Tramp xristianların müdafiəsinə görə Nigeriya liderinə dəstək məktubu göndərib

Tramp xristianların müdafiəsinə görə Nigeriya liderinə dəstək məktubu göndərib
Nigeriya Prezidenti Böyük Britaniyanın Baş naziri Kir Starmerlə görüşü öncəsi mətbuata açıqlama verir, Dauninq-strit 10, London, Böyük Britaniya, 19 mart 2026-cı il.
Reuters

Nigeriya Prezident Administrasiyası iyulun 22-də Ağ Ev rəhbəri Donald Trampın 6 iyul tarixli məktubunu yayımlayıb. 

Məktubda ABŞ Prezidenti Donald Tramp nigeriyalı həmkarı Bola Tinubunun təhlükəsizlik sahəsində fəaliyyətini yüksək qiymətləndirib. Məktub göstərir ki, Trampın Nigeriya ilə bağlı fikirləri dəyişib. Belə ki, ötən ilin sonunda o, Nigeriyanı tənqid etmişdi.

Məktubda Tramp Tinubunun liderliyini və hökumətinin təhlükəsizlik təhdidlərinə qarşı atdığı addımları yüksək qiymətləndirib.

“Bu, Nigeriya xalqı naminə göstərdiyiniz qətiyyətli liderliyə görə minnətdarlığımı ifadə etmək üçün bir fürsətdir”, – deyə Tramp yazıb.

ABŞ Prezidenti daha sonra terrorizm və təhlükəsizlik problemləri ilə mübarizədə iki ölkə arasında əməkdaşlığa dəstəyini ifadə edib.

“Terrorçularla mübarizədə sizinlə birlikdə olmaq və Nigeriya Federativ Respublikasını daha güclü və daha firavan etmək mənim üçün böyük şərəfdir”, – deyə Tramp bildirib. 

Trampın mesajı müəyyən müddət davam edən fikir ayrılıqlarından sonra rəsmi Vaşinqton və Abuca arasında münasibətlərin yaxşılaşdığını göstərir.

Nigeriya Prezident Administrasiyasının məlumatına görə, ABŞ və Nigeriya ötən il kəşfiyyat məlumatlarının mübadiləsini, hərbi təlimləri və silahlı qruplara qarşı koordinasiyalı mübarizəni genişləndirmək məqsədilə birgə təhlükəsizlik işçi qrupu yaradıb.

Trampın məktubunun yayımlanması ABŞ Dövlət katibinin Afrika məsələləri üzrə köməkçisi Frenk Qarsiyanın Abucaya səfərindən qısa müddət sonraya təsadüf edir. Səfər zamanı əsas müzakirə mövzularından biri ikitərəfli təhlükəsizlik əməkdaşlığının gücləndirilməsi olub.

Bu hadisələr iki ölkə hökuməti arasında terrorizmə qarşı mübarizə və daha geniş regional təhlükəsizlik problemləri üzrə əməkdaşlığın dərinləşdiyini göstərir.

Teqlər