Hindistanda hökumət gənc etirazçıların liderləri ilə danışıqlara başlayıb

Hindistanda hökumət gənc etirazçıların liderləri ilə danışıqlara başlayıb
Hindistanlı ictimai fəal Sonam Vangçuk bildirib ki, hökumət tələbələrə qarşı tədbir görülməyəcəyinə zəmanət verərsə, aclıq aksiyasını dayandıracaq. 22 iyul, 2026.
Reuters

Hindistanlı fəal Sonam Vangçuk hökumət nazirləri ilə keçirdiyi görüşlərdən sonra 26 günlük aclıq aksiyasını dayandırıb. Bu addım Baş nazir Narendra Modinin hökumətinə qarşı etiraz edən gənclər hərəkatı ilə hakimiyyət arasında mümkün dialoqun başlanmasının ilk əlaməti kimi qiymətləndirilir.

Vangçuk iki federal nazir ilə “müxtəlif şərtlərlə bağlı uzun danışıqlar” apardıqdan sonra aclıq aksiyasını dayandırdığını bildirib. O qeyd edib ki, mümkün zorakılıqla bağlı narahatlıqlar da bu qərarın qəbul edilməsində rol oynayıb. Fəal danışıqların nəticələri barədə videomüraciətlə açıqlama verəcəyini deyib.

Vangçukun aclıq aksiyası Hindistanda milli qəbul imtahanlarında sualların sızdırılması ilə bağlı iddialara etiraz edən tələbələrin hərəkatında əsas simvollardan birinə çevrilib. Etirazçılar hökuməti ölkənin ən mühüm imtahanlarından birinin keçirilməsində lazımi nəzarəti təmin etməməkdə ittiham edirlər.

Vangçuk aclıq aksiyasını dayandırsa da, tələbələrin etirazları davam edir.

Hindistanın Yeni Dehli şəhərində “Cockroach Janta Party” (CJP) tərəfindən təşkil olunan oturaq etiraz aksiyası zamanı Sonam Vangçuk səhnədə dincələrkən, hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən xəstəxanaya aparılıb. 18 iyul 2026-cı il.
Reuters

Etiraz aksiyalarını təşkil edən gənclərin rəhbərlik etdiyi “Cockroach Janta Party” (CJP) hərəkatının nümayəndələri hökumət təmsilçiləri ilə görüş keçirəcək. Lakin onlar danışıqların ölkə üzrə etiraz aksiyalarını dayandırmayacağını bildirirlər.

“Ümid edirik ki, hökumət açıq mövqe ilə görüşə gələcək və uzun müddətdir küçələrdə olan ölkə vətəndaşlarının səslərini dinləyəcək”, – deyə CJP-nin sözçüsü Saurav Das görüşdən əvvəl bildirib.

“Biz geri addım atmırıq. Əsl oyanış cəmiyyətin əsaslarından, yerli səviyyədən başlayır və bizim ehtiyac duyduğumuz da məhz budur”, – deyə o əlavə edib.

Onlayn başlayan hərəkat

CJP əvvəlcə onlayn satirik kampaniya kimi fəaliyyətə başlayıb. Lakin hərəkat qısa müddətdə 2014-cü ildə hakimiyyətə gələn Baş nazir Narendra Modiyə qarşı gənclərin rəhbərlik etdiyi ən böyük etiraz aksiyalarından birinə çevrilib.

Etirazların mərkəzində may ayında keçirilən və təxminən 2 milyon tələbənin iştirak etdiyi Hindistanın tibb ixtisası üzrə qəbul imtahanı ilə bağlı sualların əvvəlcədən sızdırıldığına dair iddialar dayanır.

Etirazçılar bildirirlər ki, bu hadisə imtahan sisteminə inamı zəiflədib, qaydalara uyğun hazırlaşan namizədlərə zərər vurub və ölkənin təhsil sistemində daha dərin problemləri ortaya çıxarıb.

Hindistanın Mumbay şəhərində “Cockroach Janta Party” (CJP) tərəfdarları Sonam Vangçukun aclıq aksiyası zamanı xəstəxanaya aparılmasından sonra etiraz ediblər. 19 iyul 2026-cı il.
Reuters

Hərəkat bu məsələni bir sıra tələbələrin intihar halları ilə də əlaqələndirir və təhsil naziri Dharmendra Pradhanın istefasını tələb edir.

Etirazlar paytaxtdan kənara da yayılıb. Kolkata, Pune, Ranchi və Tiruvananthapuram da daxil olmaqla bir sıra şəhərlərdə aksiyalar keçirilib. Dehlidə isə minlərlə insan gücləndirilmiş təhlükəsizlik tədbirlərinə baxmayaraq, “Jantar Mantar” etiraz meydanında qalmaqda davam edir.

Etiraz aksiyaları Dehlinin bəzi hissələrində nəqliyyatın və gündəlik fəaliyyətin dəfələrlə dayanmasına səbəb olub.

Hakimiyyət iğtişaşların qarşısını almaq məqsədilə bu həftə üçüncü dəfə mərkəzi Dehlidə metro stansiyalarını bağlayıb, bəzi ərazilərdə mobil internet xidmətlərini dayandırıb.  

Polislə etirazçılar arasında bir neçə dəfə qarşıdurma yaşanıb. Həftənin əvvəlində parlament binasına doğru keçirilən yürüş zamanı polis gözyaşardıcı qazdan və dəyənəklərdən istifadə edib. “Jantar Mantar”da keçirilən növbəti kütləvi aksiyadan sonra da qarşıdurma baş verib. Polis bir neçə əməkdaşın xəsarət aldığını bildirib.

Hökumət islahat vəd edir

Artan siyasi təzyiqlər fonunda Narendra Modi hökuməti imtahan suallarının sızdırılmasına görə məsul şəxslərin daha sərt cəzalandırılması üçün yeni qanunvericilik hazırlayır. Hökumət həmçinin bu şəxslərin mühakiməsi üçün xüsusi sürətli məhkəmələr yaratmağı planlaşdırır.

“Hindistan gənclərinin rifahı və gələcəyindən daha vacib heç nə yoxdur!” – deyə Modi “X” sosial şəbəkəsində yazıb.

Təkliflər etirazçı liderləri qane etməyib. Onların fikrincə, cəzaların sərtləşdirilməsi imtahan suallarının sızdırılmasına səbəb olan sistem problemlərini aradan qaldırmır.

 “Modi, deyin görək, Hindistanda imtahan suallarının sızdırılmasına nə səbəb olur?” – deyə CJP-nin sözçüsü Aşutosh Ranka bildirib.

“Bu ölkədə müxtəlif problemlərlə bağlı sürətli məhkəmələr yaradılır. Lakin həmin məhkəmələrin bu problemləri həqiqətən həll edib-etmədiyini həm siz bilirsiniz, həm də biz”, – deyə o əlavə edib.

İmtahanlarla bağlı qalmaqal artıq yalnız təhsil siyasəti məsələsi ilə məhdudlaşmır. Analitiklər hesab edirlər ki, bu məsələ Hindistan gəncləri arasında işsizlik, məhdud imkanlar uğrunda artan rəqabət və dövlət institutlarına inamın azalması ilə bağlı daha geniş narazılıqları əks etdirir.

Müxalifət partiyaları etirazçıların bir sıra tələblərini dəstəkləyib və parlamentin musson sessiyasının işini dəfələrlə pozublar. Bununla da yaranmış böhran Narendra Modinin üçüncü hakimiyyət dövrünün ən mühüm siyasi sınaqlarından birinə çevrilib.

Hökumət nümayəndələri ilə etirazçıların liderləri arasında keçiriləcək görüş tərəflər arasındakı fikir ayrılıqlarını aradan qaldırmaq üçün ilk rəsmi addım olacaq. Lakin etirazların davam edəcəyi fonunda böhranın qısa müddətdə həll olunacağı gözlənilmir.

 

 

Teqlər