İspaniyada güclü külək meşə yanğını ilə mübarizəni çətinləşdirib

İspaniyada güclü külək meşə yanğını ilə mübarizəni çətinləşdirib
Reuters/Violeta Santos Moura

İspaniyanın hərbi yanğınsöndürmə bölmələri Qvadalaxara əyalətində baş verən La Mierla meşə yanğınını nəzarət altına almaq üçün gecə boyu fasiləsiz çalışıblar.

 

Cümə axşamı başlayan meşə yanğını güclü küləyin təsiri ilə sürətlə yayılıb. Səhər saatlarınadək alovun əhatə etdiyi ərazi 9 min hektardan 13 min hektara qədər genişlənib.

21 yaşayış məntəqəsindən təxminən 800 nəfər təxliyə olunub. Yanğın gecə ərzində 14 kilometr irəliləsə də, boşaldılmış ərazilərə daxil olmayıb.

Hərbçilər yanğınla mübarizə tədbirlərinə qoşulublar

İspaniyanın Hərbi Fövqəladə Hallar Bölməsinin əməkdaşları regional qüvvələrlə birlikdə yanğının yayılmasının qarşısını almaq üçün su şlanqlarından, yanğın zolaqlarından və ağır texnikadan istifadə ediblər.

Əməliyyata 32 qrupdan ibarət 200-dən çox əməkdaş cəlb olunub. Hava işıqlandıqdan sonra yanğınsöndürən təyyarələr də fəaliyyətini bərpa edib.

Kastiliya-La-Mança hökuməti yaşayış məntəqələri və mühüm infrastruktur üçün təhlükənin davam etməsi səbəbindən ikinci səviyyəli fövqəladə vəziyyət rejimini qüvvədə saxlayıb.

Rəsmilər qeyd ediblər ki, dəyişkən külək yanğınla mübarizə aparan qrupların işini xeyli çətinləşdirir.

Ores yaxınlığında baş verən yanğında vəziyyət sabitləşib

Saraqosa əyalətinin Ores yaşayış məntəqəsi yaxınlığındakı meşə yanğını nəzarətə alınıb. Peyk görüntülərinin təhlilindən sonra yanmış ərazinin həcmi 15800 hektardan 14400 hektara endirilib.

Reuters/Violeta Santos Moura

Saraqosada 5, qonşu Navarra bölgəsində isə 1 yaşayış məntəqəsi təxliyə edilib. Rəsmilər aktiv alov qalmadığını, yalnız bəzi ərazilərdə tüstünün müşahidə olunduğunu bildiriblər.

La Mierla və Ores yanğınları bu il İspaniyada baş verən ən ciddi meşə yanğınları sırasındadır.

Teqlər