Kuba prezidenti Vaşinqtonu “makkartizmi” dirçəltməkdə ittiham edib

Kuba prezidenti Vaşinqtonu “makkartizmi” dirçəltməkdə ittiham edib
Reuters

Kuba Prezidenti Migel Dias-Kanel ABŞ-nin ölkəsinə qarşı tətbiq etdiyi son sanksiyaları tənqid edib.

Kuba lideri, Vaşinqtonu qlobal radikal sola qarşı kampaniya aparmaqla makkartizmin, yəni sübutsuz ittihamlar irəli sürmək və insanları “düşmən” elan etmək siyasətinin yeni və daha təhlükəli formasını dirçəltməkdə günahlandırıb.

Dias-Kanel, həmçinin ABŞ və onun müttəfiqlərini Qəzzadakı müharibəyə, İranda qızlar məktəbinin bombalanmasına, miqrantların təqibinə və Kubaya qarşı onilliklərdir davam edən embarqoya görə məsuliyyət daşımaqda ittiham edib. O bildirib ki, bu cür addımlar qlobal sülhə təhlükə yaradır.

Bu açıqlamalar Kubanın dərin iqtisadi böhranla üzləşdiyi bir dövrə təsadüf edir. Ölkədə ciddi yanacaq qıtlığı, uzunmüddətli elektrik kəsintiləri və iqtisadi geriləmə müşahidə olunur.

Kuba hakimiyyəti vəziyyətin əsas səbəblərindən biri kimi ABŞ-nin sərtləşdirilmiş məhdudiyyətlərini göstərir. Rəsmi Havana bildirir ki, bu tədbirlər neft tədarükünü pozub və ölkənin beynəlxalq maliyyə resurslarına çıxışını məhdudlaşdırıb.

Mayın 1-də ABŞ Prezidenti Donald Tramp Kuba rəsmiləri və qurumlarına qarşı yeni sanksiyaların tətbiqini nəzərdə tutan sərəncam imzalayıb. O, bu qərarı repressiyalar və ABŞ-nin milli təhlükəsizliyinə yönələn təhdidlərlə əsaslandırıb.

Tramp bu ilin əvvəlində, həmçinin Kubaya neft satan və ya neft tədarük edən ölkələrdən idxal olunan mallara gömrük rüsumlarının tətbiqinə imkan verən mexanizm yaradıb.

Teqlər