Birləşmiş Krallıq ölkənin əsas polad istehsalçısı olan “British Steel”i milliləşdirib

Birləşmiş Krallıq ölkənin əsas polad istehsalçısı olan “British Steel”i milliləşdirib
Reuters

Birləşmiş Krallıq hökuməti ölkənin sonuncu əsas polad istehsalçısı olan "British Steel" şirkətini Çinli sahiblərindən alaraq milliləşdirib. Əsas məqsəd ölkənin polad sənayesinin gələcəyini qorumaqdır.

Nazirlər bu addımı təsdiqləyərək, təkrar emal edilmiş metaldan deyil, dəmir filizi kimi yeni xammaldan hazırlanan ilkin polad istehsalını qorumağın milli maraqlara cavab verdiyini bildiriblər. Səlahiyyət müddəti başa çatan Baş nazir Kir Starmer qərarın ölkədə polad istehsalının gələcəyini, ixtisaslı iş yerlərini və həyati əhəmiyyətli milli potensialı xilas etdiyini vurğulayıb.

Hökumət İngiltərənin şimalındakı Skuntorp zavodunun dərhal bağlanmasının qarşısını almaq üçün hələ 2025-ci ilin aprelində əməliyyat nəzarətini Çinin "Jingye" şirkətindən almışdı. Ölkənin sonuncu əsas polad müəssisəsi olan bu zavod dəmir yolu, tikinti və avtomobil sektorlarını mühüm materiallarla təmin edir. Müəssisənin bağlanması 2700 birbaşa və tədarük zənciri üzrə minlərlə dolayı iş yerini təhlükə altına atacaqdı.

Reuters
Fəhlələr Britaniyanın Linkolnşir qraflığındakı Skantorp şəhərində yerləşən “British Steel” müəssisəsində çalışırlar, 17 aprel 2025-ci il.
Reuters
Zavodu açıq saxlamağın bədəli

Birləşmiş Krallığın biznes naziri Piter Kayl bildirib ki, hökumət müəssisənin fəaliyyətini davam etdirmək üçün gündə 1 milyon funt-sterlinqdən çox vəsait xərcləyib. O, indiyədək çəkilən ümumi xərcin 640 milyon funt-sterlinqə çatdığını, lakin bunun özünü doğrultduğunu deyib:

"Bizə ilkin polad istehsalı mütləq lazımdır. Əgər bu sahə yox olsa, beynəlxalq bazarlardan asılı vəziyyətə düşərik".

Parlamentdən yekdil qərar

Şirkət üçün özəl alıcı tapılmadığından, tam təhvilalmanı rəsmiləşdirən qanun layihəsi çərşənbə günü parlament tərəfindən təsdiqlənib. Qeyd edək ki, "British Steel" ilk dəfə 1988-ci ildə Marqaret Tetçerin hakimiyyəti dövründə özəlləşdirilmişdi.

Bu qərar sənayeni dəstəkləmək üçün dövlət müdaxilələri silsiləsinin sonuncusudur. Son aylarda Böyük Britaniya qlobal bazarlarda ucuz polad dempinqinin qarşısını almaq üçün yeni tariflər, kvotalar tətbiq edib və ABŞ ilə ayrıca tarif sazişi imzalayıb.

Sənayedən müsbət reaksiya

Artan enerji xərcləri və qlobal bazardakı izafi təklif "British Steel"in ziyana uğramasına səbəb olmuşdu. "UK Steel" sənaye təşkilatı hökumətin qərarını "doğru addım" adlandıraraq alqışlasa da, sektorun yenidən kommersiya baxımından dayanıqlı olması üçün uzunmüddətli plana ehtiyac olduğunu vurğulayıb.

Teqlər