Malayziya hakimiyyəti 100-dən çox rohincalı qaçqını azadlığa buraxıb

Malayziya hakimiyyəti 100-dən çox rohincalı qaçqını azadlığa buraxıb
Rohinca qaçqınları Malayziyanın Kuala Lumpur şəhərində yaşadıqları evlərdən çıxarıldıqdan sonra polis tərəfindən aparılır. 27 iyul 2026.
Reuters

Malayziya hakimiyyəti bu həftənin əvvəlində saxlanılan rohincalı 109 müsəlmanı azad edib. Onlar ölkənin müxtəlif bölgələrinə göndərilib.

Polis iyulun 27-də Kuala Lumpurda BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının qarşısında yardım tələb etmək üçün toplaşan qaçqınları saxlayıb. Qaçqınlar Penanq ştatında yaşadıqları evlərdən çıxarıldıqlarını bildiriblər.

Kuala Lumpur polis rəisi Fadil Marsus bildirib ki, qaçqınlar komissarlığın və qeyri-hökumət təşkilatlarının müəyyən etdiyi Kuala Lumpur, Selanqor və Penanq bölgələrindəki yerlərə göndərilib.

Onun sözlərinə görə, bu yerlər qaçqınların həmin ərazilərdə yaşayan tanışları və qohumları nəzərə alınaraq seçilib.

BMT-nin Qaçqınların Statusu haqqında Konvensiyasına qoşulmayan Malayziya sığınacaq axtaran şəxslərə qanunsuz miqrant kimi yanaşır. Buna baxmayaraq, ölkə uzun illərdir Myanmada təqiblərdən qaçan Rohinca müsəlmanları üçün əsas sığınacaq yerlərindən biri olub.

Rohinca qaçqınları yaşadıqları evlərdən çıxarıldıqdan sonra BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Kuala Lumpur şəhərindəki ofisinin qarşısında toplaşıblar. Malayziya, 27 iyul 2026.  

Reuters

Malayziyanın Xarici İşlər Nazirliyi iyulun 28-də bildirib ki, komissarlığın ölkədə fəaliyyətini davam etdirib-etdirməməsi nəzərdən keçirilməlidir. Nazirlik bunun üçün qurumun qaçqın sənədlərinin verilməsinə daha sərt nəzarət etməli olduğunu qeyd edib.

Son aylarda Malayziyadakı Rohinca qaçqınları onlayn nifrət nitqi və dezinformasiyanın yayılması fonunda artan təzyiq və yoxlamalarla üzləşiblər.

Teqlər