Qayanada bərə batıb: 12 nəfərin öldüyü ehtimal olunur

Qayanada bərə batıb: 12 nəfərin öldüyü ehtimal olunur
Reuters

İyulun 18-də Qayanada 133 nəfəri daşıyan bərə çevrilib. Hadisə nəticəsində onlarla insanın həlak olduğu ehtimal edilir.

İyulun 19-da axşamadək davam edən axtarış-xilasetmə əməliyyatı zamanı 15-i uşaq olmaqla 67 nəfər xilas edilib. Bundan sonra sağ qalan başqa şəxs tapılmayıb.

Qayananın İctimai İşlər naziri Xuan Edqill bildirib ki, kapitan və digər ekipaj üzvləri istintaqa cəlb olunaraq saxlanılıb.

“Axtarış-xilasetmə işləri davam edir. İtkin düşənləri tapmaq üçün mümkün olan hər şeyi edirik”, – nazir deyib.

116 sərnişin və 17 ekipaj üzvünün olduğu “MV Barima” paytaxt Corctaundan Port-Kaitumaya gedərkən sahildən təxminən 11 kilometr aralıda çevrilib.

Yerli vaxtla axşama yaxın həyəcan siqnalı daxil olduqdan sonra genişmiqyaslı xilasetmə əməliyyatına başlanılıb.

Xilasetmə işlərinə maneələr

Rəsmilər bildiriblər ki, ilkin mərhələdə qaranlıq və xüsusi avadanlığın çatışmazlığı əməliyyatı çətinləşdirib. Daha sonra neft və qaz şirkətləri axtarışlara dəstək vermək məqsədilə gəmilər göndərib, hökumət dalğıcları isə batmış bərənin daxilində axtarış aparmağa başlayıblar. Axtarış sahəsi 400 kvadrat kilometrdən 1 040 kvadrat kilometrədək genişləndirilib.

Edqill bildirib ki, kapitan da daxil olmaqla bir neçə ekipaj üzvünün marixuana üzrə testinin nəticəsi müsbət çıxıb. O, həmçinin sudan xilas edilən bəzi şəxslərin gəminin rəsmi sərnişin siyahısında olmadığını açıqlayıb.

Rəsmilərin sözlərinə görə, bərə 2024-cü ildə texniki baxışdan keçib və bu ilin sonunda yenidən yoxlanılması planlaşdırılırdı.

Gəmidə panika

Sağ qalanlardan Leon Murrey yerli mediaya bildirib ki, səfərin təxminən dördüncü saatında kimsə gəminin batdığını qışqırdıqdan sonra göyərtədə panika başlayıb.

Onun sözlərinə görə, o, xilasedici jiletin köməyi ilə suyun üzündə qala bilib. Daha sonra oğlunu və digər üç nəfəri suyun üzərində qalan qutuya yapışmış vəziyyətdə tapıb.

Murrey və oğlu xilas olsalar da, onun həyat yoldaşı, qızı və dörd nəvəsi hələ də itkin düşmüş hesab olunur.

Qayananın Baş naziri Mark Fillips bildirib ki, bərədə 284 tonluq yük tutumuna qarşı 268 ton yükün olduğu qeydə alınıb. Gəminin 300-dən çox sərnişin daşımaq üçün lisenziyası olub və o, xilasedici jiletlər və xilasedici sallarla təchiz edilib.

Fillips polis, müdafiə və dəniz qurumlarının əməkdaşlarının mümkün qanunsuz əməlləri ilə bağlı araşdırmaya başlanıldığını da təsdiqləyib. O bildirib ki, səhlənkarlıq və ya cinayət xarakterli davranışda təqsirli bilinən şəxslər qanunun bütün sərtliyi ilə məsuliyyətə cəlb olunacaqlar.

Teqlər