Sinaloa kartelinin həmtəsisçisi “El Mayo” ömürlük həbs cəzasına məhkum edilib

Sinaloa kartelinin həmtəsisçisi “El Mayo” ömürlük həbs cəzasına məhkum edilib
Reuters

Meksikanın ən nüfuzlu narkotik baronlarından biri və güclü Sinaloa kartelinin həmtəsisçisi İsmail “El Mayo” Zambada bazar ertəsi ABŞ Federal Məhkəməsi tərəfindən ömürlük həbs cəzasına məhkum edilib. O, irihəcmli narkotik qaçaqmalçılığı ilə bağlı ittihamları etiraf edib.

76 yaşlı Zambada ötən il Sinaloa kartelinin rəhbərlərindən biri kimi illər ərzində ABŞ-yə milyonlarla kiloqram kokain göndərilməsinə nəzarət etdiyini boynuna alıb.

Bu hökm 2019-cu ildə Sinaloa kartelinin digər rəhbəri Xoakin “El Çapo” Quzmanın ömürlük həbs cəzasına məhkum edilməsindən sonra Meksika kartellərinin liderləri ilə bağlı çıxarılan ən səs-küylü məhkəmə qərarlarından biri kimi qiymətləndirilir.

ABŞ federal hakimi Brayan Koqan Bruklində keçirilən məhkəmə iclasında Zambadaya qanunla müəyyən edilmiş ömürlük həbs cəzası verib. Hakim bildirib ki, onun törətdiyi cinayətlərin miqyası bu cəzanın tətbiqini tam əsaslandırır.

“Onun məsuliyyət daşıdığı narkotiklərin həcmi demək olar ki, təsəvvüredilməzdir. Sənədlərlə sübuta yetirilən qətllərin sayı da Konqresin bu cinayətlərə görə məcburi ömürlük həbs cəzasını nəzərdə tutmasını tam əsaslandırır”, – deyə hakim bildirib.

Zambada məsuliyyətini qəbul edir

ABŞ-də narkotik qaçaqmalçılığı ittihamları ilə üzləşən və Sinaloa kartelinin iddia olunan həmtəsisçisi İsmail “El Mayo” Zambada, 25 avqust 2025-ci il
Reuters

Həbsxana geyimində və ABŞ Marşallar Xidmətinin müşayiəti ilə məhkəmə zalına gətirilən Zambada hökm elan olunmazdan əvvəl qısa çıxış edib.

O, əməllərinin vurduğu zərərə görə məsuliyyəti qəbul etdiyini bildirib və gənc nəslə müraciət ünvanlayıb.

“Belə bir müharibədə heç kim qalib gəlmir. Gənc nəslə səslənirəm: Başqa yol seçin”, – deyə Zambada məhkəmədə bildirib.

Zambada 2025-ci ilin avqustunda mütəşəkkil cinayət fəaliyyəti ilə bağlı sui-qəsd və davamlı cinayətkar təşkilata rəhbərlik də daxil olmaqla bir sıra ittihamlar üzrə təqsirini etiraf etməyə razılaşıb. Bunun müqabilində ABŞ prokurorları onun barəsində ölüm cəzası tələb etməmək öhdəliyi götürüblər.

Hakim Koqan, həmçinin Zambadanın getdikcə ağırlaşan bir neçə xəstəlikdən əziyyət çəkdiyini qeyd edib. O bildirib ki, Zambadanın lazımi tibbi yardımla təmin oluna biləcək cəzaçəkmə müəssisəsinə yerləşdirilməsini tövsiyə edəcək.

Kartel liderindən həbsxana məhbusuna

Uzun illər Zambada beynəlxalq narkotik ticarətinin ən nüfuzlu simalarından biri və Sinaloa kartelinin əsas qurucularından biri hesab edilirdi.

O, 2024-cü ilin iyulunda Nyu-Meksiko ştatındakı kiçik hava limanına enən təyyarədə “El Çapo”nun oğullarından biri Xoakin Quzman Lopeslə birlikdə saxlanılıb.

Federal prokurorlar sonradan açıqlayıblar ki, Quzman Lopes Zambadanı ABŞ-yə gətirməzdən əvvəl qaçırdığını etiraf edib.

ABŞ-nin Baş federal prokuroru Cozef Noçella bazar ertəsi elan olunan hökmdən sonra bildirib ki, Quzman Lopes uzun illər Sinaloa kartelinə rəhbərlik etmiş Zambadanı ABŞ hakimiyyətinə təhvil verməklə daha yüngül cəza alacağına ümid edirdi.

“ABŞ açıq şəkildə bəyan edib ki, adam oğurluğuna göz yummuruq və buna görə də ona heç bir güzəşt edilməyəcək,” – deyə Noçella bildirib.

Quzman Lopes narkotik qaçaqmalçılığı ilə bağlı ayrıca ittihamlar üzrə təqsirini etiraf etsə də, onun barəsində hələ hökm çıxarılmayıb. Bu arada, “El Çapo” ömürlük həbs cəzasını çəkmək üçün Kolorado ştatında təhlükəsiz həbsxanada saxlanılır.

Beləliklə, Sinaloa kartelinin ən nüfuzlu iki lideri ömürlük həbsə məhkum olunaraq təşkilatdan uzaqlaşdırılıb.

Xronologiya: 2019-cu ildən bəri ABŞ-də həbs olunan və məhkum edilən Meksika narkobaronları

1. İyul 2019: Sinaloa kartelinin lideri Xoakin “El Çapo” Quzman narkotik qaçaqmalçılığı, çirkli pulların yuyulması və odlu silahlarla bağlı ittihamlar üzrə təqsirli bilinərək Nyu-York məhkəməsinin qərarı ilə ömürlük həbs cəzasına, əlavə olaraq isə 30 il müddətinə azadlıqdan məhrum edilib. ABŞ prokurorları onu dünyanın ən güclü narkotik qaçaqmalçılığı şəbəkələrindən biri olan Sinaloa kartelinin əsas rəhbərlərindən biri kimi xarakterizə ediblər.

2. Dekabr 2023: ABŞ məhkəməsi Quzmanın ömürlük həbs cəzasından şikayət vermək cəhdini rədd edib və bununla da 2019-cu ildə çıxarılmış hökm qüvvədə saxlanılıb. Quzman hazırda Kolorado ştatında təhlükəsiz federal həbsxanada cəza çəkir.

3. İyul 2025: “El Çapo”nun oğullarından biri və Sinaloa kartelinin “Çapitos” qanadının liderlərindən olan Ovidio Quzman Lopes Çikaqoda narkotik qaçaqmalçılığı və davamlı cinayətkar təşkilata rəhbərlik ittihamları üzrə təqsirini etiraf edib. Onun barəsində hələ hökm çıxarılmayıb, lakin ömürlük həbs cəzası ilə üzləşə bilər.

4. İyul 2026: Sinaloa kartelinin həmtəsisçisi İsmail “El Mayo” Zambada mütəşəkkil cinayət fəaliyyəti məqsədilə sui-qəsd və davamlı cinayətkar təşkilata rəhbərlik də daxil olmaqla bir sıra ittihamlar üzrə təqsirini etiraf etdikdən sonra Bruklindəki federal məhkəmənin qərarı ilə ömürlük həbs cəzasına məhkum edilib. Prokurorların bildirdiyinə görə o, uzun illər ərzində milyonlarla kiloqram kokainin ABŞ-yə daşınmasına rəhbərlik edib.

Teqlər