Börnhem yaşayış xərclərini önə çəkərək rəqəmsal şəxsiyyət vəsiqəsi (ID) planını ləğv edəcək

Börnhem yaşayış xərclərini önə çəkərək rəqəmsal şəxsiyyət vəsiqəsi (ID) planını ləğv edəcək
Reuters

Böyük Britaniyanın yeni baş naziri Endi Börnhem yaşayış xərcləri və digər gündəlik problemlərin həllini ön plana çəkmək məqsədilə hökumətin rəqəmsal şəxsiyyət vəsiqəsi (ID) proqramından imtina etməyi planlaşdırır.

Börnhemin bu gün baş nazir postunda Kir Starmeri əvəz edəcəyi və yeni kabinetini açıqlayacağı gözlənilir.

Onun ofisindən bildirilib ki, rəqəmsal şəxsiyyət vəsiqəsi (ID) proqramının ləğv edilməsi Börnhemin vəzifəyə gəldikdən sonra verəcəyi ilk qərarlardan biri olacaq.

Qeyd edək ki, sözügedən layihə işçilərin işləmək hüququnu yoxlamaq üçün onlardan rəqəmsal şəxsiyyət sənədinin tələb olunmasını nəzərdə tuturdu. Bu addım hökumətin qeyri-qanuni miqrasiya və qanunsuz məşğulluğa qarşı mübarizə tədbiri kimi təqdim olunmuşdu.

Lakin layihənin ciddi tənqidlərə səbəb olmasından sonra, Kir Starmer hələ yanvar ayında bu məcburi tələbdən imtina etmişdi.

Resurslar yaşayış xərclərinin azaldılmasına yönəldiləcək

Börnhemin sözçüsü bildirib ki, milli şəxsiyyət vəsiqəsi (ID) proqramına ayrılmış vaxt və vəsaitlər daha təxirəsalınmaz məsələlərin həllinə yönəldiləcək.

Büdcə Məsuliyyəti İdarəsinin hələ noyabr ayındakı hesablamalarına görə, bu proqramın 2026/2027 və 2028/2029-cu maliyyə illəri ərzində hökumətə təxminən 1,8 milyard funt-sterlinqə başa gələcəyi proqnozlaşdırılırdı.

Qeyd edək ki, britaniyalılar hazırda şəxsiyyətlərini təsdiqləmək üçün əsasən pasport və sürücülük vəsiqəsi kimi sənədlərdən istifadə edirlər. Ölkədə İkinci Dünya müharibəsi dövründə tətbiq edilən milli şəxsiyyət vəsiqələri isə hələ 1952-ci ildə ləğv olunub.

Mühafizəkarlar qərarı tənqid edib

Mühafizəkarlar Partiyasından olan müxalifətçi deputat Culiya Lopez Leyboristləri dövlət vəsaitini bu proqrama israf etməkdə günahlandırıb.

"Leyboristlər bu layihəyə milyonlarla funt-sterlinq israf ediblər. İndi isə Endi Börnhem gəlib özünü xilaskar kimi göstərməyə çalışır", - deyə o bildirib.

Leyboristlər Partiyasının sədr müavini Lusi Pauell isə bu qərarı yeni hökumətin öz prioritetlərini yenidən müəyyənləşdirmək cəhdinin bir nümunəsi kimi qiymətləndirib.

O, ilkin mərhələdə qənaət ediləcək vəsaitin o qədər də çox olmayacağını etiraf etsə də, layihədən imtinanın nazirlərə həm diqqəti, həm də resursları daha təxirəsalınmaz problemlərə yönəltməyə imkan verəcəyini vurğulayıb.

Şimal dənizi siyasəti dəyişməyəcək

Lüsi Pauell BBC və “Sky News”a müsahibələrində bildirib ki, Bernhem hökuməti Leyboristlər Partiyasının Şimal dənizində yeni neft və qaz qazmalarına dair mövcud siyasətini davam etdirəcək.

Partiyanın 2024-cü il seçki manifestində əvvəl verilmiş lisenziyaların qüvvədə saxlanılması şərtilə yeni kəşfiyyat lisenziyalarının təqdim olunmayacağı vəd edilmişdi.

Bu lisenziyalara Şotlandiyadakı “Rosebank” və “Jackdaw” neft-qaz layihələri də daxil idi. Həmin layihələrə verilmiş tənzimləyici icazələr 2025-ci ildə məhkəmə iddiasından sonra ləğv olunub.

Pauell həmçinin hökumətin maliyyə çətinliyi yaşayan su təchizatı şirkətlərini, o cümlədən “Thames Water”ı xüsusi idarəetmə rejiminə keçirə biləcəyini deyib. Lakin Börnhem hökumətinin bu addımı atıb-atmayacağını təsdiqləməyib.

Teqlər