Ukrayna Rusiyanın cənubunda "Wildberries" şirkətinin daha iki anbarını vurub

Ukrayna Rusiyanın cənubunda "Wildberries" şirkətinin daha iki anbarını vurub
Hücumdan sonra "Wildberries" anbarından tüstü qalxır, 22 iyul, 2026
Reuters

Rusiyanın onlayn pərakəndə satış şirkəti "Wildberries"in həmtəsisçisi və baş direktoru Tatyana Kim bildirib ki, Ukrayna çərşənbə günü şirkətə məxsus daha iki anbara zərbə endirib. 

Kim bildirib ki, hücumlar Rusiyanın cənubundakı Krasnodar və Nevinnomıssk şəhərlərində yerləşən obyektlərə həyata keçirilib. “Reuters” tərəfindən təsdiqlənən görüntülərdə hücumdan sonra Krasnodardakı anbardan qalxan tüstü görünüb.

Rusiyada “Amazon”la müqayisə edilən "Wildberries" ölkənin ən böyük işəgötürənlərindən və ən iri onlayn ticarət platformalarından biridir. “Wildberries” birjada olmasa da, mümkün hücum riski ilə bağlı narahatlıqlar Moskva birjasında rəqib elektron ticarət platforması olan “Ozon”un səhmlərinin 4 faiz ucuzlaşmasına səbəb olub. 

Kiyev: Hücumlar hərbi logistikanı hədəfləyir

Bu hücumlar Ukraynanın Rusiya ərazisinin dərinliklərinə yönələn uzaqmənzilli dron əməliyyatlarının genişləndiyini göstərir. Məqsəd Moskvanın hərbi səylərini zəiflətmək və müharibənin təsirini Rusiya daxilində daha çox hiss etdirməkdir.

Ukraynadan bildirilir ki, hücumlar Rusiya ordusunun əməliyyatlarını dəstəkləyən şirkət və infrastruktura qarşı həyata keçirilir.

Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, son hədəflər Rusiya qüvvələrinə dron hissələri və digər avadanlıqların çatdırılmasında istifadə olunan logistika mərkəzləri olub.

Kreml isə "Wildberries" şirkətinin hərbi təchizatla əlaqəsi olduğunu təkzib edib.

Rusiya isə öz növbəsində genişmiqyaslı işğalın başlanmasından bu yana dəfələrlə Ukraynanın logistika infrastrukturu, enerji obyektləri və elektrik şəbəkələrini hədəfə alıb.

Əvvəlki hücumda 8 işçi ölüb

Son hücumlar Ukraynanın şənbə günü "Wildberries" obyektlərinə endirdiyi zərbədən bir neçə gün sonra baş verib. Həmin hücum nəticəsində 8 əməkdaş ölüb, yanğınlar baş verib və şirkətin fəaliyyətinə mane olub.

Hücumların vurduğu ziyanın tam miqyası hələ məlum deyil.

Krasnodar vilayətinin qubernatoru Veniamin Kondratyev bildirib ki, anbar kompleksinə hücum nəticəsində 10 nəfər yaralanıb. O, birbaşa "Wildberries"in adını çəkməyib.

Hakimiyyət orqanları yanğının söndürülməsi üçün helikopter və 100-dən çox yanğınsöndürənin cəlb edildiyini açıqlayıb.

Şirkətlər vergi güzəşti istəyir

Rusiyanın onlayn ticarət sahəsi üzrə Elektron Ticarət İştirakçıları Assosiasiyası hökumətdən hücumlardan zərər çəkən şirkətlər üçün vergi ödənişlərinin altı ay təxirə salınmasını istəyib.

Şirkət zərərin miqyası ilə bağlı məlumat verməyib.

Xatırlaaq ki, "Wildberries" Avropa kataloqlarından geyim satan onlayn mağaza kimi fəaliyyətə başlayıb, daha sonra üçüncü tərəf satıcıların da iştirak etdiyi geniş marketplace platformasına çevrilib.

Rusiyanın onlayn pərakəndə bazarı son illərdə sürətlə böyüyüb. İnternet Ticarəti Şirkətləri Assosiasiyasının məlumatına görə 2025-ci ildə onlayn satışlar 28 faiz artaraq 11,5 trilyon rubla çatıb.

Baş nazirin müavini Aleksandr Novak bildirib ki, rəqəmsal platformalar vasitəsilə mal və xidmət satışları Rusiyanın ümumi daxili məhsulunun təxminən 8,5 faizini təşkil edir.

Teqlər