BMT: Əfqanıstanda 10,7 milyon qadının yardıma ehtiyacı var

BMT: Əfqanıstanda 10,7 milyon qadının yardıma ehtiyacı var
Reuters

Əfqanıstanda 2026-cı ildə 10,7 milyondan çox qadın və qızın humanitar yardıma ehtiyacı var. Bu barədə BMT-nin hesabatında bildirilir.Maliyyə çatışmazlığı, məhdudiyyətlər və qadın səhiyyə işçilərinin azlığı hamilə qadınlara göstərilən tibbi xidmətləri çətinləşdirir.

BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisi bildirib ki, Əfqanıstanda qadınlar və qızlar humanitar böhrandan ən çox zərər çəkənlər arasındadır.

Hərəkət etməyə, təhsil almağa və işləməyə qoyulan məhdudiyyətlər onların zəruri xidmətlərdən istifadə etməsini çətinləşdirir. Qadın mütəxəssislərin göstərdiyi xidmətlər də azalır.

Qurumun məlumatına görə, 2024-cü ildə Əfqanıstanda hər 100 min doğuşa 638 ana ölümü qeydə alınıb. Bu göstəriciyə görə, ölkə Asiyada birinci, dünyada isə yeddinci yerdədir. 

Qadın səhiyyə işçilərinin azlığı, maliyyə çatışmazlığı, dərman əldə etmək imkanının məhdud olması və təcili doğuş xidmətlərindəki problemlər ana və yeni doğulmuş körpələrin ölüm riskini artırır. Kənd yerlərində vəziyyət daha ağırdır.

Bamyan bölgəsinin ucqar kəndlərində yaşayan qadınlar doğuşla bağlı təcili yardımı almaq üçün yararsız yollarda saatlarla yol getməli olurlar. Bamyan Əyalət Xəstəxanası bölgədə yeni doğulmuş körpələr üçün intensiv terapiya şöbəsi olan yeganə tibb müəssisəsidir.

BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisi UNICEF-in hesablamasına da istinad edib. Bildirilib ki, qızların təhsilinə qoyulan məhdudiyyətlər davam edərsə, Əfqanıstan 2030-cu ilədək 25 mindən çox qadın müəllim və səhiyyə işçisini itirə bilər.

Taliban əlavə humanitar yardım çağırışı edib

Taliban hökuməti beynəlxalq yardımların davam etdirilməsinə çağırıb. 

İyulun 4-də Əqanıstanın fövqəladə hallar üzrə rəsmisi Nurəddin Turabi BMT-ni yardımları fasiləsiz davam etdirməyə və koordinasiyanı gücləndirməyə çağırıb. O bildirib ki, siyasi məsələlər humanitar yardıma təsir etməməlidir.

BMT-nin məlumatına görə, 2026-cı ildə Əfqanıstanda təxminən 22 milyon insanın yardıma ehtiyacı var. İyunun 8-nə olan məlumata əsasən, yardım planı üçün tələb olunan vəsaitin yalnız 15 faizi toplanıb.

Teqlər