Ukraynanın sabiq müdafiə nazirinə İtaliyada müşavir vəzifəsi təklif olunub

Ukraynanın sabiq müdafiə nazirinə İtaliyada müşavir vəzifəsi təklif olunub
Ukraynanın müdafiə naziri Mikaylo Fedorov Kiyevdə keçirilən birgə mətbuat konfransında çıxış edir, Ukrayna, 1 iyul 2026.
Reuters

İtaliyanın müdafiə naziri Quido Krosetto Ukraynanın vəzifədən azad edilən müdafiə naziri Mixaylo Fedorova  müşavir vəzifəsi təklif edib.

Ukraynanın müdafiə naziri Mixaylo Fedorov Volodimir Zelenskinin qərarı ilə cəmi altı ay vəzifədə olduqdan sonra istefaya göndərilib. Qərarın Fedorovla Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Aleksandr Sırski arasında yaranan fikir ayrılığı ilə bağlı olduğu bildirilir.

Onların əsas fikir ayrılığı Ukraynanın müharibəni necə aparmalı olması ilə bağlı olub. Tənqidçilər bildirirlər ki, Sırski ənənəvi hərbi yanaşmaya üstünlük verir, Fedorov isə texnologiya və innovasiyalara əsaslanan müharibə strategiyasını müdafiə edirdi.

Fedorovun rəhbərliyi dövründə Ukraynanın yerli dron istehsalı artırılıb, Rusiya qüvvələrinin qanunsuz istifadə etdiyi “Starlink” terminallarının qarşısının alınması üçün addımlar atılıb və hərbi əməliyyatların təhlili sistemi tətbiq edilib.

O, həmçinin hərbçilərin maaşlarının artırılmasını, yeni müqavilə sisteminin yaradılmasını və xidmətdən yayınma halları ilə bağlı tədbirləri təşviq edib.

İtaliyanın müdafiə naziri Fedorovu hərbi innovasiyaların əsas simalarından biri adlandırıb. Krozsetto onun “döyüş meydanında oyunun qaydalarını dəyişən insanlardan biri” olduğunu bildirib.

Onun sözlərinə görə, Fedorov yeni texnologiyalar vasitəsilə Ukraynanın Rusiyanın işğalına qarşı mübarizəsində mühüm rol oynayıb.

Fedorova yeni vəzifə təklifləri

Fedorovun istefasından sonra Zelenski ona hökumətdə baş nazir müavini və hərbi innovasiyalar üzrə məsul vəzifə təklif edib.

Lakin Fedorov bu təklifi qəbul etməyib. O bildirib ki, başqa heç bir vəzifə ona müdafiə sahəsində islahatları davam etdirmək və korrupsiya ilə mübarizə aparmaq üçün kifayət qədər səlahiyyət verməyəcək.

Bundan sonra Krosetto ona İtaliyada müşavir kimi işləməyi təklif edib.

“Mən onunla vəzifədən azad edilməsindən bir gün sonra danışdım və dedim: Romaya nə vaxt gəlmək istəyirsən? Mənimlə müşavir kimi işləyə bilərsən”, – Krosetto bildirib.

Onun sözlərinə görə, Fedorov bu təklifi hörmət və dostluq göstəricisi kimi qəbul edib.

Ukraynada istefaya reaksiyalar

Fedorovun istefası Ukraynada narazılıq yaradıb. Onun tərəfdarları hesab edirlər ki, o, müdafiə nazirliyində mühüm dəyişikliklərə başlayıb və korrupsiyanın azaldılmasına kömək edib.

Tənqidçilər isə qərarın müharibə dövründə riskli olduğunu və başlanmış islahatların yarımçıq qala biləcəyini bildiriblər.

Etirazlardan sonra Aleksandr Sırski də vəzifəsindən azad edilib. Onun yerinə general-mayor Mixaylo Drapatıy Ukrayna Silahlı Qüvvələrinin baş komandanı təyin olunub.

Teqlər