Börnhem Birləşmiş Krallığın Ukraynaya dəstəyini bir daha təsdiqləyib

Börnhem Birləşmiş Krallığın Ukraynaya dəstəyini bir daha təsdiqləyib
Birləşmiş Krallığın Baş naziri Endi Bernhem Ukrayna Prezidenti Volodimir Zelenski ilə Portsmut Hərbi Dəniz Bazasında görüşür, Birləşmiş Krallıq, 27 iyul 2026-cı il.
Reuters

Birləşmiş Krallığın Baş naziri Endi Börnhem və Ukrayna Prezidenti Volodimir Zelenski Portsmutdakı Kral Hərbi Dəniz Qüvvələrinin bazasına səfər ediblər. Onlar “Sea Breeze” təlimində iştirak edən Birləşmiş Krallıq və Ukrayna hərbçiləri ilə görüşüblər.

Ukraynaya dəstək

Bu il təlimdə 200-dən çox ukraynalı hərbçi iştirak edib. Təlim dəniz imkanlarının gücləndirilməsi və mina təhlükəsinə qarşı əməliyyatların təkmilləşdirilməsinə yönəlib.

Börnhem bildirib ki, Birləşmiş Krallıq uzunmüddətli və ədalətli sülh əldə edilənədək Ukraynaya dəstəyini davam etdirəcək.

“Volodimir, biz sənin yanındayıq. Mənə və bizə arxalana bilərsən”, - Baş nazir deyib.

Zelenski isə iki ölkə arasındakı münasibətlərin indiyədək ən güclü səviyyədə olduğunu bildirib. O, bu əlaqələrin müharibədən sonra da davam edəcəyinə ümidini ifadə edib.

Müdafiə sahəsində əməkdaşlıq

Tərəflər Britaniyada hazırlanmış “Stone Cloak” elektron mübarizə sistemini də müzakirə ediblər. Sistem dronların düşmənin hava hücumundan müdafiə vasitələri tərəfindən aşkarlanmasının qarşısını almaq üçün nəzərdə tutulub.

Birləşmiş Krallıq bu texnologiyanı Ukrayna ilə bölüşüb. Nəticədə Ukrayna bu sistemləri ölkə daxilində istehsal edə bilir. Artıq minlərlə belə qurğu Ukrayna qüvvələrinə təqdim edilib.

Börnhem bildirib ki, bu avadanlıq Ukraynaya hədəfləri vurmağa və insanların həyatını qorumağa kömək edəcək.

Baş nazir tam və qeyd-şərtsiz atəşkəsə nail olmaq üçün səylərin davam etdiriləcəyini deyib. O vurğulayıb ki, istənilən danışıqlarda Ukrayna iştirak etməli, Avropanın da güclü mövqeyi olmalıdır.

Baş nazirin ofisinin məlumatına görə, Birləşmiş Krallıq 2022-ci ilin fevralından bəri Ukraynaya azı 33 milyard dollar yardım ayırıb. Bunun 21 milyardı hərbi ıməqsədlər üçündür.

Teqlər