Rusiyanın Kiyevə raket hücumu nəticəsində 1 nəfər həlak olub, 13 nəfər yaralanıb

Rusiyanın Kiyevə raket hücumu nəticəsində 1 nəfər həlak olub, 13 nəfər yaralanıb
Reuters

Rusiyanın səhər saatlarında Kiyev və ətraf bölgələrə endirdiyi raket zərbələri nəticəsində azı 1 nəfər həlak olub, 13 nəfər yaralanıb. Bu barədə Ukrayna rəsmiləri məlumat veriblər. Hücumdan sonra paytaxtın müxtəlif ərazilərində yanğınlar baş verib.

 

Ukrayna Hərbi Hava Qüvvələri ballistik raket təhlükəsi ilə bağlı xəbərdarlıq etdikdən sonra Kiyevdə ardıcıl güclü partlayışlar baş verib. Paytaxtın meri Vitali Kliçko bildirib ki, hücum nəticəsində yataqxana, yaşayış binası və supermarketdə yanğın başlayıb.

Raket zərbələri nəticəsində bir neçə qeyri-yaşayış binası və anbar da zədələnib. Şəhərin müxtəlif rayonlarında dayanacaqda olan avtomobillər və ofis binaları alovlanıb.

Xilasedicilər Kiyevin üç rayonunda dağıntılar altında axtarış-xilasetmə işləri aparıb, eyni zamanda baş verən yanğınları söndürüblər.

Vlad adlı şəhər sakini bildirib ki, partlayış zamanı mənzilində olub. Onun sözlərinə görə zərbənin təsirindən balkonun qapısı yerindən qoparaq ona dəyib.

“Nənəm mənimlə yaşayır və yeriyə bilmir. Onu qoyub necə qaça bilərdim?” – deyə o bildirib.

Ukrayna: Rusiya raket hücumlarını gücləndirib

Ukrayna rəsmiləri bildiriblər ki, Rusiya son həftələrdə Kiyev və digər şəhərlərə ballistik raket hücumlarını artırıb. Bu hücum Ukraynanın hava hücumundan müdafiə sistemlərində ciddi çatışmazlığın yaşandığı bir vaxta təsadüf edib.

Rusiyanın son raket hücumu Ukrayna ordusunun Qara dənizdə Rusiya hədəflərinə zərbələr endirdiyini açıqladığı vaxt baş verib.

Ukrayna Rusiya gəmilərinə zərbələr endirdiyini bildirib

Ukrayna Baş Qərargahı ölkə qüvvələrinin gecə saatlarında Qara dənizdə Rusiyaya məxsus iki neft tankerinə zərbələr endirdiyini açıqlayıb. Məlumata görə, Azov dənizindəki üzən kran da hədəfə alınıb. Rəsmi Kiyev bildirib ki, Rusiya bu obyektlərdən logistika məqsədilə istifadə edirdi.

Ukraynanın Xarici İşlər naziri vəzifəsini icra edən Andriy Sibiha isə Rusiyanın genişmiqyaslı müharibənin başlanmasından bəri bir hücum zamanı rekord sayda ballistik raket buraxdığını açıqlayıb.

“Rusiya Ukraynanın paytaxtına təxminən 40 ballistik raket atıb. Hücum nəticəsində ölən və yaralananlar var”, – Sibiha “X” platformasında yazıb.

O, hücumların dayandırılması üçün Moskvaya beynəlxalq təzyiqin artırılmasına çağırıb.

Teqlər