Alimlər Günəş sistemimizin yerləşdiyi Süd Yolu qalaktikasında indiyədək analoqu olmayan planet sistemi aşkar ediblər.
Sistem Günəşdən daha kiçik olan və onun kütləsinin təxminən 40 faizinə malik qırmızı cırtdan ulduzdan ibarətdir. Bu ulduzun ətrafında nə planetə, nə də ulduza bənzəyən göy cismi – qəhvəyi cırtdan dövr edir.
Qəhvəyi cırtdanın ətrafında isə təxminən Yupiter ölçüsündə olan qaz nəhəngi yerləşir. Bu yeni tapıntı Çilidə yerləşən Avropa Cənub Rəsədxanasının (ESO) Çox Böyük Teleskopu vasitəsilə aşkar edilib.
Rəsmi ad verilənədək, aşkarlanan obyektlər “ekzopeyk” (ekzosatellit) adlandırılacaq.
Sistem Yerdən təxminən 71 işıq ili, yəni təxminən 9,5 trilyon kilometr uzaqlıqda yerləşir.
Ekzopeykin kütləsi ən azı Yupiterin kütləsinin 90 faizi qədərdir. O, qəhvəyi cırtdanın ətrafında hər 170 gündən bir dövr edir. Obyektlə qəhvəyi cırtdan arasındakı məsafə Yer ilə Günəş arasındakı məsafənin təxminən beşdə birinə bərabərdir.
Pandoranın qutusu
Alimlərin fikrincə, bu tip obyekt tamamilə yeni və qeyri-adi xüsusiyyətlərə malikdir. İndiyədək alimlər Günəş sistemimizdən kənarda yerləşən 6300-dən çox ekzoplanet aşkar ediblər.
Bu sistemdəki qəhvəyi cırtdanın kütləsi Yupiterdən təxminən 33 dəfə çox, ölçüsü isə ondan təxminən 50 faiz böyük və temperaturu daha yüksəkdir.
1990-cı illərdə ilk ekzoplanetlərin aşkarlanmasından bəri alimlər müxtəlif planet sistemləri müəyyən ediblər. Onların bəziləri Günəş sistemimizə bənzəsə də, digərləri tamamilə fərqli xüsusiyyətlərə malikdir. Yeni araşdırılan bu sistem isə indiyədək aşkar edilmiş ən qeyri-adi sistemlərdən biri hesab olunur.
Bu mövzu haqqında fikriniz nədir?
İlk şərhi siz yazın