Portuqaliya “HealthAI” şəbəkəsinə qoşulan ilk Aİ ölkəsi olub

Portuqaliya “HealthAI” şəbəkəsinə qoşulan ilk Aİ ölkəsi olub
Reuters

Portuqaliya “HealthAI” təşkilatının Qlobal Tənzimləyici Şəbəkəsinə qoşulan ilk Avropa İttifaqı (Aİ) ölkəsi olub.

“Infarmed” ilə “HealthAI” arasında saziş imzalanıb. Saziş Portuqaliyaya yoxlanılmış süni intellekt əsaslı səhiyyə alətlərindən istifadə etməyə və zərərli hallar barədə məlumatları real vaxtda paylaşmağa imkan verir.

Şəbəkəyə Britaniya, Hindistan, Braziliya, Sinqapur və digər ölkələr də daxildir. Məqsəd səhiyyədə süni intellektin tənzimlənməsi üzrə beynəlxalq əməkdaşlığı gücləndirməkdir.

Aİ-nin Süni İntellekt Aktı əməkdaşlığı gücləndirir

Bu addım Avropa İttifaqının Süni İntellekt Aktının qüvvəyə minməsi və səhiyyədə süni intellektdən istifadənin artması fonunda atılıb.

“Bu məqsədə beynəlxalq əməkdaşlıq, eləcə də təcrübə və bilik mübadiləsi yolu ilə daha səmərəli nail olmaq mümkündür”, – deyə “Infarmed”in prezidenti Santos İvo bildirib.

Əsasən Kanada, Britaniya, Norveç və Sinqapur hökumətləri tərəfindən maliyyələşdirilən “HealthAI” səhiyyədə süni intellekt üçün ortaq standartlar və idarəetmə çərçivələri hazırlamaq məqsədilə yaradılıb.

Avropanın süni intellekt qaydalarına qlobal təsiri gözlənilir

“HealthAI”nin baş icraçı direktoru Baptista Leyte bildirib ki, təşkilat digər Avropa İttifaqı ölkələri ilə də danışıqlar aparır. Onun sözlərinə görə Avropada qəbul ediləcək tənzimləmə qərarları dünyanın digər regionlarına da təsir edə bilər.

“Avropanın atacağı addımlar digər regionlarda da öz təsirini göstərəcək. Buna görə Brüsselin düzgün qərarlar qəbul etməsi son dərəcə vacibdir”, – deyə o vurğulayıb.

Teqlər