Gündəlik 5 fincanadək qəhvə qəbulu ürək sağlamlığı üçün təhlükə yaratmır

Gündəlik 5 fincanadək qəhvə qəbulu ürək sağlamlığı üçün təhlükə yaratmır
Reuters

Tədqiqatlara əsasən, gün ərzində 5 fincana qədər kofeinli qəhvə qəbul etmək böyüklərin əksəriyyəti üçün təhlükəsiz sayılır və hətta ürək xəstəlikləri ilə insultdan qorunmağa kömək edə bilər. Lakin ekspertlər bildirirlər ki, energetik içkilər ürək üçün riskləri artıra bilər.

Tədqiqat nəyi üzə çıxarıb?

Amerikan Ürək Assosiasiyasının yeni elmi bəyanatına görə, gündə beş fincana qədər kofeinli qəhvə içmək böyüklərin əksəriyyəti üçün ümumilikdə təhlükəsizdir və ürəklə bağlı bir sıra xəstəliklərin yaranma riskini azalda bilər.

Son elmi sübutların təhlili göstərib ki, gün ərzində 400 mq-a qədər kofein qəbulu — bu da təxminən beş fincan sadə qara qəhvəyə bərabərdir — bəzi insanlarda ürək xəstəlikləri, ürək çatışmazlığı, insult və II tip diabet riskinin azalması ilə əlaqəlidir.

Elmi bəyanatın hazırlıq qrupunun sədri Qreqori M. Markus bildirib: "Qəhvə tərkibindəki kofein milyonlarla insanın gündəlik həyatının mühüm hissəsidir. Ən son tədqiqatlara əsasən, böyüklərin əksəriyyəti üçün gün ərzində 400 mq-a qədər kofein (əlavə şəkər və qatqısı olmayan gündəlik 5 fincana qədər qəhvə) təhlükəsizdir və ürək-damar riskini artırmır".

Energetik içkilər narahatlıq yaradır

Tədqiqatçılar xəbərdarlıq edirlər ki, bu nəticələr tərkibində daha yüksək kofein konsentrasiyası olan energetik içkilərə və ya konsentratlaşdırılmış energetikləmələrə ("energy shot") şamil edilmir.

Bəyanatda qeyd olunur ki, bu kimi məhsullar xüsusilə gənclərdə yüksək qan təzyiqi və ürək ritminin pozulması (aritmiya) riskini artıra bilər.

"Bununla belə, energetik içkilərdə və konsentratlarda olan yüksək kofein dozaları ürəyə zərərli təsir göstərə bilər və bunlardan yayınmaq lazımdır", — deyə Markus vurğulayıb.

Məsələ təkcə kofeində deyil

Ekspertlərin fikrincə, qəhvənin tərkibində kofeindən əlavə, antioksidant və iltihabəleyhinə xüsusiyyətlərə malik bir çox təbii maddələr var ki, bunlar da onun sağlamlığa potensial faydalarını izah etməyə kömək edir.

Həmçinin qeyd olunub ki, qəhvəyə şəkər, aromatlaşdırılmış sirop və ya qaymaq əlavə etmək bu faydaların bir hissəsini azalda bilər.

Tədqiqat gündə iki-dörd fincan qəhvə içməyin ürək xəstəlikləri, ürək çatışmazlığı və insult riskini azaltdığını göstərsə də, gündə dörddən çox fincan içmək bəzi insanlarda ürək çatışmazlığı riskini artıra bilər.

Tədqiqatçılar kofeinin yaş, genetika, qəbul edilən dərmanlar və mövcud səhhət problemləri kimi amillərdən asılı olaraq hər kəsə fərqli təsir etdiyini vurğulayıblar. Onlar müxtəlif kofeinli içkilərin ürək sağlamlığına necə təsir etdiyini daha yaxşı anlamaq üçün əlavə araşdırmalara ehtiyac olduğunu bildiriblər.

Elmi bəyanat "Circulation" jurnalında dərc olunub.

Teqlər