Yurgen Klopp Almaniya millisinin baş məşqçisi təyin olunub

Yurgen Klopp Almaniya millisinin baş məşqçisi təyin olunub
Yurgen Klopp İsveçrə–Kolumbiya matçı zamanı, Vankuver, Kanada, 7 iyul 2026-cı il.
Reuters

Almaniya Futbol İttifaqı Yurgen Kloppu milli komandanın yeni baş məşqçisi təyin edib.

"Liverpul"un sabiq baş məşqçisi Yurgen Klopp Almaniya milli komandasının sükanı arxasına keçib. Təcrübəli mütəxəssis yığmaya 2030-cu ilin yayına qədər rəhbərlik edəcək.

Klopp bu postda Yulian Naqelsmannı əvəz edib. Naqelsmann Almaniyanın Dünya çempionatında penaltilər seriyasında Paraqvaya məğlub olmasından sonra istefa vermişdi. Bu ayrılıqdan sonra milli üçün əsas namizədə çevrilən Kloppun rəsmi təqdimat mərasimi Frankfurtda keçirilib.

Təqdimatda çıxış edən 59 yaşlı mütəxəssis bu vəzifənin onun üçün böyük məsuliyyət olduğunu bildirib:

“Bir vaxtlar bunun baş verəcəyini heç təsəvvür edə bilməzdim”, – deyə Klopp vurğulayıb. O, həmçinin Almaniya millisinin yüksək səviyyəli və bacarıqlı heyətə sahib olduğunu diqqətə çatdırıb.

Almaniya Futbol İttifaqının prezidenti Bernd Noyendorf da təyinatı şərh edərək Yurgen Kloppun bu vəzifə üçün ideal seçim olduğunu deyib.

Yurgen Klopp kimdir?

Əlli doqquz yaşlı Klopp məşqçilik karyerası ərzində böyük uğurlara imza atıb. O, Almaniyanın “Borussiya Dortmund” klubunu Bundesliqa çempionluğuna və Çempionlar Liqasının finalına qədər yüksəldib.

Daha sonra təxminən 10 il “Liverpul”a rəhbərlik edən almaniyalı mütəxəssis, 2019–2020-ci illər mövsümündə Mersisayd təmsilçisini Premyer Liqanın çempionu edib.

2024-cü ildə “Liverpul”dan ayrıldıqdan sonra karyerasına fasilə verən Kloppun adı bu ilin əvvəlində “Real Madrid”in baş məşqçisi postuna əsas namizədlər arasında hallanırdı.

Teqlər