Teyt qardaşlarının vəkili: "Hüquqi proses təzyiq alətinə çevrilib"

Teyt qardaşlarının vəkili: "Hüquqi proses təzyiq alətinə çevrilib"
Rumıniyaya qayıdan Tristan və Endryu Teyt Buxarest yaxınlığındakı evlərinin qarşısında mətbuata bəyanat verirlər,22 mart 2025-ci il
Reuters

Endryu və Tristan Teytin vəkili ABŞ rəsmilərini qardaşlara təzyiq göstərmək üçün hüquqi prosesdən istifadə etməkdə ittiham edib.

 

Həm ABŞ, həm də Böyük Britaniya vətəndaşı olan Teyt qardaşları iyulun 18-də Mayamidə saxlanılıblar. Onlar Böyük Britaniyanın ekstradisiya tələbi ilə bağlı hüquqi proses başa çatanadək nəzarət altında qalırlar.

Böyük Britaniya onları zorlama, fiziki zorakılıq və cinsi istismar məqsədilə insan alverinə şərait  yaratmaq ittihamları ilə məhkəmə qarşısına çıxarmaq istəyir. Teyt qardaşları isə    barələrində irəli sürülən bütün ittihamları rədd edirlər.

Vəkil verilən qərara etiraz edir

Bazar ertəsi Mayamidə federal məhkəmə binasının qarşısında çıxış edən vəkil Cozef Makbrayd bildirib ki, ekstradisiya prosesi onun müvəkkillərini məhkəmə hökmü olmadan azadlıqdan məhrum etmək üçün istifadə olunur.

"Onlar qardaşlara təzyiq göstərmək məqsədilə həm məhkəmə prosesini uzadır, həm də onları həbsdə saxlayırlar. Günahsız insanı, hətta istənilən şəxsi uzun müddət təkadamlıq kamerada saxladıqda onun psixoloji vəziyyəti pisləşməyə başlayır", – deyə Makbrayd bildirib.

Teyt qardaşlarının vəkili Cozef D. Makbrayd Mayamidə jurnalistlərə açıqlama verir.
Reuters

Həmçinin Makbrayd qeyd edib ki, vəkillər qardaşların təkadamlıq kameradan köçürülməsi və ən qısa müddətdə hakim önünə çıxarılması üçün bütün hüquqi addımları atacaqlar.

Vəkil həmçinin ittihamları əsaslandıran sübutları şübhə altına alaraq, prokurorların kifayət qədər təsdiqləyici dəlil təqdim edə bilmədiyini bildirib.

Endryu Teyt saxlanma şəraitindən şikayət edir

Endryu Teyt X platformasındakı paylaşımında xüsusi bölmədə saxlanıldığını və təmiz içməli su ilə yetərincə təmin olunmadığını bildirib.

 

O qeyd edib ki, hazırki şəraitdə içməli suyun yeganə mənbəyi duş kranıdır və bu su onda davamlı mədə problemləri yaradır. "Mən hüququmu tələb edirəm"  - deyə Teyt bildirib.

Müdafiə tərəfinin vəkili Jaklin Perçek bildirib ki, qardaşlar avqustun 5-dək azadlığa buraxılmaları üçün məhkəməyə vəsatət verəcəklər. Bu məsələ üzrə məhkəmə iclası avqustun 13-nə təyin edilib.

Teyt qardaşlarının Böyük Britaniyaya ekstradisiyasını müəyyən edən hüquqi proses aylarla davam edə bilər. Məhkəmə sənədlərinə görə Britaniya ekstradisiya sənədlərini sentyabrın 16-dək ABŞ Dövlət Departamentinə təqdim etməlidir.

Ekstradisiya ilə bağlı yekun qərarı isə ABŞ dövlət katibi Marko Rubio verəcək.

ABŞ dövlət katibi Marko Rubio iyulun 22-də jurnalistlərə bildirib ki, hələlik bu işə müdaxilə etməyi planlaşdırmır.

O vurğulayıb: "İndiki məqamda, bəlkə də heç vaxt bizim bu prosesdə hər hansı bir iştirakımız olmayacaq".

Teqlər