BMT-nin baş katibi postuna namizədlər əsas səsvermə öncəsi dəyişiklik vədləri verib

BMT-nin baş katibi postuna namizədlər əsas səsvermə öncəsi dəyişiklik vədləri verib
BMT baş katibi vəzifəsinə namizədlər BMT Baş Qərargahında debatda iştirak edir. Nyu-York, 23 iyul 2026.
Reuters

Birləşmiş Millətlər Təşkilatının (BMT) növbəti baş katibi olmaq uğrunda mübarizə aparan altı namizəd təşkilatın nüfuzunun bərpası, çoxtərəfliliyin gücləndirilməsi və BMT-də islahatların aparılması ilə bağlı mövqelərini açıqlayıblar.

Namizədlər gələn həftə keçiriləcək mühüm Təhlükəsizlik Şurası (TŞ) səsverməsi öncəsi iyulun 23-də ilk açıq debatda çıxış ediblər.

BMT baş katibi vəzifəsi uğrunda mübarizə aparan namizədlər təşkilatın münaqişələrin qarşısının alınmasındakı rolunun gücləndirilməsinin vacibliyini vurğulayıblar. Onlar həmçinin çoxtərəfliliyə inamın bərpasının zəruri olduğunu qeyd ediblər.

Debat artan geosiyasi gərginlik və maliyyə çətinlikləri fonunda BMT-nin fəaliyyətinin daha səmərəli təşkil olunmasına həsr olunub.

Namizədlərin əsas mövqeləri

Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) baş direktoru Rafael Grossi bildirib ki, yalnız bəyanatlar kifayət deyil. O, münaqişələrin əsas səbəblərinin aradan qaldırılması və BMT ilə üzv dövlətlər arasında yeni razılaşmanın əldə edilməsinin vacibliyini vurğulayıb.

BMT-nin Ticarət və İnkişaf üzrə Konfransının (UNCTAD) keçmiş baş katibi və Kosta-Rikanın sabiq vitse-prezidenti Rebeca Grynspan bildirib ki, BMT insanların etimadını yenidən qazanmalıdır. Onun sözlərinə görə, əsas məqsəd insanların artıq “BMT haradadır?” sualını verməyəcəyi bir vəziyyət yaratmaqdır.

Çilinin sabiq prezidenti, BMT Qadınlar Agentliyinin və BMT-nin Qaçqınlar üzrə Agentliyinin keçmiş rəhbəri Michelle Bachelet bildirib ki, BMT baş katibi vəzifəsinə seçilsə, müstəqilliyi qoruyacaq. O, həmçinin güclü dövlətlərin təzyiqinə qarşı dayanacağını vəd edib.

BMT Baş Assambleyasının sabiq prezidenti  María Fernanda Espinosa təşkilatın münaqişələrin qarşısını almaq və mülki əhalini qorumaq imkanlarının bərpa olunmasına diqqət çəkib.

Seneqalın sabiq prezidenti Macky Sall beynəlxalq maliyyə sistemində islahatların aparılmasının və qlobal tərəfdaşlıqların gücləndirilməsinin vacibliyini vurğulayıb.

Qayananın BMT-də daimi nümayəndəsi Carolyn Rodrigues-Birkett baş katibin neytrallığının və tövsiyələr vasitəsilə təsir imkanının önəmini qeyd edib.

Yarışda Latın Amerikasının üstünlüyü

Altı namizəddən beşi Latın Amerikası və Karib hövzəsi regionundandır. Bu, üzv dövlətlər arasında növbənin həmin regiona çatdığına dair geniş yayılmış fikri əks etdirir.

Müsabiqə, həmçinin BMT-nin 80 ildən çox tarixində ilk dəfə qadının baş katib seçilməsi ilə bağlı çağırışları yenidən gündəmə gətirib.

Debatın yekunlarına dair xülasəyə görə, namizədlərdən heç biri açıq üstünlük qazana bilməyib. Bununla belə, Grossi, Qrynspan və Baçelet ən çox adı hallanan namizədlər hesab olunur.

Tədbirin məqsədi indiyədək beynəlxalq ictimaiyyətin məhdud diqqət göstərdiyi seçki prosesi barədə məlumatlılığı artırmaq olub.

Gizli səsvermə gələn həftə keçiriləcək

Seçim prosesinin növbəti mərhələsi qapalı şəkildə keçiriləcək. BMT TŞ-nin 15 üzvü iyulun 30-da ilk gizli sınaq səsverməsini keçirəcək.

Xülasədə qeyd olunur ki, bir çox üzv dövlət artan böhranların həlli üçün həm siyasi təsirə, həm də səmərəli idarəçilik bacarığına malik liderə ehtiyac olduğunu düşünür. Lakin bəzi böyük dövlətlər öz maraqlarına açıq şəkildə qarşı çıxmayacaq baş katibə üstünlük verə bilər.

TŞ-nin tövsiyəsi nəticədə hazırkı BMT rəhbərini əvəz edəcək şəxsi müəyyənləşdirəcək.

 

Teqlər