İndoneziya Prezidentinin reytinqi iqtisadi problemlər fonunda kəskin şəkildə azalıb

İndoneziya Prezidentinin reytinqi iqtisadi problemlər fonunda kəskin şəkildə azalıb
İndoneziya Prezidenti Prabovo Subianto İndoneziyanın Karavanq şəhərində keçirilən mərasimdə, 9 iyul, 2026
Reuters

İndoneziyada Prezident Prabovo Subiantoya olan ictimai dəstək azalıb. Buna səbəb ölkənin iqtisadi vəziyyəti ilə bağlı narahatlıqlardır. Yeni sorğuya əsasən, 2026-cı ilin iyulunda onun fəaliyyətini dəstəkləyənlərin sayı 51,1 faizə düşüb.

“Saiful Mujani Research and Consulting” araşdırma təşkilatının keçirdiyi sorğuya görə, Prabovonun reytinqi əvvəlki göstəricilərlə müqayisədə xeyli azalıb. 2025-ci ilin noyabrında onun dəstək səviyyəsi 81,2 faiz olub. Fevralın sonu ilə martın əvvəlləri arasında keçirilən sorğuda isə bu göstərici 66,4 faizə düşüb.

Araşdırma təşkilatının icraçı direktoru Deni İrvaninin sözlərinə görə, prezidentin fəaliyyətindən məmnunluğun azalmasının əsas səbəbi əhalinin ölkədə iqtisadi vəziyyətin pisləşməsi ilə bağlı narahatlığıdır.

Sorğuda iştirak edənlərin təxminən yarısı - 49,4 faizi İndoneziyanın iqtisadi vəziyyətini mənfi qiymətləndirib. İqtisadiyyatın yaxşı vəziyyətdə olduğunu deyənlərin sayı isə 15,7 faiz olub. Bu göstərici 2025-ci ilin noyabrında 40 faiz təşkil edib.

Sorğu nəticələri bəzi iqtisadçıların irəli sürdüyü fikirləri təsdiqləyir. Onlar hesab edirlər ki, rəsmi iqtisadi artım göstəriciləri insanların gündəlik maliyyə vəziyyətini hər zaman əks etdirmir.

Sorğu, həmçinin göstərib ki, siyasi vəziyyət və hüquq-mühafizə orqanlarının fəaliyyəti ilə bağlı narazılıqlar da Prabovonun reytinqinin azalmasına təsir edib.

Respondetlərin 42,8 faizi Prabovonun siyasi fəaliyyətini mənfi qiymətləndirib. Bu göstərici noyabrda 23 faiz olub. Onun siyasətini dəstəkləyənlərin sayı isə 35,8 faizdən 13,5 faizə düşüb.

Hüquq-mühafizə sahəsində də ictimai rəydə mənfi tendensiya müşahidə olunub. Respondentlərin 37,6 faizi bu sahədə vəziyyətdən narazı olduğunu bildirib.

Sorğu iyulun 5-dən 19-dək 749 nəfər arasında keçirilib.

Prabovo Subianto 2024-cü ilin oktyabrında keçirilən ümumi seçkidə böyük üstünlüklə qalib gəldikdən sonra prezident vəzifəsinin icrasına başlayıb.

Seçki kampaniyası zamanı o, korrupsiyaya qarşı mübarizə aparacağını vəd edib. Həmçinin illik ümumi daxili məhsul artımını təxminən 5 faizdən 8 faizə yüksəldərək ölkənin iqtisadi imkanlarını genişləndirəcəyini bildirib.

Lakin dövlət başçısı bir sıra çətinliklərlə qarşılaşıb. Bunlara milli valyutanın zəifləməsi, fond bazarında zəif göstəricilər, dövlət xərcləri və Mərkəzi Bankın müstəqilliyi ilə bağlı suallar daxildir.

Bundan başqa, Prabovonun əsas seçki vədlərindən biri 2025-ci ilin yanvarında başladılan ümummilli pulsuz yemək proqramı olub.

Lakin proqram fəaliyyətə başladıqdan sonra bir sıra problemlərlə üzləşib və onun büdcəsi iki dəfə azaldılıb.

Büdcə ixtisarlarına baxmayaraq, İndoneziyanın büdcə kəsirinin bu il ümumi daxili məhsulun 2,85 faizinə yüksələcəyi gözlənilir. Bu isə hökumətin iqtisadi artımı qorumaq və ictimai dəstəyi saxlamaq səylərinə əlavə təzyiq yaradır.

Teqlər