Çin “British Steel”in milliləşdirilməsini izlədiyini bildirib

Çin “British Steel”in milliləşdirilməsini izlədiyini bildirib
Reuters

Çin Xarici İşlər Nazirliyi Böyük Britaniyanın “British Steel” şirkətini milliləşdirməsini yaxından izlədiyini bildirib. 

Zərərlə işləyən şirkət iyulun 16-sı Britaniya hökumətinin tam nəzarətinə keçənədək Çinin özəl polad istehsalçısı “Jingye”yə məxsus olub.

Çin Xarici İşlər Nazirliyi Böyük Britaniyanı tərəflər üçün məqbul həll yolu tapmağa, o cümlədən təzminat məsələsini nəzərə almağa çağırıb.

“Bu məsələ Çində geniş diqqət doğurub”, – nazirliyin bəyanatında bildirilib.

Qurum əlavə edib ki, Britaniyanın məsələyə yanaşması çinli investorların ölkənin investisiya mühitinə inamına birbaşa təsir göstərəcək. Eyni zamanda Çin ictimaiyyətində Britaniya hökumətinin etibarlılığı barədə təsəvvürlər formalaşdıracaq.

Britaniya nazirləri bildiriblər ki, bu addım ölkədə polad istehsalının dayanmaması üçün atılıb.

Vəzifəsini tərk etməyə hazırlaşan Baş nazir Kir Starmer qərarın Böyük Britaniyada polad istehsalının gələcəyini təmin etdiyini, ixtisaslı iş yerlərini və ölkə üçün mühüm strateji istehsal imkanlarını qoruduğunu bildirib.

Britaniya hökuməti 2025-ci ilin aprelində İngiltərənin şimalındakı Skantorp polad zavodunun dərhal bağlanmasının qarşısını alıb. Bu məqsədlə müəssisənin əməliyyat nəzarəti Çinin “Jingye” şirkətindən götürülüb.

Zavod ölkədə ilkin polad istehsalını davam etdirən son müəssisədir. O, Britaniyanın dəmir yolu, tikinti və avtomobil sənayesi üçün mühüm materiallar tədarük edir. Müəssisənin fəaliyyətini dayandırması 2 700 birbaşa iş yerini, eləcə də təchizat zəncirində minlərlə əlavə iş yerini təhlükə altına sala bilərdi.

“Jingye Steel” ötən həftə bildirib ki, Britaniya hökuməti şirkətin “British Steel”ə yatırdığı sərmayə nəticəsində üzləşdiyi itkilərə görə ona təzminat ödəməlidir.

Teqlər