Belçikada iyun istiləri zamanı rekord ölüm artımı qeydə alınıb

Belçikada iyun istiləri zamanı rekord ölüm artımı qeydə alınıb
Avropanı bürüyən istilər zamanı qocalar evinin sakinləri sərinləyir, Belçikanın Qrimbergen şəhəri, 30 iyun, 2025
Reuters

İyunun sonunda Avropanı bürüyən istilər zamanı qitədə ən yüksək artıq ölüm göstəricisi Belçikada qeydə alınıb. Bu barədə Belçikanın səhiyyə institutu “Sciensano” Avropa üzrə ölüm hallarına nəzarət sistemi “EuroMOMO”ya istinadən məlumat verib.

 

Belə ki, iyun və iyulun ilk günlərində 2 mindən çox əlavə ölüm halı qeydə alınıb. Nəticədə artıq ölüm göstəricisi 48 faizə çatıb.

Bu göstərici temperaturun təxminən eyni olduğu Fransa və Niderlandla müqayisədə xeyli yüksək olub. Həmin ölkələrdə artıq ölüm göstəricisi müvafiq olaraq 23 faiz və 13 faiz təşkil edib.

Mütəxəssislər bildirirlər ki, ölüm hallarının artımında sosial-iqtisadi və regional amillər rol oynayıb. Həmçinin, yoxsul və əhalinin sıx məskunlaşdığı ərazilər təhlükəli istilərə daha çox məruz qalıb.

“Sciensano” institutunun iyunun 18-dən iyulun 1-dək olan dövr üzrə məlumatlarına görə, Flandriya bölgəsində də ölüm halları 31 faiz artıb. Valloniya bölgəsi isə istilərdən daha çox təsirlənib.

Bu nəticələr Avropa şəhərlərinin və səhiyyə sistemlərinin isti havalara daha yaxşı hazırlaşmalı olduğunu göstərib. Mütəxəssislər bildirirlər ki, iqlim dəyişikliyi ilə əlaqədar ekstremal hava şəraiti getdikcə daha şiddətli xarakter alır.

Teqlər