Hitlerin doğulduğu bina polis bölməsinə çevrilib

Hitlerin doğulduğu bina polis bölməsinə çevrilib
Avstriyanın Braunau am İnn şəhərində yerləşən və hazırda polis bölməsinə çevrilən Hitlerin doğulduğu binanın qarşısında park edilmiş nəqliyyat vasitələri, 16 iyul 2026-cı il.
Reuters

Adolf Hitlerin doğulduğu bina rəsmi olaraq polis məntəqəsi kimi fəaliyyətə başlayıb. Avstriya hökuməti bu addımla tikilinin neonasistlər üçün ziyarətgaha çevrilməsinin qarşısını almağı hədəfləyir.

Braunau-am-İnn şəhərində yerləşən və uzun illər müzakirələrə səbəb olan bu bina 2017-ci ildə Avstriya dövləti tərəfindən məcburi qaydada özəl mülkiyyətdən alınaraq milliləşdirilib. Hökumət 2019-cu ildə binanın yenidən qurulacağını və polis bölməsinə çevriləcəyini elan etmişdi.

Yenidənqurma işlərinədək binanın tarixi əhəmiyyətini göstərən yeganə simvol səkidə yerləşdirilmiş xatirə daşı idi. Mauthauzen konsentrasiya düşərgəsindən gətirilmiş bu daşın üzərində “Bir daha faşizm olmasın” sözləri həkk olunsa da, Hitlerin adı qeyd edilmirdi.

Xatirə daşı əvvəlki yerində saxlanılıb. Binanın yenilənmiş ağ fasadına əlavə olunan yeganə yazı isə “Polis” sözüdür.

Avstriya Daxili İşlər Nazirliyinin tarix şöbəsinin rəhbəri Stefan Milzcox qərarı belə dəyərləndirib: “Əsas məqsəd Adolf Hitlerlə bağlı hər hansı izi aradan qaldırmaq və binanı əhatə edən mistik havanı dağıtmaq idi”.

 

Reuters

 

“Bir daha heç vaxt”, yoxsa “Gəlin unudaq”?

Binanın polis bölməsinə çevrilməsi tənqidlərlə qarşılanıb. Holokostdan sağ çıxanların Avstriyadakı əsas təşkilatı olan Mauthauzen Komitəsi hesab edir ki, məkandan polis məntəqəsi kimi istifadə olunması yanlışdır və Hitlerin törətdiyi cinayətlərə diqqət çəkmək üçün daha çox addım atılmalıdır.

“Hər il Mauthauzen konsentrasiya düşərgəsinin xatirə kompleksində "bir daha heç vaxt" devizi səsləndirilir. Braunauda isə sanki "mümkün qədər tez unudaq" deyirlər", – Mauthauzen Komitəsinin və İrqçiliyə və Sağçı Ekstremizmə Qarşı Şəbəkənin nümayəndəsi Robert Eyter bildirib.

Avstriya onilliklər boyu 1938-ci ildə Hitler Almaniyası tərəfindən ilhaq edildikdən sonra özünü nasizmin “ilk qurbanı” kimi qələmə verib. Hazırda ölkə rəhbərliyi avstriyalıların da bu rejimin cinayətlərində payı olduğunu etiraf etsə də, bu mövzu üzərində nadir hallarda geniş dayanır.

Bəzi yerli sakinlər də qərara şübhə ilə yanaşır: “Başqa bir addımın atılmasını üstün tutardım, amma nə etmək olar”, – deyən 74 yaşlı sakin İren xeyriyyə təşkilatının binada qalmasını istədiyini əlavə edib.

Lakin əksəriyyət bu dəyişikliyi müsbət qarşılayır: “Bu, əla ideyadır. Vaxtaşırı bura neonasist qruplar gəlirdi, indi isə bu, artıq keçmişdə qaldı”, – daşınmaz əmlak üzrə agent Tomas Şprayts vurğulayıb.

Teqlər