihəsi ömrün son mərhələsində göstərilən tibbi yardımla bağlı uzun illər davam edən etik və siyasi müzakirələrin yekunu kimi hazırlanıb.

Sənəd sağalmaz xəstəlikdən əziyyət çəkən və müəyyən meyarlara cavab verən yetkin şəxslərə ölümə tibbi yardım almaq hüququ verəcək. Eyni zamanda, həssas vəziyyətdə olan xəstələrin qorunması üçün ciddi təhlükəsizlik mexanizmləri nəzərdə tutulur.

Layihə parlamentdə son mərhələni keçsə də, qüvvəyə minməzdən əvvəl Fransanın Konstitusiya Şurası tərəfindən nəzərdən keçirilə bilər.

Təklif olunan qanuna əsasən, bu hüquqdan yalnız 18 yaşı tamam olmuş Fransa vətəndaşları və ya ölkədə qanuni əsaslarla yaşayan şəxslər yararlana biləcəklər. Tibbi yardım üçün müraciət edən şəxsin xəstəliyi həyat üçün təhlükə yaratmalı, ağır, sağalmaz və ən son mərhələdə olmalı və ya sürətlə irəliləməlidir. Bundan əlavə, pasiyentin aradan qaldırılması mümkün olmayan daimi fiziki və ya psixoloji iztirab yaşaması, habelə tam sərbəst və məlumatlı qərar vermək qabiliyyətinə malik olması əsas şərtlər kimi tələb olunur.

Müraciət təsdiqlənərsə, xəstəyə özünün qəbul edə biləcəyi ölümcül maddə veriləcək. Xəstə fiziki vəziyyətinə görə bunu edə bilmədikdə isə həmin maddənin həkim və ya tibb bacısı tərəfindən tətbiqinə icazə veriləcək.

Ciddi təhlükəsizlik mexanizmləri

Qanun layihəsində çoxmərhələli təsdiq prosesi nəzərdə tutulur. Xəstə əvvəlcə həkimə müraciət etməlidir. Həkim ən azı daha bir həmkarı və başqa bir səhiyyə mütəxəssisi ilə birlikdə şəxsin müəyyən edilmiş meyarlara uyğunluğunu qiymətləndirəcək.

Müraciət təsdiqləndikdən sonra xəstəyə ən azı iki günlük məcburi düşünmə müddəti verilir. Bunun ardınca o, qərarını yenidən təsdiqləməlidir.

Etik və ya şəxsi səbəblərlə ölümə tibbi yardıma etiraz edən səhiyyə işçiləri prosesdə iştirak etməyə məcbur olunmayacaqlar. Lakin onlar xəstəni bu yardımı göstərməyə hazır olan başqa mütəxəssisə yönləndirməli olacaqlar.

Makron: “Həyat, iztirab və ləyaqət”

Prezident Emmanuel Makron səsverməni alqışlayaraq bunu diqqətlə aparılan ümummilli müzakirənin yekunu adlandırıb:

“Həm son dərəcə şəxsi, həm də ciddi olan, həyat, iztirab və ləyaqətlə bağlı bu məsələdə yalnız bir mümkün yanaşma var idi: dinləmək, dialoq aparmaq və müzakirə etmək üçün vaxt ayırmaq. 2022-ci ildə bu yolu Fransa xalqı ilə birlikdə quracağıma söz vermişdim. Ciddiyyət, təvazökarlıq və demokratiyamıza tam hörmətlə həmin öhdəliyi yerinə yetirmişəm”.

Cəmiyyətdə kəskin fikir ayrılığı

Müzakirələr Fransa cəmiyyətində dərin fikir ayrılıqlarını da üzə çıxarıb. Qanunun tərəfdarları bildirirlər ki, sənəd ölümcül xəstələrə həyatlarının necə başa çatacağına dair daha geniş seçim imkanı verəcək.

"Ləyaqətlə Ölmək Hüququ" Assosiasiyasının nümayəndəsi Ann Reyno məsələyə bu cür münasibət bildirib:

“İztirab o qədər güclüdürsə və insan artıq heç nə edə bilmirsə, buna hələ də həyat demək olarmı? İnsanlar iztirabları dözülməz həddə çatdıqda və onu azaltmaq artıq mümkün olmadıqda, nə vaxt və necə ölmək istədiklərinə özləri qərar verə biləcəklər”.

Tibb ictimaiyyətinin bəzi nümayəndələri və dini təşkilatlardan ibarət əleyhdarlar isə xəbərdarlıq edirlər ki, ölümə tibbi yardımın leqallaşdırılması həssas vəziyyətdə olan şəxslərə həyatlarına son qoymaları üçün dolayı təzyiq yarada bilər.

Prezidentliyə namizəd olmağa hazırlaşan mühafizəkar siyasətçi, keçmiş daxili işlər naziri Bruno Retayo layihəni sərt tənqid edib:

“Qardaşlıq prinsiplərinə əsaslanan cəmiyyət insanlara dəstək olur, onları qoruyur və qayğı göstərir. O, aramızdakı ən həssas insanlardan heç vaxt imtina etmir”.

Katolik Kilsəsi də qanun layihəsinə qəti şəkildə qarşı çıxır. Hətta yepiskoplardan biri sənədi dəstəkləyən deputatların kilsə ayinlərindən məhrum edilə biləcəyini bildirib.

İctimai dəstək yüksək olaraq qalır

Mübahisələrə baxmayaraq, ictimai rəy sorğuları təklifin geniş dəstəyə malik olduğunu göstərir. Fevralda dərc olunan “Ifop” sorğusuna əsasən, respondentlərin 84 faizi qanun layihəsində nəzərdə tutulan şərtlər daxilində ölümə tibbi yardımın leqallaşdırılmasını dəstəkləyib.

Qeyd edək ki, İsveçrə, Belçika və Niderland da daxil olmaqla, bir sıra Avropa ölkələrində, eləcə də ABŞ-nin bəzi ştatlarında müxtəlif hüquqi çərçivələr daxilində ölümə tibbi yardıma artıq icazə verilir.

Mühafizəkarların çoxluq təşkil etdiyi Fransa Senatı qanun layihəsinin əleyhinə səs versə də, qanunvericilik proseduruna əsasən son söz Milli Assambleyaya məxsus olub. Bu da yuxarı palatanın etirazına baxmayaraq, sənədin qəbul edilməsini təmin edib.

Teqlər