Şimali Koreya ABŞ-nin başçılığı ilə keçirilən hərbi dəniz təlimlərinə görə Cənubi Koreyanı qınayıb

Şimali Koreya ABŞ-nin başçılığı ilə keçirilən hərbi dəniz təlimlərinə görə Cənubi Koreyanı qınayıb
Reuters

Şimali Koreyanın dövlət mediası ABŞ-nin rəhbərlik etdiyi dəniz təlimində iştirakına görə Cənubi Koreyanı “marionet” adlandırıb. Qeyd olunub ki, regionda yarana biləcək istənilən “gözlənilməz gərginliyə” görə bütün məsuliyyət Seul və Vaşinqtonun üzərinə düşəcək.

 

Tənqid ötən həftə Havayda keçirilən Sakit Okean Halqası Təlimindən (RIMPAC) sonra səsləndirilib. Cənubi Koreya Hərbi Dəniz Qüvvələri bu təlimdə ilk dəfə dəniz əməliyyatlarına rəhbərlik edib.

Dünyanın ən böyük beynəlxalq dəniz təlimlərindən biri hesab olunan RIMPAC iki ildən bir təşkil olunur. Bu il keçirilən təlimdə Yaponiya, Kanada və Avstraliya da daxil olmaqla 30-a yaxın ölkə iştirak edib.

Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA) bildirib ki, Cənubi Koreya qüvvələri hərbi əməkdaşlığın getdikcə daha açıq xarakter aldığı bir şəraitdə təlimə əsas iştirakçılardan biri kimi qoşulub. Agentlik, həmçinin Cənubi Koreya ilə Yaponiya arasında hərbi əlaqələrin genişlənməsinə və Seulun NATO ilə münasibətlərini gücləndirməsinə diqqət çəkib.

KCNA-nın iddiasına görə bu, şərti rəqibə qarşı keçirilən adi hərbi təlim deyil, ABŞ və onun müttəfiqlərinin Hind-Sakit okean regionu ölkələrinə ünvanladığı “müharibə nümayişidir”.

Şimali Koreya mediası Vaşinqton və Seulun dəniz piyadalarının birgə təlimini də sərt tənqid edib. Bildirilib ki, "USS Essex" gəmisindən keçirilən hava əməliyyatı təlimi zamanı “düşmənin arxa cəbhəsinə dərin sızma” ssenarisi məşq etdirilib.

Bu açıqlamalar Şimali Koreyanın hərbi dəniz qüvvələrinin modernləşdirilməsinə xüsusi önəm verdiyi bir dövrə təsadüf edir.

KCNA-nın məlumatına görə bu ayın əvvəlində ölkə lideri Kim Çen In yeni istifadəyə verilən 5 min tonluq “Kanq Kon” esminesində strateji qanadlı raketin buraxılışını və müxtəlif silah sistemlərinin sınaqlarını şəxsən izləyib.

Teqlər