Müğənni D4VD 14 yaşlı sevgilisinin qətlində ittiham olunur

Müğənni D4VD 14 yaşlı sevgilisinin qətlində ittiham olunur
Reuters

ABŞ-nin Los-Anceles dairəsinin Baş Prokurorluğu Devid Börkə qarşı qətl işi üzrə irəli sürülən ittihamların təfərrüatlarını açıqlayıblar.

 

Sənətçi 14 yaşlı sevgilisini bıçaqlayaraq öldürməkdə və cəsədini parçalamaqda ittiham olunur. Məlumata görə qətlin ehtimal olunan səbəbi sevgilisinin münasibətlərini ictimaiyyətə açıqlamaqla onu hədələməsi olub.

Devid Börk D4vd səhnə adı ilə tanınır. O, 2022-ci ildə "TikTok"da populyarlıq qazandıqdan sonra qısa müddətdə musiqi dünyasında tanınıb və səsyazma şirkəti ilə müqavilə imzalayıb. Sənətçinin ilk studiya albomu 2025-ci ilin aprelində, sevgilisi Seleste Rivas Ernandesin itkin düşdüyü həftə yayımlanıb.

21 yaşlı Börk 2026-cı ilin aprelində həbs edilib. O, ittihamları qəbul etməyib.

Məhkəmə sənədlərində bildirilir ki, Börk 14 yaşlı Seleste Rivas Ernandesi 2025-ci ilin aprelində öldürməkdə ittiham edilir.

Rəsmi qurumların məlumatına görə qız Börkün evinə getdikdən sonra itkin düşüb. Onun meyitinin qalıqları beş ay sonra müğənninin adına qeydiyyatda olan tərk edilmiş avtomobilin baqajında aşkarlanıb.

Prokurorluğun iddiasına əsasən, Börk bir neçə il ərzində zərərçəkənlə cinsi münasibətdə olub. İddia iş materiallarına daxil edilmiş mesaj yazışmaları və digər sübutlarla əsaslandırılır.

Qətlin əsas motivi maddi maraq olub. İstintaq hesab edir ki, Börk münasibətləri barədə məlumatların ictimaiyyətə açıqlanmasının onun musiqi karyerasına və kommersiya müqavilələrinə ciddi zərər vuracağından ehtiyat edib.

O, 2022-ci ildə mobil telefonla yazdığı və əsasən oyun videoları üçün hazırladığı mahnıların TikTok-da viral yayılmasından sonra məşhurlaşıb.

Dairə prokuroru Neytan Hokman məhkəmə binası qarşısında jurnalistlərə bildirib ki, prokurorluq dinləmələr zamanı 10-dan çox şahid çağıracaq. Ölüm hökmü barədə qərar isə daha sonra veriləcək.

Teqlər