Nigeriyada kəndə silahlı basqın zamanı azı 30 sakin öldürülüb

Nigeriyada kəndə silahlı basqın zamanı azı 30 sakin öldürülüb
Kadunada silahlı hücumdan zərər çəkən şəxs xəstəxanada. Nigeriya, 27 iyul 2026-cı il.
Reuters

Nigeriyanın şimal-qərbindəki Kaduna ştatında silahlı şəxslərin kəndə hücumu nəticəsində azı 30 nəfər həlak olub. Yerli sakinlər bu faciənin ölkədə dərinləşən təhlükəsizlik böhranının növbəti göstəricisi olduğunu bildiriblər.

Sakinlərin sözlərinə görə, hücum edənlər bazar ertəsi gecə yarısına yaxın Kauru yerli özünüidarəetmə bölgəsində yerləşən Naridon kəndinə basqın ediblər. Onlar mülki insanlara fərq qoymadan atəş açıb, daha sonra evləri yandırıblar.

Kənd icma rəhbərinin katibi Doqon Rana silahlıların yaşayış məntəqəsi boyunca nizamsız atəş açaraq böyük dağıntılar törətdiyini deyib. O, ölənlər arasında azı 8 uşağın olduğunu, bir neçə nəfərin isə yaralandığını bildirib.

Güllə yaraları alan və hazırda xəstəxanada müalicə olunan zərərçəkənlərdən biri — Komfort Mandi hücumda fulani silahlılarını təqsirləndirib:

“Kəndimizə gəlib adamlarımızı öldürənlər fulani qəbiləsinin nümayəndələridir. Onlar 30 nəfəri qətlə yetirdilər. Gördüyünüz kimi, bizdən beş nəfər də xəstəxanaya yerləşdirilib”.

Digər kənd sakini İşaya Dava qurbanların çoxunun qadınlar, uşaqlar və yaşlılar olduğunu diqqətə çatdırıb. O əlavə edib ki, bəzi sakinlər soyuq silahlarla qətlə yetirilib, digərləri isə açılan atəş nəticəsində həyatını itirib. Cəsədlərdən bir neçəsi artıq yerli morqa təhvil verilib.

Davanın sözlərinə görə, hücumçular kənddən qaçmazdan əvvəl evləri yandırıblar. Təhlükəsizlik qüvvələri isə hadisə yerinə yalnız bir neçə saat sonra — cinayətkarlar ərazidən uzaqlaşdıqdan sonra gəliblər.

Kaduna ştatı polisinin mətbuat katibi Mənsur Həsən rəsmi qurumların hadisə ilə bağlı əlavə təfərrüatları təqdim edəcəyini bildirsə də, hələlik tələfatla bağlı rəsmi rəqəm açıqlanmayıb.

Hücuma görə məsuliyyəti hələlik heç bir qrup üzərinə götürməyib.

Silahlı dəstələrin və cinayətkar qruplaşmaların törətdiyi zorakılıqlar Nigeriyanın şimal-qərb və şimal-mərkəzi regionlarında əsas təhlükəsizlik problemi olaraq qalır. Bu ərazilərdəki kəndlər tez-tez qətllər, adam oğurluğu və yandırma halları ilə müşayiət olunan basqınlara məruz qalır.

Eyni zamanda, ölkənin şimal-şərqində “Boko Haram” və onun parçalanmış qolu olan “İslam Dövlətinin Qərbi Afrika Əyaləti” (ISWAP) qruplaşmasının başçılıq etdiyi uzunmüddətli qiyam davam edir. Lakin Kaduna ştatındakı son hücumda bu qrupların əli olduğuna dair hər hansı sübut yoxdur.

Teqlər