Aİ-nin biometrik sərhəd yoxlamaları sistemi gecikə bilər

Aİ-nin biometrik sərhəd yoxlamaları sistemi gecikə bilər
Fransa ilə Böyük Britaniya arasındakı Kanal Tunelində böyük nasazlıq baş verdiyi vaxt, sürücülər növbədə gözləyərkən xidmətin dayandırıldığını göstərən lövhə. 30 dekabr 2025-ci il.
Reuters

La-Manş Tunelini idarə edən “Getlink” şirkəti Avropa İttifaqının (Aİ) yeni rəqəmsal sərhəd sistemi çərçivəsində avtomobillə səyahət edən sərnişinlər üçün nəzərdə tutulan biometrik yoxlamaların gecikə biləcəyini bildirib.

Şirkətin məlumatına görə, gecikməyə səbəb Aİ tərəfindən təqdim olunan proqram təminatının hələ tam sabit işləməməsidir.

Yeni giriş-çıxış sistemi

“Getlink”in baş icraçı direktoru Yann Leriş bildirib ki, proqram təminatındakı problemlər səbəbindən biometrik yoxlamaları hələlik sərnişin avtomobillərinə tətbiq etmək mümkün deyil.

“Bütün çətinliklərin aradan qalxdığını deyə bilmərəm. Hamımıza təsir edən və hazırda tez həlli görünməyən bir problem var: Avropa İttifaqının təqdim etdiyi proqram təminatı”, - deyə Leriş jurnalistlərə bildirib.

Aİ-nin Giriş-Çıxış Sistemi (EES) Şengen zonasına qısa müddətə səfər edən Aİ-yə daxil olmayan vətəndaşlar üçün yaradılan rəqəmsal sərhəd sistemidir.

Yeni sistem pasportlara möhür vurulmasını əvəz edir və sərhəddən giriş-çıxış, ölkəyə buraxılmama halları və biometrik məlumatları elektron şəkildə qeydə alır. EES 10 aprel 2026-cı ildən tam fəaliyyətə başlayıb.

Kanal Tunelini 2086-cı ilədək idarə etmək hüququna malik olan “Getlink” şirkəti yeni sistemə uyğunlaşmaq üçün terminallarına 91 milyon dollar sərmayə yatırıb.

Yeni sistem səyahət narahatlıqları yaradıb

EES sistemi xüsusilə sıx tətil dövrlərində sərhədlərdə və hava limanlarında mümkün gecikmələrlə bağlı narahatlıqlara səbəb olub.

Leriş bildirib ki, Kanal Tunelində hazırda növbələr bir-iki saat davam edir və bu, bəzi hava limanlarında qeydə alınan daha uzun gecikmələrdən azdır.

O, həmçinin Britaniya mediasını şirkətin fəaliyyəti ilə bağlı mənfi xəbərlərə görə tənqid edib. Lerişin sözlərinə görə, turistlərin 80 faizinin britaniyalı olduğu nəzərə alınarsa, bu cür xəbərlər şirkət barədə mənfi təsəvvür yaradır.

Onun fikrincə, əslində mövcud problemlərin böyük hissəsi düzgün idarəetmə ilə həll edilə biləcək səviyyədədir.

Getlink CEO, Yann Leriche poses at Eurotunnel terminal in Coquelles near Calais, France, 31 December 2020
Reuters
"Getlink" gəlir proqnozunu artırıb

Bununla yanaşı, Parisdə yerləşən şirkət bildirib ki, Britaniya hökumətinin kommersiya əmlak vergilərinin yenidən qiymətləndirilməsi ilə bağlı hüquqi prosesə başlayıb. Şirkətdən verilən məlumata görə, bu dəyişiklik illik vergi ödənişlərini üç dəfə artırıb.

Yann Leriş bildirib ki, Böyük Britaniyanın yeni hökuməti yay aylarının sonunadək qərarını yenidən nəzərdən keçirməsə, şirkət hüquqi addımlar atacaq.

EES sisteminin tətbiqi ilə bağlı narahatlıqlara baxmayaraq, “Getlink” məhdud gecikmələr gözlədiyini bildirib və illik gəlir proqnozunu artırıb.

Şirkət əvvəlki 932-978 milyon dollar aralığında olan proqnozu 949-989 milyon dollara yüksəldib.

Teqlər