Kanadada meşə yanğınları ilə mübarizə gücləndirilir

Kanadada meşə yanğınları ilə mübarizə gücləndirilir
Reuters

Ontario əyalətinin Baş naziri Duq Ford Ağ Ev rəhbəri Donald Trampın ABŞ-nin bəzi bölgələrinə yayılan meşə yanğınlarının tüstüsünə görə Kanadanı günahlandırmasını tənqid edib. 

Əyalətdə yüzlərlə meşə yanğını ilə mübarizənin davam etdiyi bir vaxtda Ford Trampın açıqlamalarının qəbuledilməz olduğunu bildirib.

O bildirib ki, Ontario yanğınların nəzarət altına alınması və yaşayış məntəqələrinin qorunması üçün bütün zəruri tədbirləri həyata keçirir. Ford əlavə edib ki, vəziyyət əksinə olsaydı, Kanada tərəddüd etmədən ABŞ-yə dəstək göstərərdi.

Ford meşə problemlərinin həlli üçün tariflərin azaldılmasını təklif edib

Şənbə günü keçirilən mətbuat konfransında çıxış edən Ford bildirib ki, Ontarioda indiyədək təxminən 655 min hektar meşə sahəsi yanıb. O, sakinlərin təhlükəsizliyinin təmin olunması üçün ayrılacaq maliyyə vəsaitinə heç bir məhdudiyyət qoyulmayacağını vəd edib.

18 iyul 2026-cı ildə Kanadadakı meşə yanğınlarının tüstüsü ABŞ-nin paytaxtı Vaşinqtonda qalmaqda davam edərkən insanlar Linkoln Memorialını ziyarət edirlər.
Reuters

Ford bildirib ki, əgər Vaşinqton Kanadadan meşələrin daha intensiv şəkildə təmizlənməsini gözləyirsə, ilk növbədə Kanada istehsalı olan yumşaq ağac materiallarına tətbiq edilən tarifləri ləğv etməlidir. Onun sözlərinə görə ABŞ bazarına çıxış imkanlarının genişləndirilməsi meşələrin daha səmərəli idarə olunmasına və bu sahədə mövcud problemlərin həllinə töhfə verə bilər.

Meşə yanğınları cənuba doğru yayılır

Kanada federal hökuməti Ontarionun şimal-qərbində yerləşən ucqar Fort-Houp yaşayış məntəqəsinin sakinlərinin təxliyəsi üçün hərbi təyyarələrin cəlb olunduğunu açıqlayıb. Bildirilib ki, bölgədə ən genişmiqyaslı və təhlükəli meşə yanğınlarından bəziləri məhz bu ərazidə davam edir.

Təbii Sərvətlər Nazirliyinin məlumatına görə gecə ərzində daha 69 meşə yanğını qeydə alınıb. Bununla da ölkə üzrə aktiv yanğınların sayı 955-ə çatıb.

18 iyul 2026-cı ildə Kanadadakı meşə yanğınlarının tüstüsü ABŞ-nin paytaxtı Vaşinqtonun üzərində qalmaqda davam edir.
Reuters

Meşə yanğınlarının tüstüsü ABŞ-nin bir sıra ştatlarına da yayılıb. Pensilvaniya, Nyu-Cersi, Merilend, Delaver, Virciniya, Ohayo və paytaxt Vaşinqton da daxil olmaqla, bir sıra ərazilərdə hava  ilə bağlı xəbərdarlıqlar edilib. İyulun 18-də Pensilvaniyanın qərbində yerləşən bəzi bölgələrdə isə havanın sağlamlıq üçün olduqca təhlükəli səviyyəyə çatdığı bildirilib.

Kanada rəsmiləri Ontarioda meşə yanğınlarının son 24 saat ərzində səngidiyini bildiriblər. Qarşıdakı günlərdə isə hava şəraitinin yaxşılaşacağı gözlənilir.

Teqlər