ABŞ və Səudiyyə Ərəbistanı arasında tarixi nüvə əməkdaşlığı sazişi əldə olunub

ABŞ və Səudiyyə Ərəbistanı arasında tarixi nüvə əməkdaşlığı sazişi əldə olunub
Reuters

Saziş mülki nüvə enerjisi və strateji layihələr üzrə uzunmüddətli əməkdaşlıq üçün hüquqi çərçivə yaradır. ABŞ Energetika Nazirliyi bildirib ki, əlavə təminat razılaşması ilə birlikdə sənəd onilliklər boyu davam edəcək milyardlarla dollar dəyərində tərəfdaşlığın əsasını qoyacaq.

Açıqlamaya əsasən, bu, rəsmi Vaşinqton və Ər-Riyad arasında Səudiyyə Ərəbistanının mülki nüvə enerjisi sektoru yaratmaq planları ilə bağlı illərdir davam edən danışıqlarda mühüm mərhələdir.

İllərdir davam edən danışıqlar

İki ölkə arasında illərdir davam edən danışıqların məqsədi Səudiyyə Ərəbistanına ABŞ nüvə texnologiyalarına çıxış imkanı yaratmaqdır. Eyni zamanda, ABŞ şirkətləri gələcəkdə Səudiyyədə nüvə obyektlərinin tikintisi və istismarında iştirak imkanı əldə edir.

Nüvə əməkdaşlığı nüvə silahlarının yayılması və regional təhlükəsizliklə bağlı narahatlıqlar səbəbindən uzun müddətdir ABŞ-Səudiyyə münasibətlərinin ən həssas istiqamətlərindən biri olaraq qalır.

Belə ki, təklif olunan çərçivəyə Səudiyyə Ərəbistanının uranı zənginləşdirməsini və ya istifadə olunmuş nüvə yanacağının yenidən emalını açıq şəkildə qadağan edən “qızıl standart” məhdudiyyətləri daxil deyil. Hər iki fəaliyyət mülki məqsədlər üçün istifadə oluna bilər. Lakin eyni zamanda nüvə silahlarının hazırlanması proseslərinin bir hissəsi də ola bilər.

Rəsmi Ər-Riyad niyə nüvə enerjisi istəyir?

Səudiyyə Ərəbistanı nüvə enerjisinin uzunmüddətli iqtisadi strategiyasının əsas istiqamətlərindən biri olduğunu bildirir.

Həmçinin, İran nüvə silahı əldə edəcəyi təqdirdə, rəsmi Ər-Riyad da buna cavab olaraq analoji addım atmağı nəzərdən keçirə bilər. Bu açıqlamalar regionun nüvə proqramlarının gələcək istiqaməti ilə bağlı beynəlxalq narahatlıqları artırıb.

ABŞ üçün strateji üstünlüklər

ABŞ üçün bu saziş həm kommersiya, həm də geosiyasi üstünlüklər yaradır.

Saziş Səudiyyə Ərəbistanının nüvə enerjisi sahəsində artan beynəlxalq rəqabət fonunda əldə olunub. Çin, Rusiya, Fransa və Cənubi Koreya Səudiyyə Ərəbistanının nüvə enerjisi planları üçün potensial tərəfdaşlar hesab olunub.

ABŞ qanunvericiliyinə uyğun olaraq, Konqresin təklif olunan layihəni nəzərdən keçirməsi gözlənilir. Qanunvericilər əsas diqqəti təhlükəsizlik təminatlarına, uranın zənginləşdirilməsi ilə bağlı müddəalara və nüvə silahlarının yayılmamasına dair daha geniş öhdəliklərə yönəldə bilərlər.

Bundan əlavə, gələcək əməkdaşlığın nüvə yanacağı dövrünün daha həssas sahələrinə, o cümlədən uranın zənginləşdirilməsinə qədər genişlənib-genişlənməyəcəyi ilə bağlı suallar qalır. Bu məsələ ABŞ və Səudiyyə Ərəbistanı arasında aparılan danışıqların əsas mövzularından biri olaraq qalır.

Teqlər