BCM üzvləri Kərim Xanın gələcəyi ilə bağlı səs verəcək

BCM üzvləri Kərim Xanın gələcəyi ilə bağlı səs verəcək
Beynəlxalq Cinayət Məhkəməsinin prokuroru Kərim Xan "Reuters"ə müsahibə verir. Haaqa, 16 yanvar 2025.
Reuters

Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) üzv dövlətləri baş prokuror Kərim Xanın cinsi xarakterli qanunsuz davranış iddiaları səbəbindən vəzifədən azad edilib-edilməməsinə qərar verəcək.

Gizli səsvermə Xanın BCM rəhbərliyinə son qoya bilər. Bu qərar məhkəmənin ABŞ və İsrailin artan siyasi təzyiqləri ilə üzləşdiyi bir vaxtda qəbul ediləcək.

Əlli altı yaşlı Xan ittihamları rədd edir. Onun vəkilləri prosesin qanunsuz və ədalətsiz olduğunu, iddiaların isə sübutlarla təsdiqlənmədiyini bildirirlər.

İddialar Xanın karyerasını sual altında qoyub

"Reuters"in əldə etdiyi sənədlərə görə BCM-ə nəzarət edən qurum Xanın gənc əməkdaşlardan biri ilə uyğun olmayan münasibət quraraq ciddi qayda pozuntusuna yol verdiyini bildirib.

Həmin əməkdaş "CNN"ə müsahibəsində münasibətin razılıq əsasında olmadığını deyib. Xanın vəkilləri isə bu iddianı rədd edərək onun həmin şəxslə heç bir cinsi münasibətinin olmadığını bildiriblər.

Xan 2025-ci ilin mayında daxili araşdırma başlayarkən könüllü məzuniyyətə çıxıb, iyun ayından isə vəzifəsindən uzaqlaşdırılıb.

Kərim Xanın vəzifədən kənarlaşdırılması üçün BCM-in 125 üzv dövlətindən ən azı 63-nün dəstəyi tələb olunur. Səsvermə BMT-nin Nyu-Yorkdakı qərargahında keçiriləcək.

Fransa Xanın vəzifədən çıxarılmasına səs verəcəyini açıqlayıb. BCM-in yerləşdiyi Niderland da onun vəzifədən uzaqlaşdırılmasını dəstəkləyir.

Səsvermə güclü siyasi təzyiqlər fonunda keçirilir

İrəli sürülən ittihamlar Xanın prokuror kimi fəaliyyəti ilə bağlı deyil. Lakin səsvermə məhkəmənin Qəzza müharibəsi ilə bağlı araşdırmalarına görə ciddi tənqidlərlə üzləşdiyi bir vaxtda keçirilir.

Xan İsrailin Baş naziri Benyamin Netanyahu və keçmiş müdafiə naziri Yoav Qallant barəsində mümkün müharibə cinayətləri və insanlıq əleyhinə cinayətlərə görə həbs orderlərinin verilməsini tələb etmişdi. İsrail isə müharibə cinayətləri törətdiyi iddialarını rədd edir və məhkəmənin səlahiyyətini tanımır.

İsrail BCM-in üzvü deyil. ABŞ da məhkəməyə qoşulmayıb və İsraillə bağlı işlər, eləcə də Əfqanıstan üzrə əvvəlki araşdırmaya görə Kərim Xan da daxil olmaqla bir sıra BCM rəsmilərinə qarşı sanksiyalar tətbiq edib.

ABŞ BCM-i yenidən tənqid edib

ABŞ dövlət katibi Marko Rubio Filippinə səfəri zamanı BCM-i tənqid edərək bildirib ki, heç bir ABŞ siyasi və ya hərbi rəsmisi bu məhkəmədə mühakimə oluna bilməz.

Kərim Xanın tərəfdarları onun vəzifədən uzaqlaşdırılmasının BCM-ə qarşı siyasi təzyiqlərlə bağlı olduğunu iddia edir. Tənqidçiləri isə davranışla bağlı ittihamların onun prokuror kimi fəaliyyəti ilə əlaqələndirilməməli olduğunu bildirirlər.

BCM 2002-ci ildə fəaliyyətə başlayıb və soyqırımı, insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri və təcavüz cinayətlərinə görə məsul şəxsləri mühakimə edir. Məhkəmənin öz polis qüvvəsi yoxdur və qərarlarının icrası üçün üzv dövlətlərə güvənir.

ABŞ, Rusiya, Çin və İsrail kimi bəzi böyük dövlətlər BCM-in üzvü deyil.

Kərim Xan vəzifədən uzaqlaşdırılsa belə, mövcud həbs qərları qüvvədə qalacaq. Onların ləğvi yalnız BCM hakimlərinin qərarı ilə mümkündür.

Xan səsvermədən qalib çıxsa belə, yaranmış böhran onun nüfuzuna ciddi zərər vura və BCM-in müstəqilliyi ilə bağlı müzakirələri daha da gücləndirə bilər.

Teqlər