Uqandada Ebola ilə mübarizə çərçivəsində 42 günlük geri sayım başlayıb

Uqandada Ebola ilə mübarizə çərçivəsində 42 günlük geri sayım başlayıb
Reuters

Uqandada son Ebola xəstəsinin iyulun 18-də xəstəxanadan buraxılması gözlənilir. Bu barədə ölkənin səhiyyə sisteminin rəsmiləri məlumat veriblər.

Yeni yoluxma halı qeydə alınmasa, Uqandanın Ebola virusundan azad olması üçün tələb olunan 42 günlük müşahidə müddəti başlayacaq.

Xəstənin Kampaladakı Mulaqo Milli İxtisaslaşdırılmış Xəstəxanasının izolyasiya şöbəsindən buraxılması planlaşdırılır. Bu addım Uqandanın Ebola epidemiyasına qarşı mübarizəsində mühüm mərhələ kimi qiymətləndirilir.

Hökumət sözçüsü Alan Kasuca sosial media hesabında bildirib ki, son xəstənin evə buraxılması ilə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) epidemiyanın başa çatdığını rəsmən elan etməsi üçün tələb olunan müşahidə müddəti başlayacaq:

“Bundan sonra Uqandada geri sayım başlayacaq. Əgər 42 gün ərzində yeni yoluxma halı qeydə alınmasa, ÜST-ün qaydalarına əsasən, ölkə Ebola virusundan azad olacaq”, – deyə Kasuca bildirib.

Uqandada 17 nəfər sağalıb

Uqanda Səhiyyə Nazirliyinin məlumatına görə ölkədə 17 nəfər sağalıb. Hazırda bir xəstənin izolyasiya şöbəsində müalicəsi davam edir. Epidemiya ilə əlaqəli iki ölüm faktı qeydə alınıb.

Nazirlik bildirib ki, Uqandada ümumilikdə 20 Ebola yoluxması təsdiqlənib. Bunlardan beşi ölkədaxili yoluxma, 15-i isə xaricdən gətirilmiş hal kimi qeydə alınıb.

Təsdiqlənmiş bütün yoluxmalar Ebola virusunun nadir rast gəlinən Bundibugyo ştammı ilə əlaqələndirilib. Bu ştamm daha əvvəl Şərqi və Mərkəzi Afrikanın bəzi bölgələrində epidemiyalara səbəb olub.

Konqo Demokratik Respublikasında epidemiyası səngimir

Epidemiya daha geniş regional səhiyyə böhranının tərkib hissəsi olaraq qalır. Konqo Demokratik Respublikasında (KDR) Ebola virusuna yoluxma halları qeydə alınmaqda davam edir.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) may ayında KDR-dəki Ebola epidemiyasını ictimai səhiyyə üçün fövqəladə vəziyyət elan edib. Hökumətin məlumatına görə iyulun 15-dək ölkədə 2011 təsdiqlənmiş yoluxma və 754 təsdiqlənmiş ölüm halı qeydə alınıb.

ÜST-ün müşahidə müddəti epidemiyanın başa çatmasını müəyyənləşdirir

ÜST-ün qaydalarına əsasən, epidemiya yalnız son xəstənin sağalmasından və ya ölümündən sonra ardıcıl 42 gün ərzində yeni Ebola yoluxması qeydə alınmadıqda rəsmi olaraq başa çatmış hesab edilir.

Bu müddət virusun maksimum inkubasiya dövrünün iki qatına bərabərdir və səhiyyə qurumlarına indiyədək aşkarlanmamış yoluxma hallarını müəyyən etmək imkanı yaradır.

Uqanda rəsmiləri bildiriblər ki, 42 günlük müşahidə dövründə icmalarda epidemioloji nəzarət davam etdiriləcək, mümkün yeni yoluxma hallarının vaxtında aşkarlanması üçün monitorinq sistemi daha da gücləndiriləcək.

Epidemiyanın başa çatacağına ümid artır

Son xəstənin xəstəxanadan buraxılmasının gözlənilməsi Uqandanın Ebola virusunu nəzarət altına almaq və yoluxmanın daha da yayılmasının qarşısını almaq istiqamətində mühüm irəliləyiş hesab olunur.

İlk yoluxma halları qeydə alındıqdan sonra ölkənin səhiyyə qurumları virusun yayılmasını məhdudlaşdırmaq üçün xəstələrin izolyasiyası, təmasda olan şəxslərin izlənməsi və operativ epidemioloji nəzarət tədbirlərini həyata keçiriblər.

Əgər 42 günlük müşahidə müddəti ərzində yeni yoluxma halı qeydə alınmasa, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) qaydalarına uyğun olaraq Uqanda Ebola epidemiyasının rəsmi şəkildə başa çatdığını elan edə biləcək.

Teqlər